“Bakı-Tbilisi-Qars enerji layihələrindən daha böyük nəticələri olan layihədir”

567
“TANAP layihəsinin təməlqoyma mərasiminin harada keçirilməsindən çox onun reallaşdırılmasının mahiyyəti önəmlidir. TANAP planlaşdırıldığı kimi, addım-addım irəliləyir”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Diplomat bildirib ki, layihə ilə bağlı Türkiyədə lazımi işlər görülüb: “Boruların döşənməsi işləri tamamlanıb, onların emalı ilə bağlı məsələlər həll olunur”.
Onun sözlərinə görə, Türkiyədə TANAP-ın həyata keçirilməsi planları tərəfdaşlarla birgə həll olunur: “Bu, asan iş deyil. İşlərin sinxronlaşdırılması, zamanla bağlı məsələlərin uyğunlaşdırılması lazımdır. Bunu da edirik. Vaxtilə Bakı-Tbilisi-Ceyhan bir xəyal idi. Lakin bu gün biz onun haqqında olmuş bir şey kimi danışırq. Eyni şey TANAP-la da olacaq. Biz bunu bacaracağıq və irəlilədəcəyik”.

Diplomat Türkiyə və Rusiya arasında qaz tədarükü ilə bağlı razılaşmaya da münasibət bildirib: “Bu razılaşma hələlik niyyət bəyannaməsi şəklindədir. Bu məsələ üzərində çalışacağıq. Bunun hər iki tərəf üçün rentabelli olması məsələsi var. Belə işlər iqtisadi cəhətdən rentabelli olub-olmadığı yoxlanıldıqdan sonra həyata keçirilir. Türkiyənin TANAP-la əlaqədar addımlarının zəiflədiyini düşünmək real deyil. Bunlar həyata keçirsə, bir-birini tamamlayan layihələr olacaq”.

İsmayıl Alper Coşqun Bakı-Tbilisi-Qars layihəsinə də toxunaraq bildirib ki, zamanla belə böyük layihələrin həyata keçirilməsində ticari və texniki səbəblərdən gecikmə ola bilər: “Lakin Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihənin həyata keçirilməsi üçün tam iradəsi var. Bəzi kiçik ləngimələr olsa da, layihə mütləq həyata keçiriləcək. Bu, enerji layihələrindən də daha uzunmüddətli və böyük nəticələri olan layihədir. Bunun da mərkəzində Azərbaycan durur. Layihə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ölkənin regionda bir mərkəz olmasına təsir edəcək”.

Xatırladaq ki, Bakıdan Türkiyənin Qars şəhərinə kimi uzanacaq dəmir yolu xəttinin ümumi uzunluğu 826 kilometr təşkil edir. Bu xəttin 721 kilometrlik hissəsində dəmir yolu mövcuddur. Layihənin icrası çərçivəsində bu hissədə yalnız yenidənqurma və təmir işləri aparılıb. Tikinti işləri 105 kilometrlik Qars-Axalkalaki (Gürcüstan) xəttində aparılır. Bu məsafənin Türkiyə ərazisinə düşən 76 kilometrlik hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçirilir. Lakin bir neçə gün əvvəl Qars şəhərinin valisi Günay Özdəmir mətbuata verdiyi açıqlamada bildirib ki, təəssüflər olsun ki, 6 ildir 79 kilometrlik xəttin inşası başa çatmayıb.