“Bakı-Tbilisi-Qars”a qoşulmaq istəyənlərin sayı artır

488

Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiyanı birləşdirəcək ən qısa nəqliyyat dəhlizi olacaq. Bunu Baş nazirin müavini Abid Şərifov ADA Universitetində keçirilən “Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi” adlı konfransda deyib. Onun sözlərinə əsasən, yüklərin daşınması müddəti nəqliyyat sektorunda ən vacib məsələlərdən biridir. Yeni dəmiryol xəttinin işə salınması Avropa və Asiya arasında daşıma müddətini xeyli azaltmağa imkan verəcək. A.Şərifov qeyd edib ki, bu dəmiryol xətti təkcə Azərbaycan üçün deyil, həm də bu layihədə iştirak edən digər ölkələr üçün böyük önəm kəsb edir.

Nəqliyyat nazirinin müavini Musa Pənahov isə tədbirdə deyib ki, layihə çərçivəsində işlər həm Türkiyədə, həm də Gürcüstanda davam edir. M.Pənahov əlavə edib ki, yeni dəmiryol xətti 2015-ci ilin sonuna işə düşəcək, bu ilin sonunadək isə Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işgüzar qatar işə salınacaq. Musa Pənahov Türkiyə ərazisində işlərin yubanması haqqında informasiya ilə bağlə sualı cavablandırarkən deyib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq. Onun sözlərinə görə, bu söhbətlər layihə reallaşdırılmağa başlayandan var: “Demək istərdim ki, Türkiyədə işlər davam edir və vaxtına tamamlanacaq”.

Nazir müavini bildirib ki, təşəbbüskarı Qazaxıstan olan “Silk Wind” layihəsi çərçivəsində də işlər davam edir. Layihə “Çin-Qazaxıstan-Xəzər-Qafqaz-Türkiyə-Avropa” konteyner qatarının buraxılmasına istiqamətlənib. Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu daşımalarının təşkili barədə saziş üzərində işləyirlər.

Onun sözlərinə əsasən, işlər Əfqanıstandan Türkmənistana yeni dəmir yolununun tikintisi və onun yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdirilməsi layihəsi çərçivəsində aparılır.

Nazir müavini qeyd edib ki, hazırda Hindistan və Pakistan da Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsinə qoşulmağa böyük maraq göstərir. Daha əvvəl Əfqanıstan və Qazaxıstan BTQ-yə qoşulmaqda maraqlı olduqlarını bildirmişdilər.

Bakı Beynəlxalq Ticarət Limanının rəhbəri Taleh Ziyadov da Bakı-Tbilisi-Qars dəmiryol xəttinin böyük önəmini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və əhəmiyyətli infrastruktur imkanları var ki, bu da ona beynəlxalq nəqliyyat dəhlizlərində öz yerini tutmağa imkan verir. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.