Bakı Avtovağzal Kompleksi ərazisində çökmə təhlükəsi var

0
653

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, paytaxt istiqamətində gələn yolda baş vermiş sürüşmənin qarşısını hələ ki tam almaq mümkün olmayıb. Qeyd edək ki, sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı ətraflı məlumat yayıb. Bildirilir ki, hazırda avtovağzalın qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, 25-30 metr hündürlüyündəki istinad divarında bərkitmə işləri yuxarı və orta hissədən aparılır: “Mən təklif etmişdim ki, həmin istinad divarı sökülsün. Bu mənim subyektiv fikrimdir. İstinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək. Həmin istinad divarını söküb, yenidən inşa etmək lazımdır”. Baş geoloq əlavə edib ki, Bakı-Sumqayıt yolunun əsas hissəsində qeydə alınan çatlar xeyli genişlənib.

Ə. Piriyev qeyd edib ki, yağışlar intensiv xarakter alacağı təqdirdə, sürüşmə-çökmə prosesi daha da aktivləşəcək.

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki baş verən sürüşmə və çökmə prosesinin orada yaradılmış süni təpəciklərlə heç bir əlaqəsi yoxdur”. Bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Abdullayeva deyib. O, “modern.az”a bildirib ki, istər kompleksə yaxın ərazidə, istərsə də əsas yolda yaranan çatların və çökmə prosesinin süni təpəciklərlə əlaqələndirilməsi yanlışdır.

“Həmin təpəciklərin tez-tez suvarılmasının ərazidə sürüşməyə səbəb olması yanlışdır. Bunun süni təpəciklərlə heç bir əlaqəsi yoxdur”. Gələcəkdə həmin təpəciklərin sökülməsinə gəlincə, qurumun sözçüsü bu haqda heç bir informasiyaya malik olmadığını deyib.

Dünən sözügedən əraziyə yollanıb çat vermiş ərazidə və bərkitmə işlərinin aparıldığı yerdə görülən işlərlə yerindəcə tanış olduq. Ərazidə işləyən işçilər bərkitmə işlərinin azı 5-6 gün, ən çoxu isə 10 gün davam edəcəyini düşündüklərini dedilər. İşçilər bərtkimə işinin effekt verib-verməyəcəyi ilə bağlı sualımıza cavab verməkdən imtina etdilər. İşçilərin dediklərinə görə, bu barədə onlara danışmamaq tapşırılıb.