Bakının yağış sınağı…

440
Ölkəmizdə müşahidə olunan soyuq və yağmurlu hava müxtəlif problemləri üzə çıxarıb. Yağışlı hava dünən paytaxtda bir sıra fəsadlara yol açıb.
Biz uşaq olanda kənddə yağış yağanda şəhərdəkilərə həsəd aparırdıq. Düşünürdük ki, kənddən fərqli olaraq, şəhər yerlərində yollar, küçələr yağış sularından göllənmir, maşınlar həmin gölməçələrdə ilişib qalmır, insanların üst-başı palçığa bulaşmır və s. Amma illər sonra şəhərdə gördüklərim kənddəkindən heç nə ilə fərqlənmir. Bir fərq var ki, o da yağışlı havalarda yolların tıxac olmasıdır. Kənddə nə qədər yağır yağsın, yollarda tıxac olma ehtimalı minimumdur. Qaldı ki, soyuq havaya, mən deyərdim ki, kənddə də, şəhərdə də eyni vəziyyətdir. Havaların çox soyuq keçməsinə rəğmən, yeni tikililərin bəzilərini çıxmaq şərti ilə evlərə hələ də istilik verilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan qəzetimizə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir: “Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək”. Azərbaycanın rayonlarında isə hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir”.

Yol Polisi: “Yol və meteoroloji şəraitə lazımınca diqqət yetirilməlidir”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, çiskinli və yağmurlu hava şəraitində sürücülər diqqətli olmalıdırlar. Belə hava şəraitində sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirilməlidir. İşıqforlar işləmədiyi halda, sürücülər yol nişanlarına uyğun hərəkət etməlidirlər. Hava şəraitinin nəzərə alınmaması səbəbindən bu saatadək paytaxtda 4 yol-nəqliyyat qəzası baş verib. Qəzalar cüzi maddi zərərlə nəticələnib. Yağış kəsdiyindən hazırda nəqliyyat vasitələrinin hərəkəti normaldır. Azərbaycan paytaxtında dünəndən başlayan yağışlar bir sıra fəsadlara yol açıb. Yağış nəticəsində Bakıda bəzi evləri su basıb, yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb. Dünən yağıntılı hava şəraiti ilə əlaqədar Bakının bir çox ərazilərində tıxac müşahidə olundu. Təxminən 1 saata yaxın tıxacda qalanlardan biri olaraq, bir məqam diqqətimi xüsusi cəlb etdi. Belə ki, Ayna Sultanova heykəli istiqamətindən üzü metronun “Gənclik” stansiyasına doğru böyük tıxac var idi. Səbəbi nə olsa yaxşıdır? Sən demə, Ayna Sultanova heykəlinin yaxınlığındakı körpünün altında istilik sistemi borusunu dəyişdirirlər. Bununla əlaqədar yolun yarıdan çoxu kəsildiyindən avtomobillər hərəkət edə bilmir və tıxac yaranırdı. Qəribədir, mənzillərə istilik verilməsinə sayılı günlər qalır, istilik sistemlərinin borusu isə hələ indi dəyişdirilir – özü də yağışlı, palçıqlı havada. Olmazdımı ki, bunlar vaxtında dəyişdiriləydi. Bəs qışa hazırlıq deyilən şey nə olan şeydir?

 “Azəristiliktəchizat”dan açıqlama

Dünən günün ikinci yarısında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən bununla əlaqədar açıqlama gəldi. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “modern.az”a bildirib ki, bu il qanunvericiliyə əsasən, istilik təchizatının vaxtından əvvəl işə salınması nəzərdə tutulub: “Havaların kəskin soyuması və metroloji şəraitin tələbi ilə İcra Hakimiyyətlərinin sərəncamına uyğun olaraq, istilik mövsümü vaxtından əvvəl başlaya bilər. Qərar bu gün keçirilən müşavirədə qəbul edilib”. Onun sözlərinə görə, artıq dağlıq rayonlarda noyabr ayının 1-dən istilik verilməsinə başlanılıb: “Bu gündən etibarən isə digər rayonlarda da obyektlərin sosial əhəmiyyəti nəzərə alınaraq, başda internat məktəbləri, doğum evləri, xəstəxanalar, uşaq bağçaları, məktəblər olmaqla mərhələli şəkildə istilik verilməsinə başlanılıb”. Rafiq Əliyevin fikrincə, hansısa obyekt deyəndə, onun ətrafı da nəzərdə tutulur: “Yəni bir internat məktəbi üçün ayrıca qazanxana yoxdur, ora istilik verilirsə, paralel olaraq yaxınlıqdakı binalar da istiliklə təchiz olunur. Bir daha abonentlərin nəzərinə çatdırmaq istəyirəm ki, istilik verilməsinə, əvvəlcə, internat məktəbləri və xəstəxanalardan başlanılıb”.

 “Bəzi tikililər su altında qalıb”

Yağışlı hava dünən paytaxtda başqa fəsadlara da yol açdı. Hətta bəzi tikililər su altında qalıb. Bununla əlaqədar ilk açıqlama Nərimanov Rayon İcra Hakimiyyətindən gəldi. Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir: “Bakı şəhərində son günlər yağan aramsız yağışlar səbəbindən həmin ərazilərdə qalmaqda olan qanunsuz tikilmiş yaşayış evlərinin və digər obyektlərin zərər çəkdiyini nəzərə alaraq, təbii fəsadların ağır nəticələrinin aradan qaldırılması və sakinlərin üzləşdikləri problemlərin operativ həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində xüsusi komissiya təşkil olunub”. Sakinlərdən bu və ya digər problemlərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin “qaynar xətt”inə (1643) müraciət etmələri xahiş olunur.

 Məktəbə ziyan dəyib, qəsəbə sel təhlükəsi ilə üz-üzə qalıb

Yağış suları Yasamal rayonu ərazisində Bəşir Səfəroğlu küçəsi – 152 ünvanında (“Sovetski”) fərdi yaşayış evinin çökməsinə səbəb olub. Yamacda yerləşən evin uçması ilə bağlı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdşları hadisə yerinə cəlb olunub, əraziyə xüsusi təlim keçmiş itlər gətirilib. Məlum olub ki, uçan evdə yaşayış olmayıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan da qeydə alınmayıb.

Bundan başqa, yağışlı hava Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbinə növbəti dəfə ziyan vurub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, noyabr ayının 2-si və 3-ü havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq, 225 nömrəli məktəbin dam örtüyündən 3-cü mərtəbəyə su sızması nəticəsində tavanın suvaq örtüyünə ziyan dəyib. Xocasən qəsəbəsinin sakinləri də sel təhlükəsi ilə üz-üzə qalıblar. Sakinlərin verdikləri məlumata görə, 3 saatdan artıqdır ki, müvafiq dövlət qurumları məlumatlandırılıblar. Buna baxmayaraq, Xocasən sakinləri hələ də sel təhlükəsindən sovuşmayıblar. Artıq bəzi sakinlər özlərinə məxsus əşyaları götürərək evlərini tərk edirlər. Xocasənlə yanaşı, Sulutəpə, Binəqədi, Biləcəri və s. istiqamətlərdə də yolları su basıb.

 “Azəriqaz”: “Mənzillərə verilən qazın həcmi artırılır”

“Azəriqaz” İstehsalat Birliyindən isə bildiriblər ki, hava şəraitindən asılı olaraq, əhaliyə verilən təbii qazın həcmi artırılıb. “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevin sözlərinə görə, bu il də hər dəfə olduğu kimi, noyabrın 15-dək qış ayları üçün istifadəyə veriləcək təbii qaz qazanxanalara ötürülməyə başlanacaq: “Hava şəraiti soyuqlaşdıqca, “Azəriqaz” evlərə, mənzillərə verilən qazın həcmini artırır. Bu qazın həcmi də havaların daha da soyuq olması ilə bağlı daha artıq olur”. İ. Kərbəlayev APA-ya deyib ki, artıq bu gün hava ilə əlaqədar olaraq, qurum əhaliyə verilən təbii qazın həcmini iki dəfədən artıq artırıb.  Qeyd edək ki, dünən dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub. Noyabr ayının ilk günlərində ölkəyə bu şəkildə qar düşməsi halına çox az hallarda rast gəlinir. Rayonlarda ağaclar hələ yaşıl-qızılı libasını tam soyunmamış, ağaclardan meyvələr dərilməmiş təbiət ağ qara boyanıb…

Nicat İntiqam