Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyədə düyünə düşüb

530
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyədən keçən hissəsinin tikintisi ilə bağlı həyata keçirilən tenderlərdə qanunsuzluq aşkarlanıb. Türkiyə Hesablama Palatasının (Sayıştay) açıqladığı hesabatda qeyd olunur ki, dəmir yolunun tikintisi zamanı büdcədən ayrılan vəsait nəzərdə tutulan istiqamətlərdə xərclənmədiyi üçün işi vaxtında başa çatdırmaq mümkün olmayıb. 
17 il əvvəl – 2007-ci ilin noyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlləri atılanda bəyan edilmişdi ki, dəmir yolu 2010-cu ildə istismara veriləcək. Sonrakı illərdə də dəmir yolu xəttinin işə düşəcəyi vaxtla bağlı müxtəlif tarixlər səsləndirilib. Lakin “Əsrin layihəsi” adlandırılan BTQ dəmir yolu xətti bu günə kimi istifadəyə verilməyib. Gecikmənin səbəbi texniki problemlərlə əlaqələndirilib. Ancaq dünən Türkiyə mətbuatında yer alan xəbərlərdən sonra məlum olur ki, gecikmənin səbəbi BTQ-nin Türkiyədən keçən hissəsinin tikintisi ilə bağlı həyata keçirilən tenderlərdə baş verən qanunsuzluqlardır. Türkiyə Hesablama Palatasının açıqladığı hesabatda bildirilir ki, BTQ layihəsində Türkiyənin üzərinə düşən 76 kilometrlik məsafənin tikintisi üçün dövlət büdcəsindən ayrılan vəsait 2008-2013-cü illər ərzində dəfələrlə artırılıb və 3 dəfə tender keçirilib. Büdcədən ayrılan vəsait dəfələrlə artırılsa da, tikinti işləri başa çatdırılmayıb. Türkiyə Hesablama Palatasının məlumatına görə, tenderdə qalib gələn şirkətə ayrılan ümumi vəsaitin 99,9%-i (537 milyon lirə) dəmir yolu xəttinin keçəcəyi ərazinin hazır vəziyyətə gətirilməsinə sərf olunub. Hesablama Palatasından belə hesab edirlər ki, vəsaitin geri qalan 0,1%-lik hissəsi ilə tikintini başa çatdırmaq qeyri-mümkün olduğu üçün büdcədən əlavə ödənişlər olmalı və yenidən tender keçirilməlidir. Xatırladaq ki, ötən ay Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq konfransda bildirilib ki, BTQ dəmir yolu xəttinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır. Türkiyə Hesablama Palatasının hesabatında yer alan məlumatlar isə onu göstərir ki, BTQ-nin Türkiyə ərazisindən keçən hissəsində tikinti işlərini deyilən vaxtda başa çatdırmaq mümkün olmaya bilər.

Allahverdi Cəfərov