“Bakı-2015″in medallı bayatıları

0
481

“Bakı-2015” İlk Avropa Oyunlarının ilk günlərində Azərbaycan 17 (7 qızıl, 3 gümüş, 7 bürünc) medal qazanıb. Qaliblərin ürək sözlərini sizə çatdırırıq.

Rafiq Hüseynov (gümüş):
Çox eniş, yoxuş oldu,
Sonu mənə xoş oldu,
Bu beynəlxalq yarışda
Nəsibim gümüş oldu.

İlahə Qasımova (bürünc):
Aşıb-daşdı sevincim,
Ağladım için-için.
Uzun bir yol gəlmişdim
Aldığım bürünc üçün.

Firdovsi Fərzəliyev (qızıl):
Sevincim yüzdür, mindir
Məni saz ilə dindir,
Keçirdiyim hissləri
Sözlə demək çətindir.

Rostislav Pevtsov (bürünc)
Qaçdım, sürdüm, həm üzdüm,
Hər cür əzaba dözdüm.
Amma qızıl, gümüşdən
Son anda əlmi üzdüm.

Elman Muxtarov (bürünc):
Haray saldım, hay saldım,
Hayımla “Cəngi” çaldım
Erməninin əlindən
Bürünc medalı aldım.

İrina Zaretska (qızıl):
Yaman dəyişdi halım,
Çox xoş oldu əhvalım.
Vətəndən yadigardır
Mənim qızıl medalım.

Ayxan Mamayev (qızıl):
Reyhanı əkdim düzə,
Göyərdi, qalxdı üzə.
Allah, sənə çox şükür,
Sevinc bəxş etdin bizə.

Həsən Əliyev (bürünc):
Əzizim nələr etdi,
Zəhməti hədər etdi.
Erməniyə uduzmaq
Mənə yaman yer etdi.

Elvin Mürsəliyev (qızıl):
Arzu-dilək beş oldu,
Qüssə, kədər heç oldu.
Mənim ilham mənbəyim,
Hər bir azarkeş oldu.

Rəsul Çunayev (qızıl):
Yox mənim əsla dərdim,
Rəqibə sinə gərdim.
Qızıl medal alan tək
Əsgər salamı verdim.

Rəfael Agayev (qızıl):
Uğur çox, gəlmir saya,
Səs salmışam dünyaya.
Məğlub ola bilməzdim,
Bu ad-sanla Busaya.

Niyazi Əliyev (bürünc):
Deyildim əsla zəif,
Bunu sanmayın tərif.
Sahib ola bilmədim.
Qızıla, çox təəssüf.

Sabah Şəriəti (gümüş):
Söz açım sizə kimdən,
Eşidin öz dilimdən:
– Həlledici oyunda
Qızıl çıxdı əlimdən.

Mariya Stadnik (qızıl):
Bir titullu adayam,
Hamının yadındayam.
Bu medalla mən göyün
Yeddinci qatındayam.

Natalya Sinişin (bürünc):
“Zülm” verib özümə,
Çatdım mən də arzuma,
Aldığım bu mükafat
Hədiyyədir qızıma.

İdman gimnastikası üzrə kişilərdən ibarə yığmamız (bürünc):
Zədələr bizi sıxdı,
Bir, iki əldən çıxdı.
Çox şükür, komandamız
Bundan üzü ağ çıxdı.

Valentin Demyanenko (gümüş):
Sular sərin, sular lal,
Burda gəl xəyalə dal.
İllərlə çəkib avar
Qazandım gümüş medal.

QVAMİ MƏHƏBBƏTOĞLU

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here