“…Bakı qrupunun fəaliyyəti Minsk qrupunun fəaliyyətinə bənzəməyəcək”

539
“Biz ərazilərimizin işğalı ilə bağlı narahatlığımızı 22 ildir ifadə edirik. Çox təəssüf ki, bu illər ərzində beynəlxalq təşkilatların, o cümlədən də ATƏT-in bu kimi hadisələri qətiyyətlə pisləməməsi,  mümkün olan sənədlərin qəbul edilməməsi və yerinə yetirilməməsi Avropada yeni bölünmələrin yaranmasına və yeni konfliktlərin baş verməsinə şərait yaradıb”. 
Bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının dünənki plenar iclasında  Ukrayna ilə bağlı qətnamənin müzakirəsində dedi. Helnsinki prinsiplərinin pozulmasından hər kəsin ciddi narahat olduğunu dilə gətirən B. Muradova qeyd etdi ki, Azərbaycan mövqeyini sessiyanın ilk günündən bəyan edib: “ABŞ-dan olan nümayəndələr ilə görüşümüzdə də razılaşmışdıq ki, ATƏT regionundakı bütün münaqişəli vəziyyətlərin aradan qaldırılması istiqamətində Helsinki qanunlarının pozulması məsələsini gündəlikdə saxlayacağıq və lazımi sənədlərin qəbul edilməsinə nail olacağıq.  Amma hələlik bu mümkün olmadı. Mən buna təəssüf edirəm”. B. Muradova eyni zamanda qeyd etdi ki, Ukrayna probleminin həlli olunması məqsədilə ATƏT PA tərəfindən Bakı qrupunun yaradılması təqdir olunandır: “Bakı qrupunun yaradılmasından çox ümidlənirəm. Ümid edirəm ki, Baki qrupunun fəaliyyəti Minsk qrupunun fəaliyyətinə bənzəməyəcək. Ukrayna probleminin həlli məqsədilə başladılan Bakı prosesinin tezliklə uğurlu nəticə ilə başa çatdırılmasını arzulayıram. Ən azı ona görə ki, mən iki qardaş xalqın bir-birinə düşmən münasibət bəsləməsini müşahidə etmək istəmirəm”. Azərbaycanlı parlamentarinin sözlərinə görə, Azərbaycan tərəfi Bakı qrupunun fəaliyyətində yaxından iştirak etmək niyyətindədir: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.

İclasda çıxış edən millət vəkili Azay Quluyev də, Ukrayna probleminin aradan qaldırılması ilə bağlı Bakı prosesinin işçi qrupunu dəstəklədiklərini bildirdi: “ATƏT PA münaqişənin daha da dərinləşməməsi üçün əllərindən gələni etməlidir. ATƏT ərazisində uzun müddətdir Helsinki prinsiplərinin pozulması bizi ciddi narahat edir. Bu gün ATƏT ərazisində bir neçə dövlətin ərazi bütövlüyü pozulub. Hesab edirəm ki, Helsinki prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün konkret addımlar atılmalıdır”.

İclasda çıxış edən ABŞ-ın ATƏT PA nümayəndə heyətinin sədr müavini, konqresmen Bencamin Kardin beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i sərt tənqid etdi: “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın? Biz Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək?..” B. Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb. Amerikalı nüfuzlu konqresmen bildirib ki, bu gün region dondurulmuş münaqişələrdən inildəyir: “Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna… Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?..”

Plenar iclasın sonunda ATƏT PA Ukrayna məsələsi ilə bağlı qətnamə layihəsini qəbul etdi. Sənəddə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunur. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasında ABŞ nümayəndə heyətinin sədr müavini Bencamin Kardinin hazırladığı 20 bənddən ibarət “Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən açıq-aşkar, kobud şəkildə pozulması” adlı qətnamə layihəsində deyilir ki, Rusiya 1994-cü ildə Ukraynanın təhlükəsizliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da, 2014-cü ilin fevralından etibarən bu prinsipləri pozub, martın 16-da Krımda referendum keçirib, Ukraynanın şərq hissəsində beynəlxalq hüquqa zidd olaraq ölkənin daxili işlərinə müdaxilə edib və anneksiya (ilhaq) siyasətini həyata keçirib. Sənəddə Ukraynanın suverenliyi və beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş ərazi bütövlüyünün tanındığı qətiyyətlə bəyan edilir.

Rusiyalı deputat Oleq Lebedev isə qeyd edib ki, Krım Ukraynadan ayrılmaq üçün hüquqi yol keçib və orada qanuni referendum baş tutub: “Hansı ki belə hüquqi yolu heç bir Avropa ölkəsi keçməyib. Krım referendumunda 96 faiz Ukraynadan ayrılmağa səs verib”. O, həmçinin yaxın tarixi misal çəkərək qeyd edib ki, ABŞ Kosovanı ayırarkən bu hüquqi yolu təmin etməyib: “Ümumiyyətlə, bu qətnamədən ədalətsizlik qoxusu gəlir”. Ukrayna nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski Rusiya nümayəndələrinə etiraz edib: “Ukrayna heç kimin ərazisini işğal etməyib. Ukrayna tərəfinin elan etdiyi atəşkəs müddətində Ukrayna əsgərləri atəş açmayıb. Ötən 10 gün ərzində 27 Ukrayna əsgəri öldürülüb, 60-a yaxın əsgər yaralanıb. Ukraynanın elan etdiyi atəşkəs qarşı tərəfdən pozulur. Burada populist çıxışlar etməyək, reallıqdan danışaq. Xalqların öz müqəddəratını təyinetmə hüququndan danışılanda Krımı bura əlavə etmək olmaz. Krımda ruslar, ukraynalılar, tatarlar və başqa millətlər yaşayır”.

ELVİN ƏLİYEV