“Bala, deyir, yaxınlaşma, yaxınlaşma da…”

557

 

 

 

Hazırda minə yaxın TX4 modelli London taksisi paytaxt sakinlərinin xidmətindədir. Bu günlərdə bu ictimai nəqliyyat növündə çalışan, daha doğrusu, 90 AT 905 dövlət nömrə nişanlı taksini idarə edən, iş yoldaşlarının həmişə müəllim kimi müraciət etdikləri İdris Nurəliyevlə metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşdük. Söhbətimizdən adi müştəri olmadığımızdan duyuq düşən İdris müəllim tərəddüd etmədən bizi və oxucularımızı düşündürən suallarımızı da cavablandırmağa razılıq verdi.
 
 

– İdris müəllim, özünüzü necə təqdim edərdiniz?

– Masallının Xıl kəndindənəm. Hazırda Qaradağ rayonunda yaşayıram. Azərbaycan Pedaqoji Universitetinin ümumi texniki fənlər fakültəsini bitirmişəm. Amma öz ixtisasım üzrə bir gün belə işləməmişəm. Buna baxmayaraq, hamı mənə müəllim deyə müraciət edir.

– Niyə? Marağınız olmayıb?

– Hələ uşaqlıq illərimdən, necə deyərlər, maşın xəstəsi olmuşam. Həkim kimi fəaliyyət göstərən atam da bunu yaxşı bilirdi. Buna rəğmən, onun təkidi ilə ali təhsil almalı oldum. Uzun sözün qısası, ali məktəbi bitirən kimi, yəni 1992-ci ildə rayonda öz sahəm üzrə iş tapa bilməyəcəyimi bir daha yəqin etdikdən sonra (O illərdə ölkədə anarxiya hökm sürürdü) Bakıya qayıtdım və öz şəxsi maşınımla başladım “taksovatlığa”. O zaman Bakını heç yaxşı tanımırdım da… Bakının küçələrini mənə sərnişinlərim tanıdıblar. Onu da deyim ki, müxtəlif markalı (011, 03, 06) maşınlar sürmüşəm. Sonra 4 il özəl şirkətdə – “Azşərqtrans-1” saylı müəssisədə, bir müddət isə icarəyə götürdüyüm “Azsamand” markalı maşınla fəaliyyət göstərmişəm. Elə ki ölkəmizə London taksiləri gətirildi, özümü verdim “Bakı Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə… Bu gün də fəxrlə deyirəm ki, mən bu müəssisənin ilk sürücülərindənəm. Yeri gəlmişkən, onu da deyim ki, bu müəssisədə ilk idarə etdiyim taksi ölkə başçısı İlham əliyevin Hökumət Evinin qarşısında bu nəqliyyat vasitələrinə baxış zamanı idarə etdiyi taksi olub. Həmin maşını düz bir il sürdüm. Bakıda keçirilən “Avroviziya” mahnı yarışmasına dörd gün qalmış həmin maşını dəyişdilər. Bu da hər şeydən əvvəl mənə həvalə olunmuş qonaqlara daha yeni maşında xidmətdən irəli gəldi.

– Müştəriləriniz çox olur?

– Şikayətim yoxdur. Gün ərzində, demək olar ki, 7-10 sərnişinim olur.

– Müştəriləriniz əsasən hansı təbəqənin nümayəndələri olurlar?

– Hər təbəqədən… Onu da deyim ki, ilk günlər müştərilərim şəhərin elitar təbəqəsinin nümayəndələri olurdular. Digər təbəqənin adamları xidmətimizdən az istifadə edirdilər. Sanki onlar nədənsə çəkinirdilər. Mənim zənnimcə, bu prosesdə London taksiləri barədə gəzən şayiələr də öz işini görürdü. “Ay nə bilim heç yerindən tərpənməmiş bir manat yazır” və sairə… Amma son vaxtlar vəziyyət dəyişib. Hazırda camaatın əksəriyyəti bizi seçir. Bu mənada deyərdim ki, London taksiləri şəhər üçün artıq adiləşib.

– “Heç yerindən tərpənməmisən sayğac bir manat yazdı ki…” Siz də belə deyən müştərilərlə qarşılaşmısınız?

– Hə, yaxşı yadıma saldın. Günlərin bir günü bir qadın maşınıma mindi. Mühərriki işə salan kimi o, sayğacdakı məbləğı, yəni bir manatı görən kimi dedi: “Nə tez bir manat yazdın, a balaə” Onu inandırmağa çalışdım ki, bəs bu London taksilərinin iş prinsipi belədir. Amma bir nəticə hasil olmadı. Dərhal mərkəzlə əlaqə saxladım. Mərkəzin izahatından sonra qadın heç bir söz demədi. Yeri gəlmişkən, bizim taksilərdə naviqator da quraşdırılıb.

– Tanınmışlardan kimlər sizin xidmətinizdən yararlanıblar?

– Çoxunun adını unutmuşam. Yadımda qalanlardan biri Zaur Rzayevdir, o biri də Murad Dadaşov… Onların hər ikisi həm bu maşınların komfortluğundan, həm də xidmətimizdən razılıq ediblər.

 

“Naşükürlük etmək

fıkrındə deyıləm”

– Bəzən müştərilərlə aranızda xırda pul problemi yaşanırmı?

– Məsələn, sayğac 3 manat 60 qəpik yazır, müştəri 4 manat verir. Təbii ki, mən qalığı qaytarmağa cəhd edirəm. Amma etiraf edim ki, müştərilərimizin əksəriyyəti həmin 30-40 qəpiyi almırlar.

– Sayğac nə yazsa, qiymət də o olacaq… Heç sayğacı qoşmadığınız olub?

– Əlim öyrəşib e… Müştəri yerinə oturub ünvanı deyən kimi əlim istər-istəməz sayğaca doğru gedir. Amma bəzən sayğacı söndürməyi unuduram.

– Müştəriləriniz əsasən hansı mahnıları dinləmək istəyirlər?

– Bu maşınlarda mahnının səsi müştərinin oturduğu yerdə eşidilmir. Müştərilərlə mikrofonla əlaqə saxlayırıq. Amma mən özüm bir qayda olaraq, Qurana qulaq asıram. Özüm də namaz əhliyəm.

– İbadətinizi vaxtlı-vaxtında icra edə bilirsinizmi?

– Çalışıram. Amma qəzasız da ötüşmür. İmkan olan kimi qəzaya qalan namazlarımı qılıram.

– Bəs avtomobiliniz xarab olanda onun əziyyətini kim çəkir?

– Bəri başdan deyim ki, bütün servis xidmətləri, daha doğrusu, adi yağ dəyişməsindən başlamış mühərrikdə aparılan mürəkkəb təmir işlərinədək hər bir xidmət “Bakı Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Biz yalnız gündəlik planı (o da 28 manatdır) ödəyirik, bir də maşını yanacaqla təmin edirik. Yeri gəlmişkən, mən xidmət müqaviləsi əsasında, daha doğrusu, fiziki şəxs, sahibkar kimi çalışıram. Bu səbəbdən iş rejimimi də özüm müəyyənləşdirirəm.

– Hər gün planı ödədikdən sonra sizə bir şey qalır?

– Naşükürlük etmək fikrində deyiləm, qalır, Allah bərəkət versin… Nə gizlədim gün var 60, gün var 80 manat qazanıram. Amma elə günlər olur ki…

– Bəs onda nə edirsən?

– İdarəyə borclu qalıram, sonra ödəyirəm.

– Onda borcunuzun üzərinə faiz gəlmir ki?

– Sən nə danışırsan, əsla yox…

– Avtomobilinizin əsasən hansı hissələri tez-tez sıradan çıxır?

– İş yoldaşlarım əsasən amortizatorlardan şikayətlənirlər. Bu da təbii ki, bəzi yollarımızın o qədər də ürəkaçan olmamasından qaynaqlanır. Konkret mənə gəldikdə isə istifadə etdiyim maşında heç bir nasazlıq üzə çıxmayıb.  60 min getmişəm, heç naklatka da dəyişməmişəm. Necə deyərlər, maşınım qoz kimidir. Bir də gəlin etiraf edək ki, ümumiyyətlə, sürücünün maşınla rəftarından da çox şey asılıdır.

– İdris müəllim, London taksilərinin sürücüləri xarici dil də bilməlidirlər…

– Rus dilini, necə deyərlər, mükəmməl bilirəm. Amma ingilis dilində bir sürücüyə lazım olan səviyyədə danışa bilirəm. Bilirsinizmi, hər sərnişinlə öz dilində danışmağın çox üstünlükləri var… Bu həm də bizim mədəniyyətimizin göstəricisi hesab olunur. Bir də sizə bir söz deyim, bu gün taksi sürücüsündən ən çox tələb olunan ədəb-ərkan, nəzakətdir. Təcrübəmə əsasən deyə bilərəm ki, ədəb-ərkanlı, nəzakətli sürücü hər kəslə dil tapmağı bacarır. Hə, dil bildi, ədəb-ərkanı olmadı, necə deyərlər, apar qaytar. Bu mənada ədəb-ərkan mən deyərdim ki, ən önəmlidir.

 

“Belə şeylər

mənım də başima gəlıb”

– Eşitdiyimə görə, London taksilərinin sürücüləri yaxın məsafəyə sərnişin aparmaqda maraqlı deyillər. Bəs bu nə ilə bağlıdır?

– Nə gizlədim. Belə faktlar var. Amma mənim fikrimcə, yaxın məsafəyə getmək sürücülər üçün daha sərfəlidir. Adi bir misal. Tutaq ki,  yaxın məsafə 1 kilometrdir. 1 kilometr məsafəyə də sayğac 70 qəpik yazır, əlavə olaraq 1 manat başlanğıc qiymət. Bunu 1 kilometrə bölsək, həmin kilometr sürücüyə 1 manat 70 qəpik gəlir gətirir. 5 kilometr məsafə üçün  isə bu məbləğ 4.50 qəpikdir. Bunu 5 kilometrə bölsək, 1 kilometrlik məsafəyə görə 90 qəpik əldə edir. Bu, o deməkdir ki, yaxın məsafəyə bir neçə reys edən sürücü daha çox qazanar.

– Digər taksilərlə münasibətləriniz necədir?

– Hazırda şəhər üzrə 90-a yaxın dayanacağımız var. Lakin həmin yerləri bəzən, əgər belə demək mümkünsə, yad taksilər zəbt edirlər. Lakin şəxsən mən onlara bir kəlmə söz deyə bilmirəm. Bilirsinizmi niyəə Axı özüm də bir zamanlar belə edərdim. Amma buna rəğmən, onlara qiyabi şəkildə belə bir “ultimatum” göndərirəm: əzizlərim, axı biz plan veririk. Nə olar işinizi elə qurun ki, həm biz qazanaq, həm də siz də…

– London taksilərinin şəhərdən kənar fəaliyyəti yasaqdır. Bu sizi narahat etmir ki?

– Bizim missiyamız Bakıda fəaliyyət göstərməkdir. Bir də biz hələ Bakının taksi ehtiyacını tam ödəyə bilmirik axı. Amma güman edirəm ki, bu taksilərin növbəti partiyası gətiriləndən sonra London taksiləri bölgələrimizə də üz tutacaq. Şəxsən mən elə bu taksi ilə boya-başa çatdığım Masallıya da getmək istəyirəm. Amma… Yeri gəlmişkən, bir neçə ay öncə rayonda yaşayan qohumlarım mənim bu maşınımla gəlin gətirmək niyyətində idilər. Məlum səbəblərdən onların arzusunu gerçəkləşdirə bilmədim. Amma yenə deyirəm, bu maşınımla rayonumuzda bir toy məclisini yola vermək hələ ki, arzu olaraq qalır.

– London taksiləri də bəzən tıxaclarda qalır, taksometr də işləyir… Bu da sərnişinlər tərəfindən narazılıqla qarşılanır.

– əvvəla deyim ki, tıxaclar həm sürücünün, həm də sərnişinin əsəblərini korlayır. O ki, qaldı konkret suala… Taksi sayğacları (hər 100 metrə 7 qəpik hesablayır) hərəkətdə olmayan dövrdə hər bir dəqiqə üçün 5 qəpik əlavə məbləğ hesablayır. Belə olan təqdirdə, əgər maşın yarım  saat tıxacda olarsa, taksometr 1,5 manat yazır. Doğrudur, bu məsələdə sərnişinlərin heç bir günahı yoxdur. Amma bizim də günahımı yoxdur axı… Son günlər, deyəsən, bu tıxac məsələsi də aradan qalxır. Yəqin eşitmisiniz də, artıq paytaxtın mərkəzi küçələrində avtomobil saxlamaq qadağan edilib. Buna əməl etməyən sürücülər də inzibati qaydada məsuliyyətə cəlb edilirlər. Bilirsiniz bu işimizi nə qədər asanlaşdırırə Sizə bir şey deyim. Mən 24 ildir bu şəhərdə taksi sürürəm. Məhz bu addımdan sonra Bülbül küçəsinin 3 zolaqdan ibarət olduğunu bilmişəm. Maşın əlindən yol görünmürdü də orada… Digər küçələrdə də bu sistem tətbiq olunsa, əla olar.

– Bəzi müştərilər taksi sürücülərinin yolu uzatmalarından da gileylənirlər…

– Amma sürücülər belə bir addımı kimdənsə çox pul qoparmaq məqsədi ilə atmırlar. Belə şeylər mənim də başıma gəlib. Məsələn, sərnişin deyir ki, filan ünvana ən qısa yol buradandır. Onu başa salmağa çalışıram ki, bəs sənin dediyin yola hazırda getdiyim istiqamətdən girə bilmərəm, qadağanedici işarələr var. Mənə belə gəlir ki, əgər yol polisi əməkdaşları taksi sürücülərini bəzi, əgər belə demək mümkünsə, yüngül qadağalardan azad etsələr, yaxşı olar. Onda belə söz-söhbət də yaranmaz.

 

“Bala, deyır, yaxınlaşma,

yaxınlaşma da…”

– Öz şəxsi maşınınız var?

– Var idi… Satdım, ona ehtiyac duymadım. Çünki bu taksi mənim üçün elə şəxsi maşın kimidir… Qalstukumu da vurub otururam sükan arxasında… Qiymətlə bağlı da kiminləsə çənə döymürəm.

– Nəqliyyat Nazirliyinin, yaxud Dövlət Yol Polisinin əməkdaşları ilə problemləriniz olurmu?

– Yox… Amma əvvəllər Dövlət Yol Polisinin əməkdaşlarından narazı idim. Ona görə ki, qaydanı pozub-pozmamağımdan asılı olmayaraq, məni də saxlayırdılar. Amma son illər, vallah, sizi inandırım ki, qaydanı pozmayanları saxlamırlar. Kim deyirsə də yalan deyir.

– İdris müəllim, başınıza gəlmiş bir maraqlı əhvalat danışa bilərsinizmi?

– Elə bu günlərdə bir qadını metronun “Koroğlu” stansiyasına tərəf aparırdım. Maşında quraşdırılmış naviqator da öz iş prinsipinə uyğun olaraq hansı obyektə yaxınlaşacağımı deyirdi. Özü də bu şəkildə: filan obyektə yaxınlaşma… Naviqatorun bir belə xəbərdarlığından sonra qadın əsəbi halda mənə dedi: “Bala, deyir, yaxınlaşma, yaxınlaşma da…”

– İdris müəllim, taksi sənin üçün nədir?

– Taksi, hər şeydən əvvəl, çörək ağacımdır. Taksi mənim üçün həyatdır. Mən özümü bir gün onsuz təsəvvür edə bilmirəm. Bu sənəti də ən çətin iş hesab edirəm. Nə yazıq ki, bunu bəziləri dərk etmirlər.

– əsasən şikayətiniz nədəndir?

– Bəzən yolla gedərkən bəzi nəqliyyat vasitələrinin sürücüləri elə hərəkətlər edirlər ki, adam lap xəcalət çəkir. Onlar unudurlar ki, taksi ictimai nəqliyyatın bir növü hesab olunur. Yəni ondan onun da, mənim də yaxınlarımız, tanışlarımız istifadə edirlər. Bəzən məndən soruşurlar ki, harada çalışırsanə Deyirəm, bəs taksi sürücüsüyəm. Bu zaman mənə ən aşağı səviyyəli adam kimi baxdıqlarını görürəm. Amma bu sənəti ən çətin və ləyaqətli sənət sayıram. Hətta mənim aləmimdə taksi 101, 102, 103 kimi həyati əhəmiyyətli xidmətlərdən biridir.\

Qvami Məhəbbətoğlu