Bakı müharibə illərini unutmur

0
169

Bakının tarixi 1941-1945-ci illərin Böyük Vətən müharibəsi ilə bağlı acı xatirələrlə doludur. Milyonlarla insanın qəlbində kədərli iz qoyan bu müharibə 1 418 gün və gecə davam edib. Faşistlərə qarşı döyüşlərdə 26 milyon 600 min insan itirən “SSRİ” adlı ölkə artıq müasir dünyanın xəritəsində yoxdur. Amma Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bütün postsovet məkanı xalqlarının yaddaşından silinməyib.

Təkcə müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğul və qızları cəbhəyə yollanmaq üçün hərbi komissarlığa müraciət etmişdi. Qısa müddət ərzində 186 704 nəfər könüllülər sırasına yazılmışdı. Azərbaycan əhalisinin hər beş nəfərindən biri əllərində silah faşistlərə qarşı vuruşub: 3,4 milyondan ibarət əhalinin 1941-ci ildə 681 min nəfəri (10 mindən çoxu qadın) cəbhəyə getmişdi. Respublikada 77-ci, 223-cü, 271-ci, 402-ci и 416-cı Azərbaycan milli diviziyaları formalaşdırılmışdı. Döyüş bölgələrində çoxmillətli Azərbaycanın bütün xalqlarının nümayəndələri: azərbaycanlılar və ruslar, yəhudilər və ləzgilər, tatarlar və gürcülər çiyin-çiyinə vuruşurdular. 300 mindən çox ölkə vətəndaşı müharibədən geri qayıtmadı. Hərbi hissələr üçün 15 min şəfqət bacısı və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı.

Qələbənin qazanılmasında əsas rol təkcə döyüşlərdə böyük şücaət göstərmiş, qələbə əzmi ilə vuruşmuş Azərbaycanın milli diviziyalarına deyil, həm də Bakıda gecə-gündüz fasiləsiz çalışaraq çox böyük işlər görmüş hərbi zavodlara məxsusdur. Ordunun döyüş ruhunun saxlanmasında 30140 yerlik 41 hərbi hospital da çox əhəmiyyətli rol oynayıb. Müharibə illərində ölkədə yaradılmış çoxsaylı təxliyə hospitalı şəbəkələri 440 mindən çox yaralıya tibbi yardım göstərib. Azərbaycan cərrahları ən çətin əməliyyatlar keçirib. Palata həkimlərinin və tibb bacılarının vaxtlarını və güclərini əsirgəmədən böyük qayğı ilə həyata qaytardıqları minlərlə əsgərin çoxu yenidən sıraya – ön cəbhəyə yola düşüb. Xəstəxana palatalarında, hospitallarda məktəblilər vətənpərvərlik mövzusunda mahnı və şeirlər oxuyub. Öz konsert proqramları ilə həm də cəbhə bölgələrinə gedən SSRİ-nin xalq artisti Bülbül Məmmədovun rəhbərlik etdiyi artist briqadalarının çıxışları yaralılar üçün xüsusi bayrama çevrilirdi. Bülbülün ifa etdiyi mahnılar hərbçilərin döyüş ruhunu yüksəldir, sağlamlığının bərpasına kömək edirdi…

Bakının küçələrində bu gün də binaların fasadında “Bu binada 1941-45-ci illərdə təxliyə hospitalı yerləşib” kimi xatirə lövhələrinə rast gəlmək olur. Təxliyə hospitalları həm şəhərin mərkəzində, həm də Sabunçu, Mərdəkan, Buzovna qəsəbələrində yerləşirdi. Əgər divarlar danışa bilsəydi, dil açıb deyərdi ki, indiki Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin binasında həkim və tibb bacıları əzab çəkən xəstələrə gündüz-gecə necə tibbi yardım göstərir, onların qayğısına qalırdı. Xəstələrin, həmçinin məşhur mesenat Musa Nağıyevin vaxtsız vəfat etmiş oğlunun şərəfinə ucaltdığı ən gözəl binaların biri olan Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında müalicə edildiyi bəlli olardı. Göründüyü kimi, Musa Nağıyevin Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı “İsmailiyyə” binası öncədən xeyirxah məqsədlər üçün nəzərdə tutulub və bu divarlar həmin illərdə faşizmə qarşı vuruşan döyüşçülərin həyata qayıtmasına kömək edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) divarları yaralıların çoxsaylı iztirabları ilə yanaşı, sağalan döyüşçülərin sevincli anlarının şahidi olub.

İndi təsəvvür etmək çətindir ki, İçərişəhərin Qoşa Qala darvazaları qarşısındakı meydandan Əmək sarayına (sonradan AHİK binası), demək olar, hər gün sanitar eşelonu ilə Bakı Dəmiryol Vağzalına gətirilmiş yaralılar xərəklə daşınıb. Xüsusən də o dövrün stasionar tibb müəssisəsinə çevrilmiş Üzeyir Hacıbəyli adına Konservatoriyada kəllə-beyin yarası ilə bağlı ən çətin cərrahiyyə əməliyyatlarının aparılması mümkünsüz görünür. Lakin bu müharibə dövrünün gerçəkliyi, müharibənin əvvəlindən keçən əsrin 40-cı illərinin sonuna qədər Bakı həyatı haqqında həqiqətdir. Hospitallar, həmçinin bir çox xəstəxanalarda, şəhər poliklinikalarında, mədəniyyət evlərində və məktəblərdə açılmışdı.

Bütün Azərbaycan və Bakı sakinləri cəbhəyə kömək üçün əlindən gələni əsirgəmirdi. Artıq 1942-ci ilin yazında Bakıda istehsal olunmuş “YAK-3” döyüş qırıcıları uçmağa başlamışdı. Həmin dövrdə Gəncə (əvvəlki Kirovabad) şəhərində fəaliyyət göstərən iri aviamotor zavodunda müxtəlif növlü 782 təyyarə, eləcə də 1550-dən çox aviamühərrik və digər ehtiyat hissələri təmir olunmuşdu.

Müharibə illərində Azərbaycan SSRİ-də istehsal olunan neft və neft məhsullarının ümumi həcminin 70 faizindən çoxunun əsas təchizatçısı idi. Sovet İttifaqı marşalı Georgi Jukov o vaxtlar yazırdı: “Bakı neftçiləri Vətəni müdafiə etmək, düşmən üzərində tez qələbə qazanmaq üçün cəbhəni kifayət qədər yanacaqla təmin edib”.

Daha bir mühüm fakt: Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratovun “Azərbaycanın təbii sərvətləri olmadan Böyük Vətən müharibəsində qələbə mümkün olmazdı” sözləri bu il, Qələbənin 75-ci ildönümündə tez-tez səslənir.

Statistika təsdiqləyir ki, müharibə illərində ümumən 75 milyon ton neft istehsal olunub ki, bu da hasil olunan bütün sovet neftinin dörddəüçünü təşkil edirdi. Neft məhsullarından 22 milyon ton benzin istehsal olunub ki, bu da ümumittifaq benzininin 80 faizini, liqroininin 90 faizini, yağlarının 96 faizi demək idi. Hasil olunan aviasiya benzininin 85 faizə qədəri Bakının payına düşürdü. Cəbhəyə 1 milyon tondan çox yüksək oktanlı benzin göndərilmişdi. Bu da onu göstərir ki, hər beş təyyarədən dördü, cəbhədəki tank və avtomobillər Bakı neft mədənlərində çıxarılmış, Bakı neftayırma zavodlarında istehsal olunmuş benzinlə işləyib. Mədənlərdə təşkil olunmuş 15 minlik oğlan və qızlardan ibarət gənc-cəbhə briqadaları cəbhəni fasiləsiz yanacaqla təmin edib.

Təəssüf ki, az adam xatırlayır və bilir ki, Azərbaycan təkcə öz nefti ilə şöhrət qazanmayıb. Bu müharibə illərində Azərbaycan haqqında az məlum olan faktlar xalqımızın təkcə qanlı müharibə cəbhələrində göstərdiyi əsl qəhrəmanlığı deyil, həm də ölkə əhalisinin arxa cəbhədəki təmənnasız əmək şücaətini əks etdirir. Belə ki, şəxsi əmanətlərdən müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl pul verilib. Tank dəstələri və aviaeskadriliyalar yaradılması fondu üçün vəsait toplanarkən Ağdam rayonundan olan 90 yaşlı kolxozçu Səadət Nəcəfqızı fonda 30 min rubl keçirib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti paltar göndərilib.

Bakı müəssisələri 1942-ci ilin yayına qədər təkcə Leninqrada 2 vaqon sıxılmış kürü, 40 ton quru meyvə, 12 vaqon tomat-püre və şirə, çoxlu qaraciyər ekstraktı, hematogenlər, jelatinlər və digər ərzaq məhsulları, həmçinin dərman preparatları və sarğı vasitələri göndərib. Ərzaqla, avadanlıqla və pulla Stalinqrada, Stavropola və Krasnodar vilayətinə də əhəmiyyətli yardım göstərilib. Bakı müəssisələri Dnepr SES-nın, Azov limanının və digər mühüm obyektlərin bərpasında iştirak edib.

1941-1945-ci illər Böyük Vətən müharibəsi salnaməsi sərt və acıdır. Bakı bu hərb salnaməsinə dünya tarixində əsrlərboyu yaşayacaq qəhrəmanlıq səhifələri yazdı. Bu il dünyanın bir çox ölkələri tərəfindən Qələbənin 75 illiyi qeyd olunur. Yüksək şücaət, yenilməz qələbə əzmi göstərmiş babalarının və atalarının döyüş ənənələrini davam etdirən Azərbaycan Ordusunun əsgərləri sadiq davamçılar kimi bu gün də Azərbaycan Respublikasının sərhədlərinin keşiyində dayanırlar.