“Bakının mərkəzindən köçən ailələrin sayı artır”​

0
431

Nicat İntiqam
“Bakının mərkəzində evlərini satıb şəhərətrafı ərazilərə köçən ailələrin sayı ilbəil artır. Son illər bu proses daha da sürətlənib”. Daşınmaz əmlak üzrə ekspert Elsevər İsayev belə deyir. Onun sözlərinə görə, bu köçün bir çox səbəbləri var: “İlkin səbəb şəhərin mərkəzindəki sıxlıqdır. Bildiyiniz kimi, Bakının mərkəzində həm tikililər baxımından, həm avtomobillərin sayı baxımından sıxlıq müşahidə olunur. Bundan əlavə, son illər burada da əhalinin sayı artıb. Ona görə də bir çox insanlar, ailələr belə yerdə yaşamaqdansa, öz mənzillərini satıb, ətraf ərazilərə köçməyi daha məqbul hesab edirlər”.
Ekspert hesab edir ki, “mərkəzdən qaçma” prosesi davamlı olacaq: “Öz müşahidələrimə əsasən, bu qənaətdəyəm ki, vaxt keçdikcə Bakının mərkəzindəki mənzillərini, digər daşınmaz əmlaklarını satıb başqa yerə köçənlərin sayı artacaq”.
“İnsanlar öz rahatlıqları üçün belə edirlər”
Elsevər İsayevin fikrincə, paytaxtın mərkəzindən insanların öz evlərini satıb nisbətən kənar ərazilərə köçmələrinin bir başqa səbəbi də burada qiymətlərin baha olmasıdır: “Şəhərin mərkəzində hər kəsə məlumdur ki, qiymətlər xeyli bahadır. Həm xidmət sahələri üzrə, həm də məhsulların qiyməti baxımından. Bu da insanların kənara köçmə qərarına təsir edən amillərdən biridir”.
“İnsanlar öz rahatlıqları üçün belə edirlər”,-deyə qeyd edən ekspert ailələrin şəhərin mərkəzindən hansı ərazilərə köçdüklərini də açıqladı: “Kimə hara rahatdır ora gedir. Məsələn, Masazır və Xırdalan istiqamətində yaşamağa üstünlük verənlər kifayət qədərdir. Mənim fikrimcə də, oralar yaşamaq üçün normal yerlərdir. Ümumiyyətlə, şəhərin mərkəzindəki evini satanlar şəhərətrafı, ancaq şəhərə yaxın yerlərə üz tuturlar. Məsələn, Zığ şosesi tərəf, Binəqədi, dediyim kimi, Masazır və Xırdalan. Yeni salınan şəhərciklərdə sıxlıq azdır, park-qaraj problemi yoxdur, səs-küy də azdır”.
“Bu zonalar şəhərətrafı inkişaf zonaları olacaq”
Ekspertin sözlərindən belə məlum oldu ki, evlərini satıb köçənlər şəhərdən 10-15 kilometr məsafədə yerləşən ərazilərdən ev almağa daha çox üstünlük verirlər: “Düşünürəm ki, yaxın illərdə bu zonalar şəhərətrafı inkişaf zonaları olacaq. Yəni tikinti çox olacaq, sosial-infrastruktur obyektləri inşa ediləcək və s. Hazırda bu proses gedir”.
Bəs “Sovetski”dəki sökülən evlərdən köçənlər Bakının daha çox hansı ərazilərinə köçürlər? Ekspertin bu suala cavabı belə oldu: “Kimin qohumu, yaxını haradadırsa, ora gedir. Əksəriyyətin seçimi məhz bu cür olur. Hətta Bakının ucqar kəndlərində yaşayan yaxın qohumlarının belə yanında ev alanlar var. Burada təbii ki, maddi faktorlar da çox ciddi rol oynayır. Yəni verilən kompensasiyanın məbləğindən də çox şey asılıdır. Az kompensasiya alanın şəhərin mərkəzində qalıb, ev alma ehtimalı da azdır”.
“Şəhərin mərkəzində yaşamaq bahalıdır”
“Bakı şəhərinin mərkəzində yaşamaq bahalıdır. İnsanlar bunu dərk eləməlidirlər, bu bir mədəniyyətdir”. Bunu isə ekspert Samir İsayev deyir. Onun sözlərinə görə, illər öncə
Bakıda “Əhmədli” yaşayış massivi qurularkən bura ekoloji baxımdan çox sağlam bir yaşayış massivi olub: “Hətta mən deyərdim ki, layihələndirmə baxımından şəhərin ən uğurlu yaşayış massivlərindən biridir. Bunun nəyi pisdir? Bizim düşüncəmizdə çox səhv bir anlayış var ki, mən şəhərin mərkəzində yaşamalıyam, mütləq maşınım olmalıdır, ucuz xidmətlərdən istifadə etməliyəm. Xeyr, dünyanın heç bir yerində belə deyil. Dünyanın əksər şəhərlərinin mərkəzində yaşamaq çox bahalıdır. Əksər ölkələrdə şəhərin mərkəzində avtomobillərin park yerləri çox bahadır. Yəni pulun var saxla, yoxdur köç get. Bilirsiniz, bu insanların haqqının azaldılması demək deyil. Hesab edirəm ki, bu mənada Bakıda da insanların şəhərin mərkəzindən nisbətən kənar ərazilərə köçüb getmələri normaldır. Prosesin davamlı olacağı gözləniləndir”.