Bakıda elektrik nəqliyyatının tətbiqi vacibdir

543
“Bakıda ictimai nəqliyyat sektorunda problemlərin həlli üçün biz hesab edirik ki, mərhələli şəkildə elektrik nəqliyyatının tətbiqi vacibdir”. Bu sözləri bizimlə söhbətində “Ekoleks” Ekoloji Hüquq mərkəzinin eksperti Samir İsayev dedi. Onun sözlərinə görə, daxiliyanma mühərriki ilə işləyən avtomobillərın paytaxtın mərkəzinə girişinə qadağa qoyulmalıdır. Onların əvəzinə, elektrobuslar, yəni “buynuzsuz” trolleybuslar və tramvaylar buraxmaq daha faydalı olardı”.
“Elektrik nəqliyyatı inkişaf etdirilsin”

Ekspert təklif edir ki, bu, birinci mərhələdə paytaxtın Bakıxanov küçəsi, Nərimanov və Azadlıq prospektlərinə qədər olan ərazidə tətbiq edilə bilər: “Füzuli küçəsindən aşağı hissəyə nəqliyyatın girişinə ümumiyyətlə, məhdudiyyət qoyulsun, Bakıxanov küçəsi və Nərimanov və Azadlıq prospektləri arasında isə elektrik nəqliyyatı inkişaf etdirilsin. Bu, birinci mərhələdir. İkinci mərhələdə isə biz bu işi bir qədər də inkişaf etdirərək Mətbuat prospekti-Həsən Əliyev küçəsi və “Nərimanov” metro stansiyasının yaxınlığına və oradan da “Montin”ə qədər olan ərazidən daxiliyanma mühərriki ilə işləyən sərnişindaşıma avtobuslarının çıxarılmasını təklif edirik. Heydər Əliyev prospekti açıq qalmaq şərti ilə”.

 

“Dar küçələrdə “qatar avtobuslar”ın

hərəkətini gözlərimlə görəndən sonra…”

“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti deyir ki, belə bir təklif hazırlayarkən və bununla bağlı araşdırma apararkən paytaxtımızda metronun inkişaf planını da diqqətlə analiz edib: “Metronun inkişaf edəcəyinə əminəm, çünki tələbat var. Amma buna baxmayaraq, biz bir neçə alternativ variantlar üzərində də işləməyi təklif edirik. Məsələn, biz dünya təcrübəsini analiz edərkən sürətli avtobus nəqliyyatının üstünlüklərini gördük. Bəziləri deyir ki, Bakıda sürətli avtomobil nəqliyyatı xidmətini tətbiq etmək mümkün deyil, amma biz araşdırma apardıq və əmin olduq ki, mümkündür. Hələ bir neçə il əvvəl Bakıya iritutumlu avtobusların gətirilməsi və sərnişindaşımada tətbiqi məsələsi gündəmə gələndə çoxları deyirdi ki, mümkün deyil. İddia edirdilər ki, bu avtobuslar Bakının küçələrində hərəkət edə bilməyəcək. Amma zaman göstərdi ki, mümkündür və əlverişli imiş. Yeri gəlmişkən, mən dünya təcrübəsini öyrənərkən dar küçələrdə “qatar avtobuslar”ın hərəkətini gözlərimlə görəndən sonra əmin oldum ki, bunu Bakıda da tətbiq etmək olar, sadəcə olaraq, buna mədəniyyət lazımdır”.

 

Azərbaycanda 2001-2002-ci ildən

sonra tikilən yollar…

Ekspert bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, Bakıda yollar çəkilərkən ictimai nəqliyyat üçün ayrılmış hərəkət zolaqları da nəzərə alınsa, yaxşı olardı: “Mən bir şeyi təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda 2001-2002-ci ildən sonra tikilən yollar yalnız minik maşınlarının hərəkətinin rahatlığı üçün nəzərdə tutulub. Dünyanın heç bir yerində yollardakı problemləri minik avtomobillərinin rahatlığı üçün həll eləmirlər. Yollardakı problemləri sərnişindaşımadakı narahatlıqları, çətinlikləri aradan qaldırmaq üçün həll edirlər. Bu, bizdə də belə olmalıdır. Bunun ən sadə yollarından biri isə ictimai nəqliyyatı inkişaf etdirməkdir”. NICAT İNTIQAM