Bakının üçüncü ən uca yeri möhtəşəm olacaq

Bakının ən uca yerlərindən birində – Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində, “Zeytunluq” deyilən yerin yaxınlığında Qafqazın ən böyük ibadət ocağı tikilir. Məscid kompleksinin məhz burada inşa olunması əraziyə xüsusi möhtəşəmlik və gözəllik gətirir. Dünən əraziyə yollanıb buradakı vəziyyəti öz gözümüzlə gördük, görülən işlərlə yerindəcə tanış olduq. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2012-ci ilin avqust ayının 18-də Bakının Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin tikintisi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10 milyon manat ayrılıb. Ərazidə olarkən öyrəndik ki, Bakı Şəhər İcra Hakimiyyətinin məscid kompleksinin inşaası üçün məhz bu ərazini seçməsi təsadüfi deyil. Belə ki, bu ərazi metronun “Nəsimi” stansiyasının yaxınlığında, “Zeytunluq” deyilən ərazinin üst tərəfində yerləşir və buradan paytaxta möhtəşəm mənzərə açılır. Məscid kompleksinin inşaası ilə yanaşı, ətraf ərazilər də abadlaşdırılır. Öyrəndik ki, hazırda kompleksin tikintisində 100 nəfərdən çox işçi çalışır. İş icraçısı bizimlə söhbətində dedi ki, məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcək. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Onun sözlərinə görə, məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaq. Məscid kompleksinin həyətində 80-100 arası avtomobil üçün dayanacaq da olacaq. Artıq minarələrin 4-ü də inşa edilib, tamamlama işləri aparılır.

İş icrasının bildirdiyinə görə, möhtəşəm memarlıq ənənələri əsasında inşa olunan, Qafqazın ən böyük ibadət ocaqlarından biri olacaq bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Minarələrin içərisində xüsusi lift quraşdırılacağı da bildirilir. Məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar dekorativ detallarla xalça formasında yığılacaq. İş icraçılarının sözlərinə görə, məscidin sentyabr ayının sonunadək təhvil verilməsi planlaşdırılır. Məscid kompleksi hündür ərazidə yerləşdiyindən inşa olunduğu yerdən təxminən 1-2 kilometr uzaqdan da görünür. Bu isə gözəl bir mənzərə yaradır.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev bu məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdu. Dövlət başçısı inşaat sahəsini gəzmiş, tikintinin gedişi ilə yerindəcə tanış olmuş və müvafiq tapşırıqlarını vermişdi. Kompleksin yaxınlığında yerləşən sovetdənqalma binalar isə müasir üslubda elə qurulub ki, yeni tikililərdən heç nəyi ilə fərqlənmir. Bir sözlə, yaxın gələcəkdə bu ərazi sözün həqiqi mənasında əsrarəngiz gözəlliyi ilə nəinki paytaxt əhalisinin, eləcə də qonaqların, turistlərin ürəyincə olacaq. Xatırladaq ki, son bir neçə ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq Bakıda Təzə Pir, Əjdərbəy məscidləri və digər dini-tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Məscidlərin və digər dini-tarixi abidələrin bərpası işləri bölgələrdə də uğurla həyata keçirilir. ..