Bakı-Tbilisi-Qars dəmir yolununun istismarı bir qədər də gec baş tutacaq

506

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin bu ilin ilk yarısında istismara verilməsi gözlənilirdi.“Yeniavaz”  xəbər verir ki, bu barədə bir qədər əvvəl Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan məlumat vermişdi. Əhməd Arslanın açıqlamasından əvvəl, ötən ilin dekabr ayında isə Türkiyənin Baş naziri Binəli Yıldırımla gürcü həmkarı Georgi Kvirikaşvilinin görüşü zamanı bildirilib ki, BTQ layihəsi 2017-ci ilin 1-ci rübündə istismara veriləcək.

Lakin indi məlum olur ki, BTQ-nin istismara verilməsi bir qədər də gec baş tutacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün mətbuata verdiyi açıqlamada bildirib ki, BTQ layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı. QSC-nin sədri qeyd edib ki, bu il Qarsda 47-54 dərəcə şaxta olub, ona görə işlər yubanıb: “Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ qalıb”.

Məlumat üçün qeyd edək ki, 21 sentyabr 2007-ci ildə 3 ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentləri tərəfindən təməlləri atılan və 7 il əvvəl – 2010-cu ildə istismara verilməli olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası hələ də başa çatmayıb. İndiyə kimi dəmir yolu xəttinin istismara veriləcəyi tarixlə bağlı fərqli açıqlamalar verilib. Xatırlayırsınızsa, 2012-ci ilin iyul ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı 3 ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyat nazirləri – Ziya Məmmədov, Ramaz Nikoloşvili və Binali Yıldırım bir araya gəldikləri zaman Ziya Məmmədov dəmir yolu xəttinin inşasının 2014-cü ildə tamamilə başa çatacağını bəyan etmişdi. Nəqliyyat nazirlərinin toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Türkiyənin o dövrdəki nəqliyyat naziri, hazırda isə baş nazir olan Binali Yıldırım isə bildirmişdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası 2013-cü ildə başa çatacaq. Daha sonra 2014-cü ilin fevral ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı baş tutan analoji tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, dəmir yolu xətti 2015-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Bu cür açıqlamalar müxtəlif zamanlarda hər 3 ölkənin rəsmiləri tərəfindən dilə gətirilib. Ancaq görünən odur ki, bugünə qədər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismarı ilə bağlı verilən tarixlərin heç biri doğru olmayıb. Qeyd eetdiyimiz kimi, bu layihənin başa çatması barədə ən son Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan tarix vermişdi – 2017-ci ilin ilk yarısı. Amma, göründüyü kimi, bu baş tutmayacaq.

Məlumat üçün onu da bildirək ki, 2014-cü ildə Türkiyə mətbuatında yer alan xəbərlərdən məlum olur ki, gecikmənin səbəbi Bakı-Tbilisi-Qarsın Türkiyədən keçən hissəsinin tikintisi ilə bağlı həyata keçirilən tenderlərdə baş verən qanunsuzluqlardır. Türkiyə Hesablama Palatasının açıqladığı hesabatda bildirilirdi ki, Bakı-Tbilisi-Qars layihəsində Türkiyənin üzərinə düşən 76 kilometrlik məsafənin tikintisi üçün dövlət büdcəsindən ayrılan vəsait 2008-2013-cü illər ərzində dəfələrlə artırılıb və 3 dəfə tender keçirilib. Büdcədən ayrılan vəsait dəfələrlə artırılsa da, tikinti işləri başa çatdırılmayıb. Tenderdə qalib gələn şirkətə ayrılan ümumi vəsaitin 99,9%-i (537 milyon lirə) dəmir yolu xəttinin keçəcəyi ərazinin hazır vəziyyətə gətirilməsinə sərf olunub. Vəsaitin geri qalan 0,1%-lik hissəsi ilə tikintini başa çatdırmaq qeyri-mümkün olduğu üçün büdcədən əlavə ödənişlər olmalı və yenidən tender keçirilməlidir.

Onu da qeyd edək ki, Bakıdan Türkiyənin Qars şəhərinə kimi uzanacaq dəmir yolu xəttinin ümumi uzunluğu 826 kilometr təşkil etsə də tikinti işləri Gürcüstanın Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinədək olan 105 kilometrlik məsafədə aparılır. Bakı-Tbilisi-Qars xəttinin 721 kilometrlik hissəsində dəmir yolu xətti mövcuddur. Layihənin icrası çərçivəsində bu hissədə yalnız yenidənqurma və təmir işləri aparılmalıdır ki, bu da artıq başa çatıb. 2007-ci ildə imzalanan müqaviləyə əsasən 105 kilometrlik Qars-Axalkalaki xəttinin Türkiyə ərazisinə düşən 76 kilometrlik hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçirilır. Layihənin Gürcüstan ərazisinə düşən 29 km uzunluğundakı dəmir yolu xəttinin tikintisi isə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC tərəfindən Azərbaycanın ayırdığı kreditlər hesabına inşa olunub. Məlumat üçün qeyd edək ki, Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi və reabilitasiya-rekonstruksiyası üçün Azərbaycan tərəfindən 775 milyon ABŞ dolları kredit ayrılması nəzərdə tutulub. Bu kreditin 200 milyon ABŞ dolları illik dərəcəsi 1% olmaqla 25 il müddətinə, 575 milyon ABŞ dolları isə illik dərəcəsi 5% olmaqla 25 il müddətinə ayrılıb.