Bakıda 5 binanın “nəfəsliyini” kəsdilər – ağacları qırırlar

0
529

Nicat İntiqam

Qəzetimizin 9 iyul tarixli sayında paytaxtın Yasamal rayonunun Zərdabi prospektində ağacların qırılması barədə məlumat vermişdik. Qeyd edək ki, tanınmış jurnalist Azər Sarıyev də bu günlərdə sosial şəbəkədə ərazidən çəkilmiş fotonu paylaşmışdı. Mövzu ilə bağlı yazı hazırlayarkən faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənmişdik. Qurumun əməkdaşı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Gülşən Hüseynova “Zaman-Azərbaycan”a açıqlamasında ərazidə ağacların qırılmadığını iddia etmişdi. Onun sözlərinə görə, ərazidə kütləvi ağacqırma olmayıb.

“Buranı da bizə çox gördülər”

Gülşən Hüseynova Yasamal rayonunun Zərdabi prospektində hazırda iş getmədiyini də bildirmişdi. Dünən sözügedən əraziyə yollanıb, vəziyyəti yerindəcə araşdırmağa çalışdıq. Sakinlər bizi görən kimi “açdılar sandığı, tökdülər pambığı”. Dediklərinə görə, bu problemlə əlaqədar əksər dövlət qurumlarına şikayət məktubu ünvanlayıblar, lakin indiki vəziyyətdən belə aydın olur ki, bir faydası olmayıb. “Bu ərazi Zərdabi prospekti 73, 75, 77 və 81 nömrəli binalarda yaşayan sakinlər üçün bir “nəfəslik” rolunu oynayırdı. Gördüyünüz kimi, sözügedən binalar yola yaxın ərazidə yerləşdiyi üçün sakinlərin istirahəti üçün yer yoxdur. Bir dənə bu ərazi idi ki, yaşıllıq idi, ağac əkmişdik, gül əkmişdik. Qocamız var, xəstəmiz var – burada oturub istirahət edir, nəfəs alırdılar. Lakin buranı da bizə çox gördülər”,-deyə sakinlər bildirdilər.

“Camaatın narazı olduğunu bilirlər”

Sakinlərin sözlərindən belə aydın oldu ki, bu ərazi əvvəllər yaşıllıq və uşaqlar üçün əyləncə meydançası olsa da, sonradan hasarlanıb: “Bura hasarlanandan sonra mütəmadi dövlət qurumlarına bütün sakinlərin imzası olmaq şərti ilə şikayət məktubu yazırdıq. Uzun-uzadı şikayətlərimizdən sonra hasar söküldü. Biz də sevindik ki, şikayətimizə baxıldı. Ancaq üstündən bir xeyli müddət keçəndən sonra yenidən hasara aldılar. İndi isə ərazidə qazıntı işləri aparılır. İnanın, toz-torpaqdan, texnikanın səs-küyündən yata da bilmirik”. Sakinlər bir maraqlı məqama da toxundular. Dediklərinə görə, qazıntı işlərini aparanlar sakinləri bir qədər arxayınlaşdırmaq üçün hasarlanan uşaq meydançasının abadlaşdırılacağı, burada fontan quraşdırılacağı barədə şayiə də yayılıb. Ərazidə yaşayanlar qeyd etdilər ki, son bir neçə günədək qazıntı işləri gecələr aparılırmış, lakin onların şikayətlərindən sonra buna son qoyulub: “İşləri səhər 9-dan sonra görürlər. Gah işləyirlər, gah işləmirlər. Yəqin belə edirlər ki, diqqət çəkməsinlər. Həm də camaatın narazı olduğunu bilirlər. Ona görə müxtəlif saatlarda işləyirlər. Bütün baş verənlərə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məsuliyyət daşıyır. Axı o buna niyə göz yumur?”

“Ağacların bəziləri “öz-özünə” solmağa başlayıb”

Ərazidə olarkən bir məqam da diqqətimizi çəkdi. Belə ki, qazılan ərazinin 3-4 metrliyində başqa bir uşaq meydançası da var. Sakinlərin sözlərinə görə, bir vaxtlar həmin bu uşaq meydançası yaşıllıq, qazılan indiki yerdə olub: “Haqqında danışdığımız bu ərazini alan şəxs (və ya şəxslər) bir müddət əvvəl yaşıllığın içərisindəki uşaq meydançası alətlərini 3-4 metr kənara köçürdülər. Məqsəd, təbii ki, həmin yaşıllığı qırmaq və yerində obyekt tikmək idi”. Başqa bir sakin isə dedi ki, bir vaxtlar indi qazılan bu ərazidə 120-yə yaxın şam ağacı olub: “Bir neçə ay əvvəl ağacları qırdılar. Qırılmış ağacların yerinə təzədən 120 ədəd şam ağacı əkdik. Başqa ağaclar da var idi. İndi onlar yoxdular. Qazılan ərazinin qarşı və arxa tərəflərində bir neçə ağacı saxlayıblar ki, iş gedərkən ətrafdan görünməsin. Yəqin bunlar da məhv olacaq. Artıq ağacların bəziləri “öz-özünə” solmağa başlayıb”. Maraqlıdır, Yasamal Rayon İcra Hakimiyyəti bunlara niyə göz yumur? Tədbir görülməməsinin arxasında nə dayanır?