“Bakının tullantılarını emal etməklə 80 min evi işıqlandırmaq olar”

0
575

“Bakı şəhəri Qafqazın kommersiya, mədəniyyət və elm mərkəzidir. Qafqazın ən böyük şəhəri olan Bakıda faktiki olaraq, 3 milyon nəfərdən çox adam yaşayır. Statistikaya görə, 2 milyondan çox insan qeydiyyatdadır. Bu gün Bakı şəhərində adambaşına düşən bərk məişət tullantılarının miqdarı 350 kiloqram təşkil edir. Bu o deməkdir ki, adambaşına hər bir insan 1 kiloqram məişət tullantısının əmələ gəlməsində iştirak edir”. Dünən bu fikirləri Bakıda keçirilən 1-ci Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət üzrə konfransda Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Oktay Məmmədov səsləndirdi. O. Məmmədovun sözlərinə görə, bir çox təbii resurslar tükənəndir və onlara ümid etmək o qədər də düzgün olmaz: “Cəmiyyətimizin məşğul olduğu sahə tullantıların idarə olunmasıdır. Bizim qurum hazırda Abşeron yarımadasında yerləşir və burada fəaliyyət göstərir. Biz Bakı şəhərini əhatə edirik. Bakı şəhərində adambaşına düşən bərk məişət tullantılarının miqdarı 350 kiloqram təşkil edir. Bu rəqəm get-gedə artmaqdadır. Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı get-gedə inkişaf etməkdədir, istehlak səbəti, sosial rifah artmaqdadır. Bu ona gətirir ki, insanlar çox təbii şəkildə istehlaklarını artırmaqdadırlar və daha çox pul xərcləyirlər, daha çox mal, əmtəə əldə edirlər. Son nəticədə bu, tullantıların artmasına gətirib çıxarır”.

“Balaxanı poliqonunun ərazisi 120 hektar olmasına baxmayaraq, tullantılar orada aşırı həddə idi”

Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin 2009-cu ildən etibarən fəaliyyətə başlamasına diqqət çəkən O. Məmmədov bərk məişət tullantılarının yığılması və daşınmasının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini vurğuladı: “Biz isə tullantıların qəbulunu və onun utilizasiyasını həyata keçiririk. Qəbul olunmuş tullantıların idarə edilməsi konsepsiyası var və biz iş prinsipimizdə bunu nəzərdə tuturuq”.

Oktay Məmmədov uzun illər Bakı sakinlərini narahat edən bir problemə də toxundu: “Çox təəssüflər olsun ki, bir çox ölkələr, o cümlədən Azərbaycanda da 5-10 il öncəyədək tullantılar konteynerdən birbaşa kortəbii şəkildə basdırılmaya gedirdi. Hazırda bu, çox təəssüflər olsun ki, rayonlarımızda da davam etməkdədir. Bakı şəhərində artıq bu prosesin qarşısı tam alınıb. Biz tullantıların qəbuluna başladıqda Balaxanı poliqonu bizə təhvil verildi. Bakıda yaşayanlar çox yaxşı xatırlayırlar ki, Balaxanı poliqonunda zibillər yandırılırdı və oradan tüstü, qoxu, üfunət hər yerə yayılırdı. Bakıya gələn qonaqlar, Bakının sakinləri bunu çox yaxşı xatırlayırlar. Şəhərin mərkəzinə qədər tüstü, üfunət yayılmaqda idi. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonunun ərazisi 120 hektar olmasına baxmayaraq, tullantılar orada aşırı həddə idi. Həmin tullantıların azaldılması üçün onların yandırılması, hətta Böyük Şor gölünə atılması belə adi bir hadisəyə çevrilmişdi. Biz ilk gündən poliqonun bərpasını həyata keçirməyə başladıq. Burada infrastruktur layihələri həyata keçirdik, inzibati binalar quruldu, tullantıların düzgün qəbulu və onun yanmasının qarşısını alınması məqsədi ilə istismar qaydaları müəyyən olundu. Məqsəd ictimai sağlamlığın qorunması, yeni iş yerlərinin yaradılması idi. Buna nail olduq da”.

 “Yandırılma zavodlarının məqsədi tullantıların həcminin azaldılmasıdır”

Oktay Məmmədov Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin digər uğurlu layihələrindən də danışdı: “Ən böyük layihələrimizdən biri də Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun açılması idi. Əgər Avropa ölkələrinə baxsaq, yəni böyük şəhərlərdə – əhalisi 2 milyondan artıq olan şəhərlərdə bir neçə yandırma zavodları var. Yandırılma zavodlarının məqsədi tullantıların həcminin azaldılmasıdır. Yandırılma zavodları XVIII əsrdən mövcuddur. İlk zavod Böyük Britaniyada mövcud olub. Lakin müasir zavodlar nəinki tullantıları yandırır, həm də onları elektrik enerjisinə və ya istilik enerjisinə çevirir. Bizim 2012-ci ildə istifadəyə verdiyimiz zavod il ərzində 231 milyon kilovat elektrik enerjisi istehsal etməyə imkan verir ki, bu da ortalama 80 mindən çox evin elektrik enerjisi ilə təminatı deməkdir. Yəni ortalama Azərbaycanın bir inzibati rayonunu elektrik enerjisi ilə təmin etmək iqtidarındadır. Nəzərə alsaq ki, Bakı şəhərində 1 milyon ton tullantı əmələ gəlir və onun yarısı Yandırılma Zavoduna yönləndirilir, bu o deməkdir ki, Bakı şəhərinin tullantılarının yarısı ilə hansısa bir rayonu elektrik enerjisi ilə təmin etmək olar”.

Şöbə müdiri dedi ki, gələcəkdə Bakı şəhərinin ətraf ərazilərində belə zavodların tikintisi nəzərdə tutulur.

“Digər bir layihəmiz tullantıların çeşidlənməsi layihəsidir. Bu, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılan ilk pilot zavoddur. Bu pilot zavod çox uğurlu fəaliyyət göstərir. Biz tullantıların çeşidlənməsini 20 faizədək çatdırmışıq, ancaq gələcəkdə biz bu göstəricini 40 faizədək çatdıra bilərik”,-deyə qeyd edən şöbə müdiri qeyd etdi ki, əsas məqsəd təbii resurslara və enerjiyə qənaət, təkrar istifadəni, emalı daha da stimullaşdırmaqdır: “Təkrar emala yararlı materialları çeşidlədikdən sonra onların emalını daha da stimullaşdırmaq üçün Daxili Sənaye Parkının təməli qoyulub. Layihənin məqsədi odur ki, 7 hektar ərazidə emal müəssisələri, tullantıların emalını həyata keçirən şirkətlər bir araya gəlsinlər və onları biz xammal ilə, infrastruktur ilə, lazımi kommunikasiya və kommunal xidmətlərlə təmin edək, onlar öz fəaliyyətlərini burada qursunlar. Hər şeyi dövlətdən gözləmək o qədər də düzgün deyil. Hesab edirik ki, dövlət şərait yaratmalıdır və iş adamları bu işlərlə məşğul olmalıdırlar. Bu, çox uğurlu bir layihə ola bilər. Bildiyiniz kimi, Balaxanı Sənaye Parkı, digər sənaye parkları 7 il vergilərdən azaddır, başqa güzəştlər də vardır ki, iş adamlarını bura cəlb edir. Hazırda orada tikinti işləri gedir və yaxın gələcəkdə – işlər yekunlaşandan sonra böyük effektini görəcəyik”.

Sonda qeyd edək ki, 1-ci Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət mövzusuna həsr olunmuş konfrans “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Konfrans bir neçə önəmli sahəni əhatə edib. Konfransda yaşıl iqtisadiyyat, korporativ sosial məsuliyyətin biznesə təsiri, təhsil, kənd təsərrüfatı, ekologiya, alternativ enerji və digər sahələrin dayanıqlı inkişafını əhatə edəcək tematik sessiyalar keçirilib.

Nicat İntiqam