“Bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb”

454
Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M. Abbaszadə bildirib ki, 2008-2014-cü illər ərzində bu azalma 16.44%-ə bərabər olub. 
O qeyd edib ki, 2003-cü ildən 2008-ci ilədək abituriyentlərin ümumi sayı 66.27% artıb: “Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97362 abituriyent ərizə verib. Onların 52.43%-i oğlan, 47.57%-i qız abituriyent olub. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.10%), rus bölməsində isə qızlar (54.48%) sayca üstünlük təşkil edib. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub”.