“Bakı”nın dərdi var

507

Azərbaycan Premyer Liqasının beşinci turu “Bakı”nın növbəti məğlubiyyəti ilə yaddaşlara həkk olundu. Belə ki, beş turda 4 dəfə meydana çıxmış paytaxtın eyniadlı təmsilçisi üçüncü dəfə məğlubiyyətə uğradı. Özü də öz meydanında “Sumqayıt”a 1:2 hesabı ilə… Rəsmi məlumata görə, 2004-cü ildən “Bakı” adı ilə çıxış edən “zolaqlılar” startda belə uzun qələbə həsrətini sonuncu dəfə “Dinamo” adı ilə yaşayıb. Bəs “Bakı”ya nə olub? Kimlər və yaxud nələr onun uğuruna imkan vermir? Mən bu kimi suallara cavab tapmaq üçün neçə gün idi ki, baş sındırırdım. Elə bu səbəbdən başım sınıq-salxaq olub. Odur ki, bəri başdan “Çempion”sevərlərdən xahiş edirəm ki, mənim bəzi mülahizələrimi üzrlü hesab edəsiniz.

Hə, onu deyirdim axı… Bəli, “Bakı” yenə uduzdu. Mənə elə gəlir ki, bu il “Bakı” möhkəm xəstələnib. Şair demişkən, vallah-billah,

 

“Bakı”nın dərdi var, “Bakı” xəstədir.

Yaman əzab çəkir, lap can üstədir.

Dərin fikirlərə qərq olub yazıq

Haqqını istəyir o da azacıq…

 

Lakin nədənsə xəstəliyinə çarə edən tapılmır ki, tapılmır. Hətta bu səbəbdən komanda dağılmaq üzrədir. Yeri gəlmişkən, onun xəstəliyinin dəqiq diaqnozu da bəllidir: maliyyə, bizim ana dilimizdə desək, pul.

Yeri gəlmişkən, hərdən mənə elə gəlir ki, futbol bir maşındır. Məşqçi işi, futbolçu oyunu, prezidentin mövqeyi maşının müxtəlif hissələri olub, onun normal çalışmasına xidmət edir. Lakin bir şey gün kimi aydındır. Yanacaqsız maşın bir işə yaramaz. Futbolda da yanacaq puldur. (Pul dedim, yadıma Ceki Meysonun bu kəlamı düşdü: “Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm”). Bu mənada “Bakı”nın oyunçularını günahlandırmaq fikrində deyiləm. Çünki onlar səkkiz aydır ki, maaş, yəni pul üzünə həsrətdirlər. Yeri gəlmişkən, arvad-uşaq həsrətinə birtəhər qatlaşmaq olar, amma pul həsrətinə dözmək olmur axı?

Zənnimcə, bunu həmin klubun, üstəlik, AFFA-nın rəsmiləri də çox yaxşı bilirlər. Nə qədər qəribə olsa da, səsi Avropanın məşhur klublarından gələn, “Lans”, “Atletiko” ilə oturub-duran bu klubun prezidenti, yəni Hafiz Məmmədov cənabları, özü demişkən, ona-buna sponsorluq edir. Lakin “Bakı”ya nədənsə əl tuta bilmir. Bu nə qədər gülməli olsa da, bir o qədər də utancvericidir. Görünür, o bu kimi “xırda” işlərlə məşğul olmağa vaxt tapa bilmir. Yeri gəlmişkən, bu yerdə bir məsələyə də toxunmaq istərdim. Son günlər bu kişinin ünvanına başqa iradlar da səslənməkdədir. Lakin gəlin etiraf edək ki, Hafiz Məmmədov bir ətək pul töküb “Atletiko”, “Lans”, “Şeffıld” kimi komandaların formalarına atasının adını yazmayıb ki… Ölkəsinin adını yazdırıb da. Həmin komandalara da sərmayəni ölkəmizə fayda vermək üçün qoyur da… O ki qaldı o kişinin digər gələcək perspektivlərinə… Axı o kişi müsahibələrinin birində bu məsələyə aydınlıq gətirib və deyib ki, Rövnəq Abdullayev FİFA-ya Yozef Blatterin yerinə getsə, mən AFFA prezidenti olacağam. Deyəsən, mövzudan bir qədər kənara çıxmaqla ofsayda düşdüm axı? Deyirəm, nə yaxşı ki, ofsayda görə sarı kart göstərmirlər, yoxsa biabır olardım.

Hə, onu deyirdim axı? Hazırda “sinəsini qabağa verən”, elə bu səbəbdən son günlər idman saytlarının ulduzuna çevrilən klubun icraçı direktoru Yaşar bəy Seyidovdur ki, o da gah nala vurur, gah da mıxa. Bəzən hədə ilə danışmaqdan belə çəkinmir. Elə bu əlamətlərdən Yaşar bəyin nədən danışdığı, kimi və yaxud kimləri müdafiə etdiyi məlum olmur. Görünür, “Bakı”nın xəstəliyə ona da sirayət edib. (Elə mən də bu yazını xəstə halda, daha doğrusu, yorğan-döşəkdə yazıram).

Bəli, son günlər maliyyə imkansızlığından “Bakı” heç əməlli-başlı məşqlərə də cıxmırdı. Bütün oyunçular bir ağızdan: “Oynamışam, pulumu ver, pulumu ver”, – deyərək məşqlərdən də imtina edirdilər. Elə komandanın baş məşqçisi İbrahim Uzunca da deyib ki, məhz bu amil, yəni normal şəkildə məşq etməməyimiz ikinci hissədə özünü göstərdi. Halbuki Yaşar bəy klub məşqləri davam etdirir demişdi”. Yeri gəlmişkən, məşqçi həmçinin deyib: “İnanıram ki, maddi durumumuz da düzələcək və biz də qələbələr qazanmağa başlayacağıq”. Amma o, bu dərmanın xəstələrə nə vaxt çatdırılacağı barədə konkret tarix açıqlamır. Bu isə o deməkdir ki, “Bakı”nın xəstəliyinin hələ bir müddət də davam edəcək. Amma şəxsən mən bunu arzulamazdım.

Xülasə, yenə deyirəm, “Bakı” “Sumqayıt”la oyuna xəstə halda çıxdı. Hətta mən deyərdim ki, “Bakı” həmin görüşə kiminsə xatirinə gəldi. Xəstədən isə bundan artıq oyun gözləmək sadəlövhlük olardı.

Qvami Məhəbbətğlu