Bakıda III Beynəlxalq Teatr Konfransı keçirilir

537

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə noyabrın 5-6-da Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş III Beynəlxalq Teatr Konfransı keçiriləcək.
 “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçiriləcək beynəlxalq tədbirlə bağlı noyabrın 4-də mətbuat konfransında ətraflı məlumat verilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, artıq ənənə halı alan beynəlxalq konfrans bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək. Konfransda 50-dan çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir.

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau qeyd edib ki, tədbirdə iştirak etməkdə məqsədi Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır: “Mənim üçün Azərbaycana gəlmək, belə nüfuzlu tədbirdə iştirak etmək xoşdur. Biz ikitərəfli görüşlər keçirəcəyik və istərdim Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər”.

Tədbirdə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələri dinləniləcək. Konfransda dünya teatr sənətinin müasir problemləri elmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.

Konfrans çərçivəsində “Müasir teatrşünaslıq” (akademik Nelli Korniyenko, Ukrayna), “Rejissor və aktyor sənəti” (Paddi Kannin, Böyük Britaniya) və “Səhnəqrafiya” (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək.
Sonda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azər Paşa Nemətov, İFTR-in baş katibi Mişel Vais, UNİMA-nın bədii rəhbəri Ayşa Rau, Baqota Bələdiyyə Teatrının bədii rəhbəri Ramiro Osorio və ABŞ-dan olan teatr rəssamı İosif Yusupov beynəlxalq konfransla bağlı sualları cavablandırıblar.