“Banklar arxası üstə çevrilmiş tısbağaya bənzəyir”

493

“Bankların bağlanması məsələsi bundan sonra da davam edəcək, ola bilsin yaxın gələcəkdə bir neçə bankın lisensiziyası ləğv olunacaq”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov “Yeniavaz.com”a açıqlamasında dedi. Onun sözlərinə görə, Azərbaycanda bankların inkişafı 2000-ci illərdən ölkəyə neft vəsaitlərinin daxil olmasından sonra başlayıb: “SSRİ-nin dağılması insanların banklarda qoyduğu əmanətinin batması, banklara olan inamı azaltmışdı. İnsanların inamını qazanmaq üçün uzun bir dövr lazım oldu. Yeni-yeni formalaşmağa başlayan bank sektoru 2014-ci ildə neftin qiymətinin ucuzlaşması ilə ölkə iqtisadiyyatında yaranan problemlər fonunda çox ciddi zərbə dalğası ilə üzləşdilər. Təbii ki, burada təcrübəsiz bank sektorunun olması, eyni zamanda rəqabətin zəif inkişaf etməsi, məmur banklarının mövcudluğu kimi yüzlərlə fundamental səbəblər bank sektorunda hazırki gərgin vəziyyəti yaratmış oldu. Hazırda bank sektoru problemin “bal ayı” dövrünü yaşayır. Bundan sonrakı dövrlər proseslər daha da dərinləşəcək. Çünki əhali bank öhdəliklərini yerinə yetirmə qabiliyyətini günü-gündən itirir və problemli kreditlərin həcmi artır. Əvvəlki dövr ərzində banklar problemli kreditlərin həll olunması üçün bir sıra cəhdlər göstərdilər, lakin heç bir hal özünü doğrultmadı, faktiki olaraq banklarda olan problemli kreditlərin miqdarı getdikcə artmaqda davam edir. Bankların problemli kredit portfeli artıqca reytinqlər azalır, bankların xərci çoxalır. Son 10 il üçün statistik təhlillər aparan zaman aydın olur ki, bankın əldə etdiyi 100 manat gəlirin 74 manatı kredit faizləri yolu ilə əldə olunub. Hazırda demək olar ki, banklar kreditləşməni dayandırıblar, çünki həm risklidi, həm də aktiv likvidləri yoxdur. Belə olan halda fakt odur ki, banklar zərərlə işləyir. Bir çox banklar hesabatlarını açıqlamadığı üçün məlumatların düzgün müqayisə edilməsində çətinliklər ortaya çıxır, ancaq buna baxmayaraq əvvəl qeyd etdiyim kimi, yaxın vaxtlarda bir neçə bankın bağlanma ehtimalı böyükdür”.
“Əksər hallarda ödəniş qabiliyyəti olan vətəndaşlar da ödəniş etmirlər”
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, banklar kredit siyasətinə yenidən baxmalıdır, həmçinin kreditlərin verilməsində, həm də faizlərlə bağlı bankların hansısa addım atmasına ehtiyac var: “Söhbət hazırki portfelin xilasından gedir. Banklar devalvasiyalar baş verən zaman biz banklara müxtəlif istiqamətyönlü təkliflərlə bir-neçə dəfə çıxış etdik. Banklar düşünməli idi ki, hansısa formada vətəndaşlar üçün praktiki olaraq yollar təklif etməlidirlər. Məsələn, müəyyən güzəşt mexanizmləri hazırlayıb təqdim edə bilərdilər. Çünki əks halda vətəndaşların ödəmə qabiliyyəti zəiflədikcə, ödəniş planını yerinə yetirə bilmədikcə bu proses kütləviləşir. Əksər hallarda ödəniş qabiliyyəti olan vətəndaşlar da ödəniş etmirlər, “nə üçün krediti ödəyim” kimi yanaşma ortaya çıxır. Belə situasiyaların fonunda proses getdikcə çətinləşir. Həmçinin psixoloji məsələlər də var. Əgər bir müştəri ilk əvvəl ödəniş üçün cəhdlər edirsə, şəxsi işlərində müəyyən problem baş verib və ödəmə qabiliyyətini itiribsə, bu halda daha o cəhdləri etmir, artıq vəziyyətə alışır. Belə hallar banklar üçün problemli kredit portfelinin artmasına gətirib çıxarır. Vaxtında banklar addımlar atmalı olduqları halda etmədilər. Bundan sonra hansısa addımların atılmasını mən gecikmiş bir addım sayıram”.
İqtisadçı ekspert Akif Nəsirli onu da qeyd etdi ki, bankların palataya təqdim etdiyi hesabatlar açıq olmadığına görə konkret demək olmaz ki, hansı və neçə bank bağlanma təhlükəsi ilə üzbəüzdür: “Azərbaycanda bir sıra bankların kapital problemi var. Bilirsiniz ki, hər bir bankın əlli milyon nizamnamə kapitalı olmalıdır. Kapitalı o səviyyəni keçməyən banklar var, amma nədənsə Maliyyə Bazarlarına Nəzarət Palatası o bankları bağlama qərarına gəlmir. Yəni Azərbaycan banklarının çoxunun müflis elan edilməsi realdır. 10-12 bankdan başqa digər bankların bağlanması haqqında qərar vermək indiki vəziyyətdə mümkündür. Bu Hesablama Palatasının işidir, bizə, ictimaiyyətə açıqlanmır ki, filan bank müflis edilməlidir, ancaq edilmir. Hətta orada sual verəndə də sualdan yayınırlar”.
Müsahibimiz əhalinin banklara olan güvənin azalması məsələsinə də toxundu: “Əhalidə banklara etibarın artma məsələsi indiki şəraitdə təkcə banklardan asılı deyil. Bunun üçün birincisi dayanıqlı maliyyə sferası yaradılmalıdır. Manat günbəgün dəyərin itirir. Azərbaycan vətəndaşı hansı ağılla aparıb banka vəsaitini əmanət kimi yatırtmalı olsun ki…? Yenə də deyirəm, bu təkcə banklarla bağlı olan məsələ deyil, ölkənin iqtisadi siyasəti ilə birbaşa əlaqəli prosesdir. Maliyyə dayanıqlığı olmalıdır, manatın sabitləşməsi prosesi getməlidir, sonrakı məsələ bankların üzərinə düşən misiyya nədir – onları yerinə yetirilməlidir. Banklar qəbul etdikləri əmanətləri sığortalamalıdır, kreditləşmədə faizlər aşağı salınmalıdır və s. Ancaq bunların hamısının başında maliyyə dayanıqlılığı və valyutanın konvertasiya qabiliyyəti durur. Azərbaycan vətəndaşında o qədər sərbəst valyuta yoxdur ki, xarici valyuta ilə əmanət yatırtsın. Bu əmanətləri də situmullaşdıranda artıq manat kölgədə qalır. Banklar artıq arxası üstə çevrilmiş tısbağaya bənzəyir. Hazırki vəziyyət hökm sürdükdə bankların vəziyyətini dəqiq qiymətləndirmək çətindir”.
Ruzbeh Məmməd