Bakıda “Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri açılıb

689

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri – 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2014”) sərgiləri açılıb.

“Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı – “Iteca Caspian” şirkətləri çıxış edirlər. Artıq 9 ildir ki, sərgi Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur. “UFI tərəfindən təsdiq olunmuşdur” nişanı sərginin bütün beynəlxalq standartlara uyğunluğunu sübut edir.
Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxunda məşhur şirkətlər qərarlaşıblar və onların arasında bilavasitə “Əsrin müqaviləsi”nin iştirakçıları – ARDNŞ, bp, “Statoil”, “TPAO”, “LUKoil” və s. kimi şirkətlər vardır. Sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər. Beynəlxalq “Caspian Oil & Gas” sərgisinin iştirakçı tərkibinin daimi yenilənməsi və genişlənməsi dünya neft-qaz cəmiyyətinin sərgiyə artan marağını vurğulayır. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 10 faiz genişlənib.

Hər iki sərgi öz işini iyunun 6-da yekunlaşdıracaqdır.