Bakının hər kvadratkilometrinə 400 avtomobil düşür

0
338

 

Yeni dərs ilinin başlanması tıxaclarına öyrəşdiyimiz Bakıda yolları, necə deyərlər, keçilməz etdi. Bu azmış kimi, Bakıda daha iki yol təmirə bağlanıb. Belə ki, hazırda Bülbül prospektinin, Salatın Əsgərova küçəsi ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar yol bağlıdır. Həmçinin Salatın Əsgərova küçəsi, Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə kimi olan hissədədə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar yol bağlanıb.

 

“Məktəbə gedən şagirdi 15-20

avtomobil müşayiət edir”

Təbii ki, yollarımızda bu vəziyyətin yaranmasında biz sürücülərin də qəbahəti az deyil. Bir-bir saysaq, vaxtımızı çox alar. Məsələn, dərs ilinin başlanması günü Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaydığı açıqlama hər kəsin təəccübünə səbəb oldu. Qurum bildirdi ki, bəzi valideynlər uşaqlarını məktəbə “toy karvanı”nda olduğu kimi, bəzədilmiş avtomobillərdə gətirirlər. Bu isə onsuz da “Bilik günü” basabas olan yollarımızda vəziyyəti daha da qəlizləşdirdi: “Hətta avtomobillərin sayı “toy karvanı”nda olduğundan da çox olur. Bəzən məktəbə gedən şagirdi 15-20 avtomobil müşayiət edir. Bunun nəticəsidir ki, çoxsaylı nəqliyyat vasitələrinin küçə və prospektlərdə icazə verilməyən yerlərdə saxlanılmasına rast gəlirik. Bu isə yollarda hərəkəti, demək olar ki, iflic edir. İndi belə çıxır ki, hər bir metrdən bir yol polisi durmalıdır ki, qanunsuz dayanma-durma hallarının qarşısını alsın? İnsanlar bunu özləri dərk etməlidir ki, bu, əslində anormallıq və eybəcərlikdir və onlar belə etməklə, digərlərinə böyük narahatlıq yaradırlar. Onlar anlamalıdırlar ki, uşaq əsgərliyə yox, məktəbə dərsə gedir və cəmi bir neçə saatdan sonra yenidən evinə qayıdacaq”.

 

Küçə-yol şəbəkəmizin azlığı…

Təbii ki, tıxac təkcə sağlamlığımıza deyil, həm də cibimizə ziyan vurur. Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texnika elmləri namizədi Sülhəddin Gözəlov isə hesab edir ki, paytaxt yollarında bu vəziyyətin yaranmasının bir səbəbi də avtomobillərin çoxluğu, küçə-yol şəbəkəmizin azlığıdır. Məlumat üçün bildirək ki, rayon qeydiyyatında olan, amma Bakıda istifadədə olan avtomobillər də daxil hazırda paytaxtda maşınların sayı 800 mindir. Ümumilikdə isə hazırda ölkəmizdə 1 milyon 200 min avtomobil var. S. Gözəlov deyir ki, ölkəmizdə bu qədər avtomobilin olması normaldır, anormal olan cəhət bu qədər avtomobilin böyük bir hissəsinin mərkəzdə, yəni Bakıda yerləşməsidir. Ekspert mövzu ilə bağlı maraqlı faktları diqqətə çatdırır: “Bakı şəhərində olan avtomobillərin sayını Bakının ərazi sahəsinə bölsək, təqribən hər kvadratkilometrə 400 avtomobil düşür. Halbuki dünya üzrə bu norma 7 avtomobil götürülüb”.

 

“Ona görə də bu

problemlərlə qarşılaşırıq”

S. Gözəlovun sözlərinə görə, avtomobillər böyük bir ərazini zəbt edir, səs-küy yaradır, atmosferi korlayır, titrəyişə, tıxaca səbəb olur: “Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 2200 kilometrdir. Böyük Bakının ərazi sahəsi 2,2 min kvadratkilometrdir. Deməli, hər kvadratkilometrə düşən küçə-yol şəbəkəsinin uzunluğu 1 kilometr edir. Bakı şəhərində nəqliyyat üçün nəzərdə tutulmuş ərazi ümumi sahənin 8-9 faizini təşkil edir. Halbuki Avropa ölkələrində bu göstərici 25-30 faiz, Amerikada 45 faizdir: “Təkcə bu rəqəm Bakıda nəqliyyatla bağlı yaranan problemləri əks etdirir. Bəli, bizdə yol şəbəkəsi Avropa ilə, Amerika ilə, inkişaf etmiş ölkələrlə müqayisədə, həqiqətən də, azdır. Nəqliyyat üçün ayrılmış sahə kifayət qədər azdır. Yollarımız bu sayda avtomobillər üçün çatışmır. Ona görə də bu problemlərlə qarşılaşırıq”.

 

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here