Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu
yenidən qurulacaq.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəflinin sözlərinə görə, adıçəkilən avtmobil yolunun yenidən qurulması ilə
bağlı lazımi işlər görülür: “Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun
132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə
nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən
layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj
sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı
şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində
yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib.
Bu isə əhalinin haqlı narazılığına səbəb olub”.
Qurum rəsmisi deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
rəhbərliyi çalışır ki, yolda təmir-bərpa işlərini həyata keçirsin. Lakin yol
artıq əsaslı şəkildə yenidən qurulmalıdır: “Yolun müəyyən hissələrində
cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin
müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi
problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın
vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar
atılacaq”.
A.Nəcəfli bildirib ki, bununla yanaşı, Bakı-Quba-Rusiya sərhədi istiqamətində
yeni yol inşa edilir: “Həmin yol Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən,
yəni Bakı-Quba Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən
başlayaraq Rusiya sərhədinə qədər davam edir. Bu yolun ümumi uzunluğu 152
kilometrdir. Yolun 2021-ci il ərzində yenidən qurularaq istifadəyə verilməsi
planlaşdırılır. Yol müasir standartlara cavab verən 1-ci texniki dərəcəli
olacaq. Bu yol istifadəyə veriləndən sonra mövcud olan Bakı-Quba-Rusiya sərhədi
avtomobil yolunun Bakı-Gəndob hissəsinin yenidən qurulması nəzərdə
tutulur”.