Bakı Ali Neft Məktəbinin kollektivi “Nadir şah”ı izləyib

608

Xəbər verdiyimiz kimi, Bakı Ali Neft məktəbi ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq müqaviləsi mövcuddur.  Əməkdaşlığın əsas məqsədi teatr sənətinin gənclər arasında təbliği, tələbələrin mədəni səviyyəsinin yüksəldilməsi, onların dünyagörüşlərinin genişləndirilməsi və sosial-mədəni tələblərinin ödənilməsindən ibarətdir.

Müqavilə çərçivəsində Bakı Ali Neft Məktəbi mütəmadi olaraq teatrın repertuarı haqqında əvvəlcədən məlumatlar əldə edir və kollektiv şəkildə tamaşaları seyr edirlər. Dövlətçilik, vətənpərvərlik və qəhrəmanlıq mövzularında qoyulmuş səhnə əsərlərinə baxışların təşkilinə xüsusi önəm verilir.

Artıq əməkdaşlıq çərçivəsində bir sıra maraqlı layihələr həyata keçirilmişdir. Bu dəfə Bakı Ali Neft məktəbinin kollektivi Akademik Milli Dram Teatrında Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanan “Nadir şah” tamaşasını izləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Əməkdar Artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə Əməkdar Artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib.

Tamaşada Nadir şah obrazını Xalq artisti Ramiz Novruz ifa etmişdir. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, İlham Hüseynov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, Amid Qasımov, Ramin Şıxəliyev, Şamil İbrahimov, Oqtay Mehdiyev, Vüsal Mustafayev, Vüqar Hacıyev, Elgün Həmidov, Əminə Babayeva, Könül Cəfərzadə, Sabir Məmmədov və Adil Dəmirov çıxış etmişdir.

Tamaşada Bakı Ali Neft məktəbinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Müəllim və tələbə heyəti aktyorların oyununu gurultulu alqışlarla müşaiyət etmiş, təqdim edilən tamaşadan məmnun qaldıqlarını bildirmişlər.