Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində “Yaşayan tarix” adlı heykəltəraşlıq üzrə festival-sərgi keçirildi. Sərgidə Azərbaycan və dünya tarixi şəxsiyyətlərinin büstləri sərgiləndi.
Layihə koordinatoru İsmayıl İsmayılov layihə haqqında ətraflı məlumat verdi. Festival-sərginin münsiflər heyətinin üzvləri – xalq rəssamı, heykəltəraş Ömər Eldarov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, heykəltəraş Natiq Əliyev çıxış edərək belə bir tədbirin ilk dəfədir keçirildiyini vurğulayıblar. Onlar Azərbaycanda istedadlı gənc heykəltəraşların olduğunu qeyd edərək bu sərginin davamlı təşkil edilməsini arzuladılar. Bildirildi ki, sərgiyə təqdim olunan əsərlər peşəkarlıqla hazırlanıb.
Sərgidə qəbul edilən ərizə və keçirilmiş müsahibə nəticəsində seçilən 17 gənc heykəltəraşın bir ay ərzində hazırladığı Azərbaycanın və dünyanın 20 nəfər tarixi şəxsiyyətlərinin büstləri nümayiş edildi. Milli Qəhrəman Mübariz İbrahimovun büstünə görə Vüqar İmamquliyev birinci, Xalq Şairi Xəlil Rza Ulutürkün portretinə görə Kamran Əsədov ikinci, Xalq Rəssamı Toğrul Nərimanbəyovun büstünü hazırlayan Süleyman Rüstəmov isə üçüncü yerlərə layiq görüldülər.
Layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək , gənc istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələririnin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı- ayrı yerlərində yerləşdirilməsinə kömək etməkdir.
Layihənin rəhbəri İslam Həsənəlizadədir.