“Bakı” “xəstə” olmasaydı…

564

Bəli, Azərbaycan Premyer Liqasında on doqquzuncu turun oyunları keçirildi. Mən bu yazımda hər bir komandanın həmin turdakı oyunu barədə ətraflı söz açmaq fikrində deyiləm. Yalnız 3 komandanın – “Sumqayıt”, “AZAL” və “Bakı”nın iştirakı ilə keçirlən oyunlardan danışmaq niyyətindəyəm. Bir daha xatırladaq ki, Premyer Liqada çıxış edən digər altı komandadan fərqli olaraq, bu üç komanda qırx günlük qış fasiləsini öz bazalarında, daha doğrusu, məmləkətimizdə keçiriblər. Yenə bəli, deyib keçirəm yazımın mabədinə. Bizim əksər idman mütəxəssislərimiz, həmçinin bəzi yazarlarımız elə güman edirdilər ki, Antalyada təlim-məşq toplanışı keçirən komandalar oradan, sözün həqiqi mənasında, formada qayıdacaqlar. Başqa sözlə desək, qayıdandan sonra keçirəcəkləri hər oyunda qaz vurub qazan dolduracaqlar (Bu ifadəni futbol termini ilə əvəz etsək, qol vurub xal qazanacaqlar). Lakin həmin tur göstərdi ki, bu, əsla belə deyil. Yəqin, deyəcəksiniz, yenə sənə nə olub, niyə yenə boş-boş danışırsan, niyə belə sayıqlayırsan? A kişilər, elə isə bu daş, bu da tərəzi, gəlin “evdəqalanlarla”, yəni məmləkətimizdə qış fasiləsini keçirənlərlə,  Antalyada məşq edənlərin bu turdakı oyunlarını müqayisə edək. Məgər bu turda AZAL flaqman adlandırdığımız “Neftçi”ni-a 2:1 hesabı ilə məğlub etmədimi? Etdi. Antalyada təlim-məşq toplantısı keçirmiş “Neftçi”nin baş məşqçisi Arif Əsədov isə bu acı məğlubiyyətin səbəbini belə açıqladı: “Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər var idi. Dörd oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq”.

Arif bəyin hər məğlub olduğu oyundan sonra belə açıqlamalar verməsinə artıq adət etmişik. Üstəlik, elə Antalyada da söylədiyi monoloqların hamısı buna bənzər idi. Sual olunur: bəs Arif bəy həmin dediyi səhvləri nə vaxt aradan qaldıracaq? Belə çıxmırmı ki, qış fasiləsində o bir baş məşqçi kimi səhvlər üzərində işləməyib. Vallah-billah, belə çıxır.

Məmləkətimizdə qış fasiləsini keçirən “Sumqayıt” bu turda heç-heçəyə nail olmaqla Antalyada sinəsinə döyən bankirlərə – “İnter”ə göz dağı çəkdirmədimi? Çəkdirdi. Bülbül kimi ötən bu komandanın baş məşqçisi Kaxaber Sxadadzeyə yerini göstərmədimi? Göstərdi. Sonda Kaxaber müəllim demədimi ki, təlim-məşq toplanışı zamanı komanda həm mətbuat, həm də orada olanlar tərəfindən xeyli tərifləndi. Amma yoxlama oyunlar ilə rəsmi oyunlar fərqlidir. (Bir də Kaxaberin bir gözü nə qədər ki, Gürcüstan millisində olacaq “İnter” elə belə nəticələrə imza atmaqda davam edəcək).

Nədənsə Arif bəyin, həm də Kaxaberin bu dəfəki monoloqlarındakı bağlayıcılar – “lakin”lər də mənim diqqətimi çəkdi. Amma hər iki baş məşqçiyə tövsiyə edərdim ki, “lakin”lərinin yanına “amma”lar, “ancaq”lar da qoşsunlar. Nədən bilirsinizmi? Çünki, bir tanışım demişkən, həmin bağlayıcılardan biri daxili narahatlığı soyutmaqda çətinlik çəkir.

Yəqin, deyəcəksiniz ki, axı bu “evdəqalanları” niyə belə göylərə qaldırırsan, axı onlardan biri, yəni “Bakı” “Qəbələ”yə uduzdu axı. Elədir, uduzdu. (Fikrimcə, bu oyunda sadəcə “Qəbələ”nin bəxti gətirdi). Unutmayın ki, “Bakı” xəstədir, yaxşı günlərini yaşamır, yəni komanda maliyyə sarıdan korluq çəkir, hələ özünə gəlməyib. “Xəstə”yə qalib gəlib öyünmək isə “Qəbələ”yə yaraşmaz. “Bakı” xəstə olmasaydı, o da o biri “evdəqalanlar” kimi öz sözünü deyəcəkdi. Bir sözlə, “Qəbələ” də heç Antalyada olan komandaya oxşamırdı. Elə buna görə də “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk demədimi a, komandam mənim istədiyim kimi oynamadı? Dedi axı. Bu isə o deməkdir ki, Antalya bu komandaya da demək olar ki, heç nə verməyib. Hətta bu yerdə deyərdim ki, bu turda “Sumqayıt”, “AZAL” və “Bakı” Antalyada olanlardan daha yaxış oyun nümayiş etdirdi.

Bir sözlə, bu 3 komandanın oyununa baxandan sonra bir daha əmin oldum ki, sanki həmin komandalar Antalyaya məşq etməyə deyil, başqa məqsədlər üçün gediblər. Elə onlar oyunları ilə də bunu sübut etdilər. O da bir daha təsdiqini tapdı ki, Antalya kimi məkanlarda məşq etməklə bizim komandaları formaya salmaq mümkün deyil. Başqa sözlə desək, Azərbaycanda qalıb məşq keçməklə, Antalyada hazırlıq keçmək arasında elə bir fərq yoxdur.

QVAMİ MƏHƏBBƏTOĞLU