“BakuBus” problemləri həll edə biləcəkmi?

538

Bakıda ictimai nəqliyyatda yaşanan problemlər hər kəsə bəllidir. Sürücülərin yersiz hərəkətləri, planı ödəyə bilmək üçün “avtoş”luq eləmələri, intervalda geri qalmamaq üçün bir-biri ilə yarışmaları, dayanacaqdan kənar saxlayıb sərnişin götürmələri hər kəsə bəllidir. Bakıya yeni iritutumlu avtobuslar gətiriləndən sonra hər kəs düşünürdü ki, artıq bunlar geridə qalacaq, ancaq belə olmadı. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin istifadəyə verilməsi də vəziyyəti düzəltmədi.

Lakin bu günlərdə “BakuBus” MMC-nin bu sahədə aktivləşməsi ümidləri yenidən közərdib. Məlumat üçün bildirək ki, “BakuBus” MMC Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub: “Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 ildə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar eyni zamanda yüksək keyfiyyətli ictimai nəqliyyat xidmətinin təşkilinə zərurət yaradıb. Vətəndaşlarımız üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərimizə öhdəlik götürmüşük. Məqsədimiz sərnişinlərimizin ehtiyac və tələblərini qarşılamaq, ictimai nəqliyyatın keyfiyyətini artırmaq və bu sahədə innovasiyaları tətbiq etməkdir. Strategiyamız 21-ci əsrin tələblərinə cavab verən nəqliyyat xidməti təşkil etmək, sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərmək, eləcədə bu sahədə dünya təcrübəsindən istifadə etməkdir”.

Onu da bildirək ki, “BakuBus” ictimai nəqliyyatında nağd ödəniş qəbul edilmir və vahid kart (BakıKart) tətbiq olunur (”BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartıdır – red.). “BakıKart”-ın alınması və istifadə qaydası çox rahatdır. Belə ki, kartları metro stansiyalarındakı və dayanacaqlardakı “BakıKart” terminallarından əldə etmək mümkündür. “BakıKart” – plastik kartının qiyməti 2 manat, bir gediş haqqının qiyməti isə 20 qəpikdir.

“BakuBus” avtobuslarından istifadə edən sərnişinlər bəzi yeniliklərə hələ tam alışa bilmədiklərindən ilk günlər müəyyən anlaşılmazlıqlar yaşanır. Lakin zamanla bunların aradan qalxacağı gözlənilir.

Bütün bu anlaşılmazlıqların həllinə dəstək məqsədi ilə “ASAN xidmət”, “ASAN Könüllüləri” təşkilatı və “BakuBus” MMC birgə “Nəqliyyat bələdçisi” adlı yeni layihəyə başlayıblar. Layihənin əsas məqsədi qayda-qanunlara tam şəkildə riayət edən sürücülər və ictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaq, ictimai nəqliyyatda mövcud problemlərə diqqət çəkməkdən ibarətdir. “ASAN xidmət” mərkəzlərinin cari və məzun könüllüləri ictimai nəqliyyatda innovativ texnologiyaların tətbiqi ilə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsəd ilə istifadəyə verilən “BakuBus” avtobuslarına minmək və düşmək qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirirlər.

Bundan əlavə, ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış edən gənclər sərnişinlərin maariflənməsinə yardım göstərmək məqsədi ilə bukletlər paylayır, müxtəlif flaşmoblar keçirir, videoçarxlar hazırlayırlar. Layihədə 500-ə yaxın “ASAN könüllüləri” “Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə iştirak edirlər.

“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı mövzu ilə əlaqədar fikirlərini bölüşüb: “Problemsiz yeganə cəmiyyət mövcud olmayan cəmiyyətdir. Ən böyük nadanlıq isə mənfi halların şahidi olanda imkanımız olsa belə, biganə münasibət göstərməkdir. “BakuBus” və 500-ə qədər cəmiyyətimizin rifahına xidmət edən “ASAN könüllüləri” müştərək olaraq ictimai nəqliyyatdan istifadə mədəniyyətinin yüksəltmək məqsədi daşıyan bir maarifləndirici aksiyaya start vermişdir. Bu aksiyada bu gün iştirak etmiş ilk könüllü qrupuna göstərdikləri fədakarlıq və sözün əsl mənasında könüldən bu işə yanaşdıqlarına görə xüsusi minnətdarlığı bildirmək istəyərdim. Bu layihədə ilk bələdçilərdən biri olmağımdan isə xüsusi qürur duyuram”.

Sonda onu da qeyd edək ki, “Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq, bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib. MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, bu gündən etibarən “Azadlıq” prospektindən “28 May” metrostansiyasına kimi fəaliyyət göstərəcək. Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər “Avtovağzal” – “İçərişəhər” m/s – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan “İçərişəhər” m/s-yə kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.

Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon – Həsən Əliyev küç. – Tbilisi pr. – “Elmlər Akademiyası” m/st istiqamətində fəaliyyət göstərirdi. İndi isə bu marşrut xəttini “Baku Bus” MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib. Qeyd olunan dəyişikliklər 6 oktyabr 2015-ci il tarixindən qüvvədədir.

Nicat İntiqam