Bakının 17 günü və yaxud Qafqazın Olimpi

536

Bəli, “Bakı-2015” Birinci Avropa Oyunları başa çatdı. Düz 17 gün Bakı dünyanın diqqət mərkəzində oldu. Bu tarixi missiyanı çox böyük uğurla yerinə yetirdiyinə görə Bakı haqqında hələ çox dastanlar qoşulacaq. Yəni indən belə Avropa Oyunları hansı ölkədə keçirilirsə keçirilsin, istəsələr də, istəməsələr də, hər dəfə Azərbaycanın – Bakının adı şəkiləcək. Çünki Azərbaycan bu beynəlxalq yarışmaya ev sahibliyi etməklə yalnız bir ilkə imza atmadı, həm də, sözün həqiqi mənasında, öz möhürünü vurdu.
21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qaldı. Bu, Azərbaycanın idman tarixində görünməmiş bir uğuru kimi tarixə düşdü. Sonuncu – London Olimpiadasında 10 medal qazanan idmançılarımız potensiallarının daha böyük olduğunu və Cənubi Amerikada daha yüksək nəticə göstərə biləcəklərini nümayiş etdirə bildilər.
Kim nə deyir desin, Azərbaycan bu yarışdan kifayət qədər divident əldə etdi. Məhz bu beynəlxalq tədbir çərçivəsində Bakı həm idman, həm turizm infrastrukturunu inkişaf etdirdi. Yeri gəlmişkən, üç il müddətində, yəni ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Romada Avropa Olimpiya Komitəsinin qərarının qəbulundan sonra ölkəmizdə çox böyük işlər görüldü. Kim bilir, bəlkə də adi vaxtda bu kimi nailiyyətlərə nail olmaq üçün ölkəmizə ən azı 10-15 il lazım ola bilərdi. Amma bütün bunlar üç il müddətində görüldü. Bu məsələdə, şübhəsiz ki, Azərbaycan Prezidentinin, eləcə də Təşkilat Komitəsinin, onun rəhbəri Mehriban xanım Əliyevanın işini, fədakarlığını yüksək qiymətləndirməmək mümkün deyil.
Oyunların açılış və bağlanış mərasimləri Dağlıq Qarabağ regionu, Nizami Gəncəvi, “Sarı gəlin” mahnısı və digər dəyərlərlə bağlı dünyaya nə qədər mesaj ötürdü. Ən əsası milli mədəniyyətimizi, bir sözlə, ölkəmizi misli görünməmiş şəkildə təbliğ etdi. Bununla həm də Azərbaycan ona qarayaxanlara tutarlı cavablar verdi. Burada bir məsələyə də toxunmaq istəyirəm: bəzi qüvvələr, daha doğrusu, ölkəmizin inkişafını, tərəqqisini həzm edə bilməyənlər bu tədbiri boykot etməyə calışdılar. Lakin həmişə olduğu kimi, bu dəfə də onların qara niyyətləri ürəklərində qaldı. Bu isə hər şeydən əvvəl Azərbaycanın həmin qüvvələr üzərində növbəti bir qələbəsi oldu. Bizi hələ belə çox zəfərlər gözləyir. Bu mənada mən deyərdim ki, Bakı-2015 Birinci Avropa Oyunlarıda gəlirlərimiz xərclərimizdən bir neçə dəfə çox oldu.
Bəli, bu 17 gündə dünya Bakıdan danışdı. Şair demişkən, Bakı onların informasiya mənbələrinin əzəl mübtədası, əzəl xəbəri oldu. “Köhnə qitənin” 50 ölkəsindən gəlmiş 6 mindən artıq idmançı yurdumuzun inkişafı, tolerantlığı ilə əyani şəkildə tanış oldu, öz vətənlərinə bütün bunlarla bağlı xoş mesajlar göndərdilər. Və Azərbaycandan çox böyük təəssüratlarla ayrıldılar. İnanıram ki, bu yarışın hər bir iştirakçısı, onların yaxınları indən belə öz ölkələrində həm də Azərbaycanın səfiri funksiyasını yerinə yetircəklər.
Bir sözlə, Avropa Oyunlarını ölkəmiz üçün böyük nailiyyət hesab etmək olar. Çünki ən azından Azərbaycan yeni yaranan yarışın təməlini qoyaraq, növbəti ev sahibləri üçün əlçatmaz nümunələr göstərdi.
I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq. Artıq Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verib (Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli daim eyni ölkədə – Yunanıstandakı Olimp dağında alovlandırılır). Bu isə Odlar yurdunun öz tarixinə sadiqliyinin bir daha əyani sübutudur.

Qvami Məhəbbətoğlu