Baba Əliyev dünyasını dəyişdi

0
607

 Mingəçevirdə 800 nəfər Vətən müharibəsi iştirakçısı var idi. Onlardan cəmi iki nəfər sağ qalmışdı. Bu gün onlardan biri – Mingəçevirin ən yaşlı ağsaqqalı,  99 yaşlı Baba Əliyev də haqqın rəhmətinə qovuşub.

Dəfələrlə onunla görüşən şəxs kimi deyə bilərəm ki, Baba Əliyev şikayətlənməyi sevməzdi. O, həmişə ölkə başçısının, şəhər rəhbərliyinin qayğısından söz açardı. Bizə verdiyi müsahibələrinin birində o demişdi: “Heç bir problemim yoxdur. Sağ olsun, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov. Başçı demək olar ki, hər ay mənə öz evimdə baş çəkir. Üstəlik, mənə deyib ki, Baba kişi, sənin 100 illiyini də şəhər səviyyəsində qeyd edəcəyik. Şübhəsiz, həm Prezidenitin qayğısı, həm də başçımızın bu kimi addımları məni çox sevindirir”.

Baba Əliyev “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi ilə bağlı təəssüratlarını bölüşərkən belə demişdi: “Mühaibədə orden, medallara layiq görülmüşəm. Amma vətənimin bu medalə daha çox əzizdir. Odur ki, həmin medalı da fəxrlə sinəmdə gəzdirəcəyəm”.

Baba kişi həmişə hazırda erməni terrorçularının işğalında olan torpaqlarımızın da tezliklə azad olunacağını əminliklə söylərdi və deyərdi: “İnanıram  ki, gün gələcək, xalqımız həmin qələbəni də qeyd edəcək”.

Qeyd edək ki, 1921-ci ildə Ağdaş rayonunda anadan olan və 21 yaşında cəbhəyə yollanan Baba Əliyev Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçən və qələbəni Belqradda qeyd edən müharibə veteranı olub.

Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir