Balaca Zərifə üzünü görmədiyi şəhid atasının qəbrini ziyarət edib

48

Zərifə hələ 10 aylıqdır. Atası şəhid olanda dünyaya gəlməmişdi. Zərifənin atasının şəhid olduğu gündən 1 il ötür. Zərifə də Mingəçevir şəhərində şəhid atasının ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində atasının məzarını ziyarət edib.

Qeyd edək ki, ötən il avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verimiş və nəticədə hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Cəfərov Anar Müstəqim oğlu şəhid olmuşdu.

Dünən Eldarın yaşadığı Mingəçevir şəhərində onun ildönümü mərasimi təşkil olunub. Eyni zamanda şəhidin yaşadığı Natəvan küçəsi, ev 1 ünvanda  xatirə  lövhəsinin aşılışı olub.  Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, bir dəqiqəlik sükutla yad ediliblər. Təşkil olunan tədbirə Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, şəhid anaları, qazilər, məktəblilər iştirak ediblər.

İlham İsmayılov tədbirdə çıxış edərək bütün şəhid valideynlərinə səbrlər diləyib, qazilərə cansağlığı arzulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Qeyd olunub ki, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal altında olan torpaqlarımız  azad olunmuşdur. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır.

Daha sonra şəhidin oxuduğu 19 nömrəli məktəbin müəllim və şagird kollektivi çıxış edib, şeirlərlə şəhidi yad ediblər. ”Nur“ dəstək qrupunun könüllüləri  Vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Esmira Hidayətova, Mingəçevir