Bakıda gənc türkoloqların beynəlxalq elmi konfransı keçirilir

0
360

Noyabrın 21-də AMEA-nın Əsas binasında Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı işə başlayıb.

Tədbiri giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva açaraq Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan konfransın əhəmiyyətini vurğulayıb. O, beynəlxalq konfransda 120-dən artıq məruzənin dinləniləcəyini diqqətə çatdırıb. Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışan G.Baxşəliyeva bildirib ki, qurultayın keçirilməsi türk xalqlarının yaxınlaşmasında, mədəni-mənəvi əlaqələrinin möhkəmlənməsində, inteqrasiya proseslərinin dərinləşdirilməsində önəmli rol oynayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akdemik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb, burada XX əsrin əvvələrində türkoloji elmi-mədəni mühitin aktual məslələrinin müzakirə olunduğunu bildirib. AMEA-nın vitse-prezidenti türkdilli ölkələrin alimləri tərəfindən ortaq türk dili və tarixi dərsliyinin hazırlandığını və bu dərsliyin Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanın orta ümumtəhsil məktəblərində tədris olunacağını söyləyib. İ.Həbibbəyli ortaq türk ədəbiyyatı dərsliyinin də nəşrə hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Famin Salmanov çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıblar.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda 4 bölmə üzrə keçiriləcək iclaslarla davam etdirəcək. İclaslarda türk dillərinin tarixi, türk xalqlarının tarixi və mənbəşünaslığı, arxeologiya və etnoqrafiyası, iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri müzakirə ediləcək.

Konfrans noyabrın 22-də başa çatacaq.