Bakının ilk memarı haqqında

435

Yəqin, metronun “Nizami” stansiyasının qarşısındakı parkdakı heykəli görmüsünüz. Bəli, adı da, soyadı da abidədə həkk olunub: “Zivərbəy Əhmədbəyov”. Nə yazıq ki, onun kim olduğu, hansı sənətin sahibi olduğu ilə o qədər də maraqlanmırıq. Bu şəxs ölkəmizin ilk ali təhsilli memarıdır. Bəli, o da bir vaxtlar Bakının gözəlləşməsi üçün çalışıb, bu sahədə öz bilik və bacarığını əsirgəməyib. Bakıdakı Təzə Pir məscidi, Əmircandakı Murtuza Muxtarovun tikdirdiyi məscid, Bakı və Şamaxıda məktəb, xəstəxana, bir sıra yaşayış evləri onun layihələri əsasında ucaldılıb. O həmçinin Şamaxıda Cümə məscidinin, İmam məscidinin də memarı olub. Vladiqafqazda (Şimali Osetiya)bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilib. Zivərbəy Əhmədbəyovun ərsəyə gətirdiklərinə fikir verəndə açıq-aydın görünür ki, o öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirməyə müvəffəq olub. 52 il ömür sürmüş bu şəxsiyyətin anadan olmasından bu gün 144 il ötür. Belə bir gündə ondan söz açmağı özümüzə borc bildik.
Yeri gəlimişkən, onu da qeyd edək ki, bu heykəlin məhz “Nizami” metrostansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Belə ki, metrostansiyanın sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi də elə Z. Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də onun adını daşıyır. (Heykəlin müəllifi isə heykəltəraş Natiq Əliyevdir). 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Zivərbəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə dərin hörmətinin göstəricisidir.
Dövrünün görkəmli ziyalılarından biri olmuş Zivərbəy Gəraybəy oğlu Əhmədbəyov 1873-ci ildə Şamaxıda doğulub. 1902-ci ildə Peterburqda İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1902-1917-ci illərdə Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı olub. Həmin vəzifəni ömrünün sonuna qədər icra edib. Zivərbəy Əhmədbəyov həmçinin ictimai fəaliyyətlə də məşğul olub. Onun səyləri nəticəsində 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan” cəmiyyət yaranıb. Amma bizə elə gəlir ki, Zivərbəy Əhmədbəyovun tarixi izinə düşən olsa, onun haqqında daha maraqlı məlumat əldə etmək olar.
Qvami