Balığı at dəryaya…

3702

İnsanlara qarşı xeyirxah davranışın mayasında təmənnasızlıq dayanır. Bu təmənnasızlıq anlayışı əslində birmənalı başa düşülməməlidir. Belə ki, insanın niyyəti elə onun təmənnası deməkdir. Bu mənada insan təmənnasız ola bilməz, ancaq baxır kimdən təmənna umursan və umduğun, istədiyin nədir… Buna görə də insana (və ya insanlara) qarşı təmənnasız olmağın yolu təmənnanın ancaq və ancaq Allahdan (c.c.) olmasıdır. Əslində bütün mənəvi dəyərlərin də təməlində elə bu keyfiyyət dayanır.

İnsan etdiyi yaxşılığı unutmalı, gördüyü yaxşılığı isə yaddan çıxarmamalıdır. Hər kəs əmin olmalıdır ki, heç bir əməli boşa getmir. Bir zərrə yaxşılığın da əvəzi var, bir zərrə pisliyin də. Etdiyin yaxşılığı unutmaq onu bütöv gələcəyə, daha doğrusu gedəcəyin yerə göndərməkdir. Çünki bizim unutduğumuz yaxşılıqları Allah unutmaz.

Yaxşılığı başa qaxmaq, “Filan vaxt mən sənin üçün filan işi gördüm, ancaq sən bunun qiymətini bilmədin” demək isə qazandığını itirməkdir. Əgər bir insan, həqiqətən də, Allah rizası üçün çırpınırsa, bu məsələdə çox həssas olmalıdır. Ola bilsin ki, səndən yaxşılıq görən adam nə vaxtsa və ya hansı səbəbləsə sənə pislik etsin, bu məqamda belə əsas məsələ təmkinli davranmaq, etdiyin yaxşılığı başa qaxmamaqdır.

Təbii ki, bunun da təməlində yenə başqa bir niyyət durur. Əgər sən birinə yaxşılığı Allah rizası üçün edirsənsə və sənin etdiklərin Allah rizasına uyğundursa, bu o deməkdir ki, kimin rizasını istəmisənsə, dərdini də ona deməli, əməlinin əvəzini də ondan istəməlisən…

Qarşıdakı adam sənin yaxşılığını yerə vurdu, ona xəyanətlə cavab verdi, bunu başa düşürük, ancaq hər birimiz onu da başa düşməliyik ki, sənin niyyətin, sənin təmənnan insandan deyil, Allahdandırsa, Allah heç vaxt sənin əməlini əvəzsiz qoymaz.

Bütün bu dediklərimiz çox yüksək insani dəyərlərdir və insan özünütərbiyə yolunda bu yoldan keçərək mənəvi yüksəkliyə yetişməlidir. Hər yaşda tərbiyə var. İnsan bu deyilənləri öz həyatına tətbiq edə-edə əxlaqını gözəlləşdirir, əvvəlcə özünü, sonra da ona göz qoyanları, onu örnək alanları tərbiyə edir.

Folklorumuzda qızıla tutulmağa layiq çox gözəl bir söz var: “Sən yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Elə düşünürük ki, bu qədər açıq və gözəl ifadə olunmuş bu sözün əlavə şərhə ehtiyacı yoxdur. Sadəcə olaraq onu xatırlatmaq istəyirik ki, tərbiyə etmək istəyən əvvəlcə tərbiyə olmağa çalışsın. Çünki tərbiyə qulaqdan yox, gözdən alınanda daha təsirli, daha inandırıcı və daha uzun ömürlü olur. Allaha əmanət olun!..