Bakı-2015: Məşəl Ağcabədi və Ağdamı dolaşdı

586

Bakı-2015 Alovu mayın 10-da Azərbaycanın daha iki rayonuna səyahətini başa vurub. Məlumata görə, əvvəlcə Ağcabədi rayonu məşəl marafonuna qoşulub.

 

Şəhər mərkəzində Üzeyir Hacıbəyli küçəsində yerləşən Heydər parkı qarşısında quraşdırılmış tağdan keçməklə, fəal gənclərdən Radə Qafarovanın başladığı məşəl estafetini fəallar – Lamiyə Həsənova, Ülkər Balakişiyeva, Emin Süleymanov, Asim Mirzəxanlı, Xalid Babayev, əlbəyaxa döyüş ustası Rahib Əhmədov, karate-doçular – ikiqat dünya çempionu Əli Cəfərov, eləcə də Nərgiz Quliyeva davam etdiriblər.

 

3,48 km-lik estafetə Heydər Əliyev prospektində yekun vurulub.

 

Heydər Əliyevin adını daşıyan meydanda quraşdırılmış səhnədə sonuncu məşəlçi, daha bir karate-do ustası Eldəniz Qənbərov alov çırağını yandırıb.

 

Alovun Atəşgah məbədində alovlandırılması mərasiminin videokadrları nümayiş etdirilib. Yandırılmış çırağı ictimaiyyətə yeniyetmə taekvondoçuların dünya ikincisi və Avropa üçüncüsü Minayə Əkbərova təqdim edib.

 

Karvan sonra Ağdama yol alıb.

 

Məşəl estafetini Heydər Əliyev prospektində Saleh Qurbanov başlayıb. 3,02 km-lik estafetdə Nəcəf Nəcəfqulubəyli, Əkbər Qarayev, Alim Aslanov, Fədai Əliyev, Zəfər İmanov, Səbuhi Cəfərzadə, Nihad Əhliyyətzadə, Qəzənfər Qəzənfərli və Bakı 2015-in rəsmi tərəfdaşı, Alovun səyahətinin dəstəkçisi SOCAR-ın nümayəndəsi, cudo üzrə idman ustası Samir Nəzərov davam etdiriblər. Sonuncu məşəlçi, futbolçu Xəyyam Qurbanov Bayraq meydanına daxil olaraq, səhnəyə qalxıb və çırağı alovlandırıb.

 

Səhnədə yandırılan çırağı Bəxtiyar Musayev adına tam orta məktəbin 10-cu sinif şagirdi Günay Kazımova yerli sakinlərə nümayiş etdirib.

 

Məşəl estafeti mayın 12-də Zərdab və Tərtər rayonlarında davam etdiriləcək.