Bakı ilə regionlar arasında sosial-iqtisadi uçurum var…

565

Allahverdi Cəfərov
Hazırda ölkə ərazisində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra olunmaqdadır və buna qədər daha iki analoji dövlət proqramı icra olunub. 2004-2008-ci illər və 2009-2013-cü illəri əhatə edən regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası artıq başa çatıb. Maraqlıdır ki, regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl olaraq iki Dövlət Proqramının icra olunmasına və 3-cü Proqramın icrasının davam etməsinə baxmayaraq regionlarla paytaxt Bakı arasında sosial-iqtisadi göstəricilər üzrə qeyri-tarazlıq müşahidə olunur.
2,2 milyon insanın istehsal etdiyi məhsul, 7,4 milyon insanın istehsal etdiyi məhsuldan 43% çoxdur
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi məlumata görə, Azərbaycanda əhalinin təxminən 1/4-i paytaxt Bakıda yaşayır. 2015-ci ilin yekunlarına görə, ölkə əhalisinin ümumi sayı 9 milyon 593 min nəfər olub və bunların 2 milyon 204 min nəfəri və ya 23%-i Bakıda yaşayırlar. Ancaq DSK-nin açıqladığı digər statistik göstəricilərə nəzər saldığımız zaman məlum olur ki, əhalinin sayı ilə müqayisədə paytaxt və regionlar arasında fərqli nisbətdə sosial-iqtisadi göstəricilər qeydə alınıb. Məsələn, əhalinin 23%-i Bakıda yaşasada ölkə üzrə istehsal olunan ümumi məhsulların 64%-i paytaxtın payına düşüb. Belə ki, 2015-ci ildə ölkə üzrə 61,3 milyard manat, paytaxt Bakıda isə 39,5 milyard manat dəyərində məhsul istehsal olunub. Bu isə o deməkdir ki, 2,2 milyon insanın istehsal etdiyi məhsul, 7,4 milyon insanın istehsal etdiyi məhsuldan 43% çoxdur.
Adambaşına düşən məshul istehsalı Bakıda 17,8 min, Şəki-Zaqatalada 1884 manat
Adambaşına düşən məhsul istehsalına diqqət etdiyimiz zaman bu fərqin nə qədər böyük olduğu daha açıq şəkildə görsə- nir. Ötən il ölkə iqtisadiyyatının əsas sahələrində adambaşına düşən məshul istehsalı 6 min 238 manat olubsa, bu göstərici Bakı- da təxminən 3 dəfə çox 17 min 850 manat olub. Ayrı-ayrı regionlarla müqayisədə isə daha kəskin fərq qeydə alınıb. ŞəkiZaqatala iqtisadi rayonu ilə müqayisə etsək o zaman aradakı fərq 10 dəfəyə yaxın olur. Belə ki, Şəki-Zaqatala iqtisadi rayonunda adambaşına 1884 manat məhsul istehsal olunub. Qeyd edək ki, Gəncə-Qazax zonasında bu göstərici 2200 manat, Quba-Xaçmaz bölgəsində 2340 manat, Lənkəranda 1630 manat, Dağlıq Şirvan bölgəsində isə 1950 manat olub. Rəqəmlərdən də göründüyü kimi paytaxt Bakı bu sahədə regionları dəfələrlə üstələyir.
Bakıda orta aylıq nominal əmək haqqı 621 manat, Göyçayda 255 manat olub
Paytaxt Bakı ilə regionlar arasındakı sosial-iqtisadi fərqlər özünü təkcə məhsul istehsalında göstərmir. Digər sahələrdə də ciddi fərqlər mövcuddur. Məsələn, DSK-nin muzdla işləyənlərin orta aylıq əmək haqqı ilə bağlı açıqladığı məlumatdan belə görünür ki, Bakıda əmək haqqı regionlarla müqayisədə yüksəkdir. Əgər Bakıda orta aylıq nominal əmək haqqı 621 manat olubsa, aparıcı kənd təsərrüfatı rayonlarından olan Göyçay rayonunda bu göstərici 255 manat olub. Göründüyü kimi arada təxminən 2,5 dəfə fərq var. Bakıdan sonra ən yüksək əməkhaqqı Naxçıvanda qeydə alınıb ki, bu da paytaxtdakı göstərici ilə müqayisədə 37% az və ya 390 manat olub.
Aran iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrin sayı Bakı ilə müqayisədə 4 dəfə azdır
Regionlarla Bakı arasındakı sosial-iqtisadi fərqlərdən biri də fəaliyyətdə olan müəssisələrin sayı ilə bağlıdır. Əhalnin 23%-nin yaşadığı Bakıda 1225 müəssisə fəaliyət göstərdiyi halda, regionlarda fəaliyyət göstərən müəssisələrin ümumi sayı 1304 olub. Ayrı-ayrı iqtisadi rayonlarda fəaliyyət göstərən müəssisələrin sayı isə Bakı ilə müqayisədə dəfələrlə az olub. Bakıdan sonra ən çox müəssisə 18 rayonu özündə birləşdirən Aran iqtisadi rayonunda fəaliyyət göstərir ki, onların da sayı Bakı ilə müqayisədə təxminən 4 dəfə az və ya 321 müəssisə olub. Müqayisə üçün qeyd edək ki, ölkənin iri şəhərlərindən olan Gəncədə 125 müəssisə, Sumqayıtda isə 120 müəssisə fəaliyyət göstərib. Bənzər vəziyyət özünü kiçik sahibkarlıq subyektlərinin sayında da büruzə verir. Əgər ölkə üzrə 187 min kiçik sahibkarlıq subyekti fəaliyyət göstəribsə, bunu 37%-i Bakının payına düşüb.