Bakıda İran kinosu günləri keçiriləcək

435

Fevralın 23-dən 27-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda İran kinosu günləri keçiriləcək.

Bu məqsədlə ölkəmizdə səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi. Ulu öndərin xatirəsi ehtiramla yad olundu, məzarı önünə gül dəstələri düzüldü.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər güllər qoyuldu.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Jurnalistlərə açıqlama verən Abuzər İbrahimi Türkaman mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvəti ilə ölkəmizdə səfərdə olduğunu dedi: “Azərbaycan bizim üçün dost və qardaş ölkədir. İki ölkə mədəni, tarixi və dini baxımdan bir-birinə sıx bağlıdır. Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər var və iki ölkə prezidentlərinin rəhbərliyi ilə daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Azərbaycanda İran kinosu günləri təşkil olunur”.

Abuzər İbrahimi Türkaman onu da bildirdi ki, səfər zamanı mədəniyyət tədbirləri ilə yanaşı, Azərbaycan və İran arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivlərinin və digər məsələlərin müzakirəsi də nəzərdə tutulur.

Qeyd edək ki, İran kinosu günləri çərçivəsində aşağıdakı filmlər nümayiş olunacaq:

 

Açılış günü təqdim olunacaq “Cangüdən” filminin  mövzusu ölkənin məsul şəxslərini qoruyan Heydər idealist bir şəxsdir.  Hadisələr məsul şəxslərdən birinin başına gələn olaydan sonra başlayır. Heydər atom aliminin cangüdəni təyin edilir, onu terordan qorumalıdır. Bu film Viyanada keçirilən beynəlxalq film festivalında 3 və Fəcr festivalında 2 mükafat qazanıb.
Tamaşaçılar  fevralın 24-də “Xəyanətin şirin dadı” filminə baxacaqlar. Şirin adlı qız öz elçiliyini anlatır. Onun elçisi öz müəllimidir. Bu dəyişik romantik yumor filmi ətraf mühit, insanla torpaq arsında olan əlaqa barəsindədir.
“Divanə top” film internet vasitəsi ilə tanış olub görüşən bir neçə gənc barədədir. Onlar bir mərc və zarafat nəticəsində qorxulu bir yola düşürlər. Film 33-cü beynəlxalq Fəcr Festivalında Büllur Simurq mükafatına layiq görülüb.  Film ayın 25-də göstərləcək.
Fevralın 27-də “Ayaqqabım hanı?” filmi nümayiş olunacaq. Bu film alyazmer xəstəliyi və mühacirlik barədədir. Həbib Kave zavod sahibidir və alzaymer xəstəliyinə tutulub. Ailəsi onu tərk edib ancaq qızının İrana qayıtması ilə yeni hadisələr başlayır.