Bakı da AVRO-2020-nin ev sahibi oldu

358

Sentyabrın 19-da Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində UEFA-nın İcraiyyə Komitəsi futbol üzrə “Avro-2020”nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhərin adını açıqlayıb.
 UEFA-nın baş katibi Canni İnfantino qeyd edib ki, “Avro-2020”nin oyunları 13 paketə bölünüb – qrup mərhələsinin 3, play-off (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.
Namizəd 19 şəhər haqqında videoçarx nümayiş etdirildikdən sonra ilk olaraq çempionatın yarımfinal və final mərhələlərinin oyunlarını qəbul edəcək şəhər elan olunub. UEFA-nın prezidenti Mişel Platini çempionatın həlledici mərhələsinin Londonda keçiriləcəyini elan edib.
Sonra çempionatın qrup və play-off mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün ardıcıl olaraq Münxen (Almaniya), Bakı, Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərinin adları zərflərdən çıxıb.
Beləliklə, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.