Bakı tarixinin ən əlamətdar gününü yaşayacaq

0
44

Xəbər verildiyi kimi, dekabrın 10-da Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək. Azadlıq meydanında təşkil olunacaq hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, həmin gün Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayacaq: “Doğrudur, indiyədək Bakı bir çox paradların şahidi olub. Amma bu parad tariximizə Zəfər paradı kimi həkk olunacaq. Şübhəsiz, bu Zəfər paradını bizə bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri olub. Məhz Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə törətdiyi təxribatlara cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə 44 gün ərzində işğal olunmuş ərazilərimizin böyük bir hissəsini azad etdi. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçının təslim olması ilə nəticələndi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində ölkəmizin işğal altında olan digər əraziləri də azad olundu. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapdı.”

Müsahibimiz daha sonra bildirdi: “Əgər xatırlayırsınızsa, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən  təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları da nümayiş etdirilmişdir. Elə həmin tədbirdə Ali Baş Komandan vurğulamışdır ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək: “Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.” Ali Baş Komandanımızın müdrik siyasəti ilə həmin gün gəldi.

Bu paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Noyabrın 11-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də bu məsələyə toxunmuş və bildirmişdir:  “Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik.” Zənnimcə, möhtərəm Prezidentimiz “o texnikanı biz nümayiş etdirəcəyik” deyəndə elə bu hərbi paradı nəzərdə tutub.”

Müsahibimiz fikrini bu sözlərlə davam etdirdi: “Əgər xatırlayırsınızsa, Bakının erməni daşnaklarından azad edilməsinin 100 illiyi ilə əlaqədar təşkil olunmuş hərbi paradda qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən demişdir ki, biz Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün atılan bütün addımları dəstəkləyəcəyik. İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günlərindən, ilk saatlarından Türkiyə beynəlxalq hüquq normaları və prinsipləri əsasında öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın, başqa sözlə desək, haqlı qardaşının yanında oldu. Yəni, belə bir həssas dönəmdə qardaş ölkə  öz mənəvi dəstəyi ilə qardaşını  tək qoymadı. Bununla da qardaşlığımızın sarsılmazlığını, birliyimizin sözdə deyil, əməldə olduğunu bir daha dünyaya nümayiş etdirdi.  Şübhəsiz, belə siyasi və mənəvi dəstək olmasaydı Azərbaycanın haqq savaşı başqa bir məcraya yönəldilə bilərdi. Bu mənada “Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır” deyən Rəcəb Tayyib Ərdoğanın da bu Qələbə paradında iştirakı qürurvericidir. O bu gəlişi ilə həm də Azərbaycan Türkiyə qardaşlığının əbədi olduğunu bir daha dünyaya nümayiş etdirəcək.”

Müsahibimizin fikrincə, paradda nümayiş etdiriləcək yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq onu izləyənlərə xoş ovqat bəxş edəcək: “Digər tərəfdən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qayğısı və diqqəti ilə güclənmiş, döyüş qabiliyyətini artırmış, zəfər qazanmış, beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasında qərar tutmuş Azərbaycan Ordusunun uğurları bir daha dünya gündəmini zəbt edəcək.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”