“Bakı”nının revanşı, “İnter”in 3 qol buraxacağı, “Simurq”un uduzacağı inandırıcı görünmür…

588

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. PFL-dən verilən məlumata görə, cavab qarşılaşmalarının hamısı eyni gündə-martın 13-cü keçiriləcək. Həmin gün yarışlara saat 15:00-da AZAL – “Neftçi” (AZAL Arena) və “Bakı” – “Qarabağ” (”Bakı” FK-nın təlim-məşq bazasının stadionu) oyunları ilə start veriləcək. “Xəzər Lənkəran” – “İnter”, “Simurq” – “Qəbələ” oyunları isə saat 17:00-da başlanacaq. “Xəzər Lənkəran” – “İnter” oyunu “Xəzər Lənkəran” mərkəzi stadionunda, “Simurq” – “Qəbələ” Zaqatala şəhər stadionunda keçiriləcək. Məlumata görə, AZAL – “Neftçi” cavab matçı “İdman Azərbaycan” kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri belə olub: “Neftçi” – AZAL – 0:0, “Qarabag” – “Baki” – 3:0, “İnter” – “Xəzər Lənkəran” – 2:0, “Qəbələ” – “Simurq” – 0:3.

8-ci möcüzəsi baş verməsə…

“Qarabağ” öz meydanında 3:0 hesabı ilə qalib gəldiyindən, “Bakı”nın revanş alması inandırıcı görünmür. Yəni “Qarabağ” mərhələnin taleyini ilk oyundaca həll edib. Qurban Qurbanov qarşıdan gələn çempionat oyununu nəzərə alıb, yəqin ki, bu matçda ehtiyat oyunçulara şans verəcək. Düzdür, kubok oyunlarının taleyi cavab matçlarında həll olunur. Lakin indiki məqamda “Bakı” hər şeyi ikinci oyuna saxlayacaq gücdə deyil. Dünyanın 8-ci möcüzəsi baş verməsə, “Qarabağ” yarımfinalda oynayacaq və hesab etmək olar ki, Ağdam klubu cari ildə qızıl dubl edəcək.

AZAL üçün bir şansdır

Öz meydanında qalib gələ bilməyən “Neftçi”nin AZAL-la səfər oyununun gərgin keçəcəyi gözlənilir. Bu mənada bütün diqqətlər paytaxt derbisinə yönələcək. Bu oyun cavab oyunları içərisində gərginliyi ilə yadda qalacaq. Görüşlə bağlı proqnoz vermək olduqca çətindir. Sadəcə onu deyə bilərik ki, iş əlavə vaxta qədər uzanacaq. Lakin bir məqamı da unutmayaq. AZAL ilk matçda bir daha göstərdi ki, bu komandanın nə zaman nə edəcəyini təxmin etmək mümkün deyil. Səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edən “təyyarəçilər” öz meydançalarında udsalar da, uduzsalaq da, buna təəccüblənmərik. “Neftçi”nin hazırda formada olmaması da Tərlan Əhmədovun komandası üçün bir şansdır. Yeri gəlmişkən, AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov komandasının bu mərhələni aşacağını bildirib: “İlk oyunda “Neftçi” ilə qolsuz heç-heçə etmişiksə, niyə də yarımfinala adlayan tərəf biz olmayaq? Cavab qarşılaşması öz meydanımızda keçiriləcək. İlk görüşdə də komandamız pis təsir bağışlamadı, bir neçə qol epizodu yaratdıq. Sadəcə, şanslardan istifadə edə bilmədik. Cavab oyununa qələbə üçün çıxacağıq. “Neftçi” keçilməz rəqib deyil. “Neftçi”ni keçsək, yarımfinalda böyük ehtimalla, “İnter”lə qarşılaşacağıq”. Ancaq yenə də “Neftçi”nin bu mərhələdə mübarizəni dayandıracağına inanmaq çətindir.

Amma inanmayaq ki…

Düşünməyək ki, “Simurq” Qəbələdə olduğu kimi Zaqatalada da fuğan edəcək. Həmin gün sadəcə hər şey “Simurq” üçün idi. Bəli, indiki vəziyyətdə istənilən məqamda “Simurq” “Qəbələ”dən oyun baxımından çox üstündür, oturuşmuş komandadır. Amma inanmayaq ki, “Simurq” yenə 3 qol vuracaq. Və ya inanmayaq ki, “Qəbələ” üç qol vurub vəziyyəti bərabərləşdirəcək və əlavə vaxtda hər şeyi öz xeyrinə həll edəcək. Bütün bunların ümumiləşdirilməsi isə odur ki, mərhələni “Simurq” keçəcək. İndiki vəziyyətdə “Qəbələ” bütün gücünü Premyer Liqada 4-cü yeri tutmaq üçün sərf etməli, eyni zamanda “Simurq”un kubokda finala çıxmaması üçün dua etməlidir. Çünki “Simurq” finala qədər irəliləyə bilsə, “Qəbələ”nin çempionatda 4-cü yeri tutmasının bir önəmi olmayacaq.

”Qəbələ”nin hücumçusu Viktor Mendinin komandasının ilk qarşılaşmada öz meydanında “Simurq”a 0:3 hesabı ilə uduzmağına baxmayaraq, qələbə qazanacaqalarına ümidi var. O,  futbolxeber.az saytına müsahibəsində deyib: “Ümid həmişə var. Amma çox çətin olacaq. İlk oyunda ağır məğlubiyyət aldıq. Mərhələni keçməsək belə, səfərə yalnız qələbə qazanmaq üçün əimizdən gələni edəcəyik ki, qalib gələk. Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Səfərə revanş üçün yollanırıq, imicimizi qorumalıyıq. 3 qol buraxmaq komanda üçün mənfi haldır”. O həmçinin “Simurq”un güclü müdafiə xəttinə malik olduğunu vurğulayıb.

“Xəzər Lənkəran” təpəri olsa da…

“Xəzər Lənkəran” dizi təpərli, cavan adamın ölümə tabe olmamasına bənzəyən bir komandadır. Bu komandanın dizində təpər var, amma “Əzrayıl”ı çox güclüdür – “İnter” qədər… Hazırda Azərbaycanın ən güclü təşkilatlanmış komandalarından olan “İnter”in cənubda 3 qol buraxıb, ilk oyunda əldə etdiyi qələbəni itirməsi sadəcə inandırıcı gəlmir. Bir sözlə, “İnter”i də yarımfinalın bir addımlığında görmək olar. Əvvəllər Lənkəran səfəri rəqiblər üçün qorxulu röya olardı. Amma indi hər kəs bu səfərə 3 xal gözü ilə baxır. “İnter”in paytaxtda qol buraxmadan qələbə qazanması bu komanda üçün böyük üstünlükdür. Çünki gənclərdən qurulmuş “Xəzər Lənkəran” indi təcrübəli rəqibinə qol buraxmadan böyük hesabla qalib gəlməlidir. Bu isə reallıqla üst-üstə düşmür. Üstəlik, Lənkəranda əvvəlki azarkeş dəstəyinin olmadığını da nəzərə almaq lazımdır. Bu cütlüyün də favoriti olan “İnter”in yarımfinala yüksələcəyini güman edirik.

Qvami Məhəbbətoğlu