Bakının mərkəzində “kənd yolu”

555

Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yol artıq uzun müddətdir bərbad vəziyyətdədir. Söhbət el arasında “Qaçqın bazarı” adı ilə məşhur olan ərazidən keçən yoldan gedir. Ərazidə yaşayanlar deyirlər ki, yol uzun müddətdir bu vəziyyətdədir.

Müasir Bakımızda belə yolun olması həqiqətən də çox təəccüblüdür. Yağış yağanda isə ərazidə vəziyyət daha da acınacaqlı olur. Həmin küçənin Ağasadıq Gəraybəyli küçəsi ilə kəsişməsində də vəziyyət ürəkaçan deyil. Yoldakı gölməçələr su ilə dolduğundan sürücülərin avtomobili zədələnir.

Bir taksi sürücüsü isə bizi görcək yarızarafat-yarıgerçək dedi ki, qardaş, bu yol Azərbaycanda xəritədən silinib. Yolun fotolarını çəkərkən sürücülərdən maşını saxlayıb problemi daha təfərrüatlı şəkildə izah etmək istəyənlər də oldu.

Bildirdilər ki, bir müddət öncə yol təmir adı ilə bağlanıbmış: “Yol bir xeyli bağlı qaldı, qazıntı işləri aparıldı və s. Ancaq sonra nə baş verdisə yarımçıq qoyub getdilər”.

“Digər işlər yekunlaşmadan

təmir işləri aparıla bilməz”

Problemlə əlaqədar “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qəzetimizə açıqlamasında dedi ki, həmin küçədə digər dövlət qurumları tərəfindən kommunikasiya xətlərinin yenilənməsi işləri görülür: “Biz “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olaraq həmin yolu təmir edəcəyik. Sadəcə, gərək həmin ərazidə işlər yekunlaşsın ki, yolun təmirinə başlayaq”.

Anar Nəcəfli dedi ki, küçənin təmirinə başlanılması tarixi digər qurumların öz işlərini nə vaxt yekunlaşdırmasından asılı olacaq: “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində sözügedən küçənin təmiri nəzərdə tutulur. Lakin digər işlər yekunlaşmadan təmir işləri aparıla bilməz, əks təqdirdə yol yenidən qazıla, borular partlaya bilər. Odur ki, işlər yekunlaşandan sonra təmirə başlayacağıq”.

Nicat İntiqam