Bakıda kirayə qiymətləri ucuzlaşıb

0
530

Məlumdur ki, Bakı Azərbaycanda kirayəyə ən çox tələbat olan şəhərdir. Xüsusilə, işləmək üçün bölgələrdən paytaxta üz tutanlar burada kirayədə yaşamağa məcburdurlar. Elə ona görədir ki, mənzil kirayə vermək Bakıda ən gəlirli sahələrdən biri hesab olunur. Bir az imkanı olan adam əlavə bir ev alıb, verir kirayəyə. Əgər kirayənişin narahat adam olmasa, evi bərbad hala salmasa, kirayə haqqını vaxtlı-vaxtında ödəsə, bu iş ən rahat qazanc hesab oluna bilər. Amma bu hər vaxt mümkün olmur. Yəqin ki, indi hansı kirayənişini dindirsən, kirayə qiymətlərinin baha olduğunu deyər. Doğrudan da elədir. Təsəvvür edin, səhərdən axşamadək işləyib aylıq 500-600 manat maaş alan adam qazancının yarıdan çoxunu kirayəyə ödəməli olur. Elə ona görə də rayondan gəlib Bakıda işləyən, kirayədə yaşayanların bəziləri yarızarafat-yarıciddi “bir qarın çörəyə işləyirəm” deyirlər. “İşini itirənlər arasında rayonlardan Bakıya gəlib işləyənlər də var” Bu günlərdə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Bakıda kirayə və obyektlərin icarə qiymətlərinin ucuzlaşdığını söyləyib. Onun sözlərinə görə, kirayələrdə qiymətlər 4,7 faiz, kommersiya obyektlərinin icarəsində isə 4 faiz enib. Mövzunu araşdırmaq qərarına gəldik. Bakının Nizami rayonu ərazisində maklerlik edən Vaqif Hüseynov son vaxtlar kirayə evlərə tələbatın azaldığını söylədi. Onun sözlərinə görə, passivliyin səbəbi dəqiq məlum deyil: “Dolların devalvasiyasından sonra bəzi şirkətlərin işində axsamalar oldu, bəziləri işçilərini ixtisar etdilər. Yəqin ki, işini itirənlər arasında rayonlardan Bakıya gəlib işləyənlər də var. Amma bu, kütləvi olmadı, kirayə bazarına təsir edəcəyinə inanmıram”. “Ev verən var, kirayə istəyən yoxdur” Hazırda Bakıda ofis və mənzillərin kirayəsi ilə məşğul olan Şamo Mikayılov da bizimlə söhbətində kirayə mənzillərə tələbatın azaldığını söylədi. Onun sözlərinə görə, əvvəllər Bakının mikrorayonlarında kirayə mənzillərə tələbat çox yüksək imiş: “Hətta elə vaxtlar olub ki, kirayə mənzil olmadığından müştərilərə “yox” cavabı verməli olmuşuq. Sifariş çox, bazarda kirayə mənzil az olduğundan müştərilərin adını siyahıya yazıb, əlaqə nömrələrini götürüb, sonradan zəng vurub əlaqə saxlayırdıq. Amma indi vəziyyət tam tərsinə dəyişib. Ev verən var, kirayə istəyən yoxdur”. Yeni tikililərdə mənzillərin kirayə qiyməti… Ş. Mikayılovun dediyinə görə, müştəri az olduğundan qiymətlərdə də müəyyən qədər ucuzlaşma müşahidə olunur: “Tələbat olmayan yerdə mənzil sahibləri də çalışırlar ki, qiymətləri endirsinlər”. Həmsöhbətimiz kirayə bazarında durğunluğun nə vaxtadək davam edəcəyini təxmin etməyin çətin olduğunu söylədi. Müsahibimiz mikrorayonlarda kirayə mənzillərin qiymətini də açıqladı. Onun sözlərinə görə, köhnə binalarda 1 otaqlı mənzillərin kirayə qiyməti 250-300 manat arasında dəyişir. Həmin binalarda 2 otaqlı mənzillərin kirayə qiyməti 300-400 manat, 3 otaqlı mənzillərin isə qiyməti 300-500 manat arasında dəyişir. Yeni tikililərdə isə 1 otaqlı mənzillərin kirayə qiyməti 300-400 manat, 2 otaqlı mənzillərin kirayə qiyməti 400-500 manat, 3, 4, 5 otaqlı mənzilləri kirayə qiyməti isə 450-1000 manat arasında dəyişir… Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here