Balacabəy və onun şəcərəsi…    

316

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

 

Xəzər dənizinin sahilində yerləşən Seyidlinin, həmçinin onun ətrafındakı kəndlərin əraziləri bir zamanlar Alpan bəylərinə məxsus olub. Daha doğrusu, Alpan bəyləri həmin ərazilərdən təsərrüfat obyekti kimi istifadə ediblər. Sonradan, 1840-1850-ci illərdə Alpan kəndinin bəzi sakinləri həmin kəndlərdə məskunlaşıblar. 1850-ci ildə tərtib olunmuş kameral təsvirdə də (“Kameralnoye opisaniye seleniy Kubinskiy uezda za 1850”) bu fakt öz əksini tapıb. Beləliklə, sonradan bu kəndin öz bəyləri formalaşıb. Onlardan biri də Zülfüqar bəy olub. (Seyidli bəyi Zülfüqar bəy 1831 -ci il kameral siyahıda Alpanın idarəçisi kimi göstərilən  Məmmədxan bəyin (o, dövrünün sayılıb-seçilən feodalı, A.Bakıxanovun qardaşı Cəfərqulu ağa Bakıxanovun yaxın dostu kimi tanınıb) əmisi Tahir bəyin nəvəsidir). Neman Qədirbəyli əldə etdiyi materiallara əsasən, Zülfüqar bəyin 2 oğlu (Pələng və Aslan) olub. Atası Zülfüqar bəyə “Böyük bəy”, Aslana isə “Balaca bəy” kimi müraciət edərmiş. Sonradan Aslanın adı “Balaca” kimi sənədləşdirilib. (1886-ci ildəki kameral təsvirdə isə Pələng Zülfüqar oğlu, Məmmədaslan isə Pələngin oğlu kimi göstərilib).

Balaca bəy
Balaca bəy

Balacabəy (Pələngov) iki dəfə ailə qurub. Onun birincə həyat yoldaşı – Su baba nəslindən olan Sinavər xanım olub. Onların bu izdivacından 3 övlad-Şəfixanım (Neman müəllimin anası), Səfurə xanım və Nadir bəy (o, gənc yaşlarında dünyasını dəyişib) dünyaya gəlib. Balaca bəyin ikinci həyat yoldaşı isə həmkənlimiz Rasim kişinin bacısı (Miranın bibisi) Cənnət xanım olub. Bu nikahdan Akif bəy (Pələngov) və Bəturə xanım adlı iki övlad dünyaya gəlib.

Haşiyə

Akif Balaca bəy oğlu Pələngov 1942-ci ildə Seyidli kəndində dünyaya gəlib. Orta təhsilini başa vurandan sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunda alim-aqronom ixtisasına yiyələnib.Daha sonra isə Azərbaycan Dövlət Universitetinə qəbul  olunub və 1974-cü ildə biologiya ixtisası üzrə tam kursu bitirib. Akif bəyin oğlu Fuadın sözlərinə görə, atasına universitetdə mikrobiologiya fənnindən Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafında, gənclərin maariflənməsində, alim və şəxsiyyət kimi yetişməsində misilsiz xidmətlər göstərmiş böyük pedaqoq və cəfakeş tədqiqatçı, bütün şüurlu həyatı boyu azərbaycançılıq ideyalarını yorulmadan təbliğ edən tanınmış ictimai xadim, akademik Fuad Qasımzadənin həyat yoldaşı Mələk xanım Qasımzadə dərs deyib. Müəllim-tələbə münasibətləri sonradan onların ailəvi dostluğuna çevrilib: “Elə bu səbəbdən də atam ilk övladına, yəni mənə akademikin şərəfinə Fuad adını verib. Mənim də ilk övladım dünyaya gələndə  ona Mələk adı verilib. Bununla da atam bu münasibətlərə yeni çalarlar əlavə edib”.

Akif müəllim
Akif müəllim

Uzun müddət kimyaçı kimi fəaliyyət göstərən Akif Pələngovun əmək fəaliyyətinin əsas hissəsini Sumqayıt şəhər Üzvi Sintez zavodundakı fəaliyyəti təşkil edir. O, bu müəssisədə yardımçı təsərrüfatın direktoru, sex rəisi fəzifəfələrində çalışıb. Burada işlədiyi müddətdə o, dəfələrlə təltiflərə, mükafatlara layiq görülüb, Moskvada kimya sənayesi ilə əlaqədar təşkil olunan sərgilərin iştirakçısı olub, haqqında “Azərbaycan kimyaçısı”, “Sintez”, “Sumqayıt” qəzetlərində məqalələr dərc edilib. Akif Pələngov 2022-ci il 5 iyunda dünyasını dəyişib.

Akif müəllim akademik Fuad Qasımzadə ilə
Akif müəllim akademik Fuad Qasımzadə ilə

 

Balaca bəyin həbsi və…

Sovetləşmə illərində repressiyaya məruz qalan Balaca bəyin bütün sərvəti əlindən alınıb, özü isə qolçomaq adı ilə həbs edilərək Bayıl türməsinə göndərilib. Bir illik  həbs həyatından sonra meşə təsərrüfatı idarəsində meşəbəy kimi çalışıb. O, ötən əsrin 1943-cii ildə qətlə yetirilib. Balaca bəyin böyük qardaşı Pələng bəy və ailəsinin taleyi haqqında isə heç bir məlumat yoxdur.

Neman müəllimin xatirələrindən: “Eşitdiymə görə, Aşağı obada yaşayan Araz bəy Balaca bəyin ən yaxın sirdaşı idi. Onların camaatın xeyir-şərinə yarayan insanlar kimi ad çıxarmışdılar. Ümumiyyətlə, Balaca bəy təbiətən çox rəiyyətpərvər və mərhəmətli bir insan olub. Rəhmətlik anam Şəfixanım söyləyərdi ki, atam nökərə bir qoyun kəsdirər, ətin yarısını bizə götürər, yarısını isə nökərə verər və: “Apar, uşaqların yesinlər” deyərdi. Anam Sinavər isə aş dəmləyər, bizim üçün çəkdikdən sonra qazanı qulluqçu qadına verər və apar balalarına yedir deyərdi. Bolşeviklər bütün sərvətini, torpaqlarını əlindən almalarına baxmayaraq, Balaca bəydən əl çəkmirlər. Tez -tez gəlib evində yoxlama aparırmışlar. Anam nəql edirdi ki, bir dəfə anam Sinavər xanım xəmiri köndələyib çörək bişirməyə hazırlaşırdı. Çırağı sönmüşlər (rəhmətlik publisist Sirus Təbrizli bolşevikləri belə adlandırırdı) gəlib kündələri də təknədən çıxarıb apardılar. Anam bu təqiblərə dözmür, ağır xəstəliyə düçar olur və cavan ikən dünyasını dəyişir”.

Mikayıl müəllimlə görüş
Mikayıl müəllimlə görüş

Alpan – kəndlərin qədimi

Bu yazıda sizə bu günlərdə görüşdüyüm Balacabəyin qız nəvəsindən, daha doğrusu, ilk izdivacından dünyaya gəlmiş Səfurə xanımın övladı Mikayıl Osmanov barədə də məlumat verməyə çalışacağıq.

Mikayıl müəllim bizimlə söhbətə Alpanla bağlı düşüncələri ilə başladı. Bildirdi  ki, Alpan tarixin yaddaşına qədim türk obalarından biri kimi həkk olunub. Bununla əlaqədar kifayət qədər faktlar da mövcuddur. Fəxr edirəm ki, mənim də bu kəndlə bağlılığım var. Belə ki, sonradan Alpandan Seyidliyə, eləcə də digər ərazilərə köçüb gələnlərin arasında mənim həm ata, həm də ana nəslimin nümayəndələri olublar. Eşitdiyimə görə, onların Alpanın tanınmış Vəlibəylilər şəcərəsi ilə müəyyən əlaqələri olub. Sonrakı illərdə də bu əlaqələr davam etdirilib. Hətta Əli kişinin həyat yoldaşı Şəfixanım Balaca bəy qızı Seyidli bəyi Zülfüqr bəyin nəvəsi idi.

Dənizçi Mikayıl

10 yaşlı Mikayıl anası Səfurə xanımla
10 yaşlı Mikayıl anası Səfurə xanımla

Daha sonra peşəsinin vurğunu olduğunu, dənizçi olmağı ilə fəxr etdiyini, həyatını bu peşəylə bağlamağından qürur hissi keçirdiyini və zəngin tarixə malik bir müəssisədə  çalışdığını vurğulayan Mikayıl müəllim bildirdi ki, həyatını çətin və şərəfli peşəyə – dənizçiliyə həsr etməsi heç də təsadüfi olmayıb. Belə ki, oxuduğu kitablar, izlədiyi filmlər bu peşəni seçməyinə səbəb olmayıb. Dediyinə görə, anası Səfurə xanım dənizi çox sevərmiş. Odur ki, oğluna dənizçi olmağı tövsiyə edib. Daha doğrusu, anası bu sahəyə onda maraq yaradıb. Mikayıl da anasının bu istəyini reallaşdırıb.

Mikayıl Osmanov
Mikayıl Osmanov

Mikayıl müəllimin sözlərinə görə, onun bir dənizçi kimi formalaşmasında 1943-cü ildə Seyidlidə anadan olmuş, 1963-cü ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbini bitirmiş dənizçi Ələddin Heydər oğlu Qocayevin (bacısı Giləxanımın həyat yoldaşı) mühüm xidmətləri olub. Hətta onu bu məktəbə də o gətirib: “İndiki kimi yadımdadır. O, məni bu təhsil ocağı ilə tanış edəndə məktəbin ikinci mərtəbəsindəki lövhə diqqətimi cəlb etdi. Orada bu məktəbi fərqlənmə ilə bitirənlərin, o cümlədən Ələddin müəllimin də adı vardı. Elə o anda özümə söz verdim ki, mən də bu məktəbi fərqlənmə ilə bitirəcəyəm. Uzun sözün qısası, 1982-cü ildə Ələddin müəllimdən xahiş etdim ki, həmin lövhəyə bir də baxaq. Ələddin müəllim mənim də adımı həmin lövhədə görəndə elə sevindi ki… Bir məlumatı da verməyi özümə borc bilirəm. Belə ki, Ələddin müəllimin kiçik oğlu Ramil Qocayev də dənizçidir”.

 

Ələddin Heydər oğlu Qocayev
Ələddin Heydər oğlu Qocayev

Bütün bunlara rəğmən, Mikayıl müəllim qeyd etdi ki, hər peşənin öz çətinliyi var: “Bu öz yerində: “Amma dənizçi yalnız çətinliklərə qatlaşmır. Ondan cəsarət, fədakarlıq, soyuqanlılıq da tələb olunur. Dənizdə, yaxud okeanda fırtına olanda və digər ekstremal vəziyyətlərdə dənizçi bəzən günlərlə, hətta aylarla dənizdə qalır. Bu yerdə ixtisasca dənizçi olan, şair-publisist, gəmi kapitanı Faiq Balabəylinin bu misralarını da yada salmaq istərdim:

Dəniz elə həmənkidir
gah mülayim, üzə gülər,
gah da dönüb ölüm olar
bizi güdər.

Dənizçidə dözüm gərək
ölümünə baxa bilsin,
ölümünə qalib gəlsin,
yıxa bilsin.

Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün
Yanıb-sönən mayaklarda
“ümid” adlı bir közərti
görər hər gün”.

 

Mikayıl Osmanov
Mikayıl Osmanov

Mikayıl müəllimin sözlərinə görə, o, gəmi ilə 40 yaxın dövlətə səfər edib, həmin səfərlər zamanı okean və dənizlərdə müxtəlif situasiyalarla qarşılaşıb. Onlardan birini isə o belə nəql etdi: ””Bəstəkar Fikrət Əmirov” gəmisi (Mikayıl Osmanov 1984-cü ildən 2012-ci ilə qədər bu gəmidə çalışıb) ilə Portuqaliyaya pambıq aparan zaman Atlantik okeanında fırtınaya düşdük. Gəmimiz batmaq təhlükəsi ilə üzləşdi. Fırtına düz 10 gün davam etdi. Bu müddətdə dənizlə o qədər həmsöhbət oldum ki… Bir sözlə, şairlər demişkən dənizin, okeanın hər yeri, hər yanı bir xatirədir. Yeri gəlmişkən, mən dənizlə bağlı xatirələrimi də nə vaxtsa qələmə almaq fikrindəyəm. Bir sözlə, dənizçi olmaq və dənizçi həyatı yaşamaq fərqli bir həyat tərzidir”.  Mikayıl müəllimin fikrincə, dənizi sevməyən, onu duya bilməyən şəxs heç vaxt dənizçi peşəsinə yiyələnə bilməz.

”Bəstəkar Fikrət Əmirov” gəmisi
”Bəstəkar Fikrət Əmirov” gəmisi

Mikayıl müəllim həmçinin vurğuladı ki, dünyanın müxtəlif ölkə və dənizlərində olub. Amma onun üçün Xəzərin öz yeri var: “Hətta hərdən S.Rüstəmin bu bu sətirlərini də söyləməkdən zövq alıram:

Eşqi var, qanı var mənim canımda,

Dalğası dillənir həyəcanımda,

Xəzərsiz keçməyib bircə anım da,

Öləndə məzarım Xəzərim olsun.

Hə, bir də… Dənizlə bağlı mahnıların vurğunuyam. Odur ki, Mübariz Tağıyevin “Xatirə”, Müslüm Maqomayevin “Mavi sonsuzluq”, Şövkət Ələkbərovanın “Dalğalar”, Eyyub Yaqubov “Mənə dəniz verin” mahnılarını dünləməklə rahatlıq tapıram”.

Tərcümeyi-halından sətirlər

Osmanov Mikayıl İdris (1925-2008) oğlu 1963-cü il avqustun 1-də Qusar rayonunun Seyidli kəndində (hazırda Xaçmaz rayonunun tərkibində olan Seyidl o zamanlar Qusarın inzibatı ərazi vahidi idi) anadan olub. 1970-1978-ci illərdə Seyidli kənd 8 illik məktəbində təhsil alıb. Bu təhsil ocağını fərqlənmə ilə bitirəndən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin (Qeyd edək ki, ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrları hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb. Hazırda bu məktəbin dünyanın 170-dən çox ölkəsində tanınır) güc qurğularının istismarı fakültəsinə qəbul olunub. 1982-ci ilə bu məktəbi də fərqlənmə diploma ilə bitirib.

Mikayıl Osmanov
Mikayıl Osmanov

1983-cü ilin yanvar ayından Xəzər Dəniz Gəmiçiliyində nəqliyyat gəmilərində motorçu kimi əmək fəaliyyətinə başlayıb. Bununla yanaşı, 1983-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri İnstitutunda qiyabi təhsil alıb.

1984-1989-cu illlərdə nəqliyyat gəmilərində 4-cü mexanik, 1989-1990-ci illərdə 3-cü mexanik, 1990-1994-cü illərdə 2-ci mexanik, 1994-2013-cü illərdə isə baş mexanik vəzifəsində çalışıb.

Gəmiçilikdə çalışdığı müddətdə “Donanmanın Fəxri İşçisi” (2008) döş nişanı, “Tərəqqi” medalı (2010), “160 illik” medalı (2018) və “Əməkdar mühəndis” (2020) fəxri adı ilə təltif olunub.

2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasında texniki istismar xidmətinin rəisi, 2021-ci ildən isə baş mühəndis-rəis müavini vəzifəsində işləyir.

Alpan kənd sakini Əli kişinin (Ədil kişinin oğlu) qızı Kəmalə xanımla ailə qurub. 3 övladı (Səfurə, Rəhilə, Cavad) var. 1998-ci il təvəllüdlü Cavad BDU-nun Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin tələbəsidir.

 

Fizik Kamil

Qeyd edək ki, Mikayılın böyük qardaşı (ailədə 4 oğul-Kamil, Nadir (Allah rəhmət eləsin), Mikayıl, Sahib, 2 qız – Həqiqət və Giləxanım olublar) hazırda təqaüddə olan 1953-cü il təvəllüdlü Kamil Osmanov uzun müddət Moskvada fizik kimi fəaliyyət göstərib. Xudat qəsəbəsindəki orta məktəbi qızıl medalla bitirib. O, Xudatda ilk qızıl medala layiq görülən şəxsdir. BDU-nun fizika fakültəsində təhsil alan Kamil təyinatla Moskvaya göndərilib. Yüksək Təzyiqli Atom Enerjisi İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərib. O, hazırda Moskva şəhərində yaşayır.

Qvami Məhəbbətoğlu (Rəsulov)