Babək Quliyev: “Mən belə cəzaya layiq deyildim”

0
644

Futbolsevərlərə onun adı yaxşı tanışdır. Çünki o, futbol üzrə ən güclü hakimlərimizdən biri sayılırdı. Lakin tale elə gətirdi ki, birdən-birə onu sevimli peşəsindən ayırdılar. Söhbət FİFA dərəcəli hakim Babək Quliyevdən gedir. Beləliklə, budəfəki həmsöhbətimiz Babək Quliyevdir.

– Babək müəllim, haralardasınız, nə işlə məşğulsunuz?

– Mən 7 ildir – 2009-cu ilin mart ayının 11-dən – hakimlikdən uzaqlaşdırılmışam. Amma futbol aləmi ilə əlaqə saxlayıram. Belə ki, stadionlara gedib futbola, futzala baxıram. O ki qaldi nə işlə məşğul olmağıma… Özümün kiçik biznesim var. Rusiyadan bal, yağ gətirirəm. Hərdən də xırda alver dalınca Pekinə üz tuturam. Bununla da ancaq və ancaq ailəmin gündəlik tələbatını ödəyirəm. Yəni, əgər belə demək mümkünsə, qaz vurub qazan doldurmuram.

– Sabiq FİFA referesi kimi sizə müraciət olunanda hansı hisslər keçirirsiniz?

– Hər bir FİFA hakimi nə vaxtsa sabiq olmalıdır. Onlardan heç kim ömrünün sonunadək meydanlarda fəaliyyət göstərmir. Bu, danılmazdır. Çünki FİFA hakimləri 45 yaşa qədər meydanlara çıxır və bundan sonra sabiqə çevrilirlər. Amma əfsuslar olsun ki, karyeramın, əgər belə demək mümkünsə, gur çağında, yəni 35 yaşımda məni bu sevimli peşəmdən ayırdılar. Məni yandıran da budur. Əgər 45 yaşdan sonra bu adı qazansaydım, daha yaxşı olardı.

– Yəni vaxtından qabaq sabiqə çevrilmisiniz….

– Əlbəttə, bu məndə pis hisslər doğurur. İstəməzdim ki, belə gedim. Neyləmək olar? Təbii ki, insan istəyər ki hər şey vaxtında olsun… Amma bu, həyatdır, həyatda hər şey ola bilər. Əsas odur ki cansağlığı olsun.

– Bu yeddi ildə həmkarlarınız sizinlə maraqlanıblarmı?

– Hakimlik etdiyim dövrdə bir çox insanlar Babək Quliyevin ətrafında idi. Bu sözü demək mənə ağır gəlir. Bəlkə dünyanın qayda-qanunu belədir. Çox insanlar məndən üz döndərdilər. 3-4 nəfərdən başqa kimsə qapımı döyüb demədi ki, kefin-əhvalın necədir, sənə nə kömək edə bilərik? Sağ olsun, o, 3-4 nəfər. 7 ildir mənimlədirlər, onlara minnətdaram.

– Yəqin maddi cəhətdən də kömək ediblər?

– Yox, onlar mənəvi dayaq oldular. O zaman hər şeyini bir anda itirmiş adamın mənəvi dayağa çox böyük ehtiyacı vardı (O ərəfədə mənim İngiltərədə oyunum var idi). Onda mən ilyarım stress keçirdim. İnanın, əsəblərim pozulmuşdu, sağlamlığımı itirmişdim. Məhz onların sayəsində özümü toparlaya bildim. Artıq iki ildir futbol da oynayıram, qaçışa da çıxıram, yəni başlamışam özümə fikir verməyə…

“Kimə isə ağız açmaq mənə yaddır”

– Yəqin hakim paltarlarınızı, eləcə də hakimliklə bağlı digər əşyalarınızı saxlayırsınız?

– Əlbəttə…

– Son 7 ildə heç ağlınıza gəlibmi ki, günlərin bir günü Babək Quliyev o hakim formasını geyinəcək, sarı, qırmızı kartları cibinə qoyacaq, “svistok” səsləndirib oyuna başlayacaq?

– Sözün düzü, belə bir sərt cəzanı heç gözləmirdim. Vallah, bəzən adam öldürənə də belə cəza verilmir. Bu, Babək Quliyevə qarşı çox ədalətsizlikdir. Niyə? Hər şeydən əvvəl, ona görə ki, iştirak etdiyim bütün oyunlarda Azərbaycanın layiqli təmsilçisi olmuşam, bu ölkənin adını uca tutmuşam.

Hər bir insanın həyatında sevdiyi bir peşəsi var, əgər belə demək mümkünsə, onunla yaşayır. Mən də öz peşəmin vurğunu olmuşam. Onu sevmişəm, onunla nəfəs almışam. Hakimlik mənim üçün doğma olub. Elə indi də doğmadır.

– İndi meydanlarda həmkarlarınızı görəndə nələr düşünürsünüz?

– Düşünürəm ki, mən də yaşıl meydançalarda ola bilərdim. Bilirsinizmi, 35 yaşda sevdiyi peşəni itirməyə hər insan dözə bilməzdi… Vaxtsız kənarda qalmaq ağır işdir.

– Niyə məşqçi, yaxud hakim-inspektor kimi fəaliyyət göstərməyə cəhd etmədiniz?

– Yenə deyirəm, hər bir insan bacardığı peşədən yapışmalıdır. Mənə elə gəlir ki, hakiməmsə, məşqçi ola bilmərəm. Mən hakimlik işini yaxşı bilirəm. Odur ki, bu sahədə olmalıyam. O ki qaldı konkret suala… Bəlkə də şansım var idi, ya da kim bilir, bundan sonra olacaq.

– Yəni buna cəhd etmədiniz?

– Etməmişəm. Digər tərəfdən, təkliflər də olmayıb. Bilirsiniz, mən necə adamam? Bəlkə də bu zəmanənin adamı deyiləm. Kimə isə ağız açmaq, kiminsə qapısını döymək, minnətçi düşmək mənə tamamilə yaddır. Yəqin, bu yeddi ildə elə belə səbəblərdən kiminsə yadına düşməmişəm.

– Təklif olsa, AFFA-da çalışarsınızmı?

– AFFA-da mənə ehtiyac duyularsa, dəvət edilərəmsə niyə də çalışmayım?

– Hələ nəyə isə ümid edirsiniz?

– “Ümid ən axırda ölür”, – deyiblər.

– İndiyədək müraciət etməyi qürurunuza sığışdırmamısınız?

– Bu, bəlkə də mənim mübarizliyimdən, kimlərlə isə baş-başa gəlməyimdən irəli gəlir. Nə bilim, vallah… Baş-başa gəldiyim insanlar məni də başa düşməli idilər. Yenə deyirəm, çünki layiq olmadığım cəzanı almışam. Elə buna görə mübarizəyə qalxmışam və mübarizə eləmişəm. O insanlar başqa cür başa düşüblərsə, mən neyləyə bilərəm.

– Adınız nədə hallandırılırdı? Bunu sizin özünüzdən bir daha eşidək…

– Hər insanın adı hallana bilər. Amma fakt olmalıdır, insanı əsassız cəzalandırmazlar. Mənim əlimdə AFFA-nın Apelyasiya Komitəsinin qərarı var və orada qeyd olunub ki, buna görə perspektivli hakimi belə cəzalandırmazlar.

– Sizə qarşı olan haqsızlığa görə yuxarılara müraciət etdiyiniz deyilir…

– O zaman, yəni 2009-cu ildə müraciət etmişdim. Cavab belə oldu ki, bu, federasiyanın işidir. Bilirsiniz, mən oyundan sonra olan telefon danışığımı danmıram: uduzan komandanın rəsmisi ilə danışmışam. Söhbətimiz də oyun barədə olub. Düzdür, kodeksdə var: oyundan əvvəl və sonra hansısa komandanın rəsmisi ilə danışmaq olmaz. Lap tutalım danışmışam. Olmazdımı Babək Quliyevin gördüyü o işlərə görə belə səhvindən keçmək?

– Bu məsələdə haradasa özünüzü günahkar hesab edirsiniz?

– O, telefon danışığı gülünc bir ittihamdır. Dünyanın heç bir yerində, inanın mənə, buna görə hakimi belə asıb-kəsmirlər. Sizə bir fakt deyim: ötən il “Fənərbagça”-”Trabzonspor” matçından bir gün əvvəl “Trabzonspor”un prezidenti tərəfindən Hüseyn Göyçəkə zəng olunub. Və sonradan klubun prezidenti ictimaiyyət arasına çıxaraq deyib ki, bəli, mən hakimə zəng etmişəm. Hakim də bu haqda federasiyaya məlumat verməmişdi. Buna görə hakimə nə etdilər, güllələdilər? Hakimə dedilər ki, bir də belə şey etmə. Bu, oyundan əvvəl olmuşdu. Mənim danışığım isə oyundan sonra uduzan komandının rəsmisi ilə olmuşdu.

– Siz telefon zənginin qurbanı olmusunuz?..

– Bəli…

– Ramin Musayevdən gətirəcəyim bir sitatla söhbətimizi davam etdirək. O, belə deyir: “Heç vaxt deməmişəm ki, Babək Quliyev oyundan sonra klub rəsmisiylə danışdığı üçün hakimlikdən uzaqlaşdırılıb. Niyə göndərilib, nə vaxt qaytarılacaq, mənə dəxli yoxdur. Bunu edən adamlar var, gedin onlardan soruşun. Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar”.

– Səhv etmirəmsə, Ramil müəllim dediyiniz açıqlamanı bu ilin yanvarın 4-də “Xəzər” TV-də verib. Yeri gəlmişkən, haqqımda söylədiyi müsbət fikirlərə görə Ramin müəllimə minnətdarlığımı bildirirəm. Bəli, o özü də yaxşı bilir ki mən necə hakim olmuşam. Bəlkə də zəifliyim qapılar döyməməyimdədir.

– Bəs bu məsələni ən çox şişirdən kim olub?

– AFFA-ın Hakimlər Komitəsi…

Haşiyə

– Rəncbərin ümüdi əkinədir. Bəs Xaqani Məmmədovun?

– Allaha…

– Sərçəyə cip-cip öyrətməzlər, bəs hakimə nəyi öyrətməzlər?

– Oyunu idarə etməyi.

– Suda boğulan saman çöpündən yapışar, bəs uduzan komanda?

– Əksər hallarda hakimdən.

-Toya toy deyiblər yasa yas, bəs bizdə futbola niyə top-top deyirlər?

– Bu, məncə, dilimizdə daha çox işlənən “top” sözü ilə bağlıdır.

– Üzük qaşı ilə tanınar, qız qardaşı ilə, bəs komanda?

– Komanda yaxşı məşqçisi ilə…

– Pendir yeyən su axtarar, bəs səhv edən hakim?

– Etdiyi səhvlərə don geyindirməyin yollarını…

“Onun kimi hakimləri itirməyə haqqımız yoxdur”

– FİFA hakimləri- Tahir Süleymanov, İmanxan Sultani, Anar Salmanov… Yəqin bu adlar sizə tanışdır.

– Tahir Süleymanovla İmanxan Sultani məndən əvvəl hakimlikdən uzaqlaşdırılıblar. Anar Salmanova gəldikdə onun nəyə görə uzaqlaşdırıldığını deyə bilmərəm. Mən o işin içində deyiləm. Odur ki, bu barədə nəsə deyə bilmərəm. Amma çox istərdim ki, Anar Salmanov kimi hakimlər həmişə iş başında olsunlar. Yəni bu gün onun kimi hakimləri itirməyə haqqımız yoxdur. Onun indi 35-36 yaşı var.

– Niyə bir araya gəlib hüquqlarınızın müdafiəsi ilə bağlı komitə təşkil etmək fikrinə düşmədiniz?

– Mən, ümumiyyətlə, heç vaxt qruplaşmanın tərəfdarı olmamışam. Odur ki hər hansı formada komitə yaratmağı ağlımdan belə keçirməmişəm. Amma fərdi şəkildə haqsızlığa məruz qaldığım gündən mübarizəyə qalxmışam.

– Bu gün də mübarizəni davam etdirirsiniz?

– Yox. Artıq iki ildir ki, mübarizədən çəkinmişəm. Yəni dediyimi demişəm, etdiyimi də etmişəm.

– Bu müddətdə yolunuz AFFA-ya düşübmü? Yoxsa birdəfəlik Azərbaycan futbolundan küsmüsünüz?

– Demək olar ki, elədir. Sonuncu dəfə 2009-cu ilin mart ayının 11-də AFFA-da olmuşam.

– Bu da sizin bir növ etiraz aksiyanızdır?

– Etiraz deməzdim, inciklik deyərdim.

– Heç tədbirlərə də dəvət olunmursunuz?

– Yalnız bir dəfə Tofiq Bəhramovun anadan olmasının 90 illiyi ilə bağlı tədbirdə olmuşam. Yəni 7 ildə bir dəfə…

– Xaricdən ölkəmizə matçlar idarə etməyə gəlmiş hansısa hakim sizi axtarıbmı?

– Eşitdiyimə görə olub. Məsələn, Ruminiyadan, Macarıstandan, Şotlandiyadan, Estoniyadan, Belorusdan, İsveçdən ölkəmizə təşrif buyurmuş hakimlər mənimlə maralanıblar.

“Məgər pis olardı?”

– İdarə etdiyiniz hansı oyunları tez-tez xatırlayırsınız?

– Ən çox Avropa meydanlarında idarə etdiyim oyunlar hərdən gözlərim qarşısında canlanır. O zaman ölkəmizdə də elə Avropadan geri qalmayan oyunlar keçirilirdi. Yeri gəlmişkən, mən 3 il dalbadal (2005-2007-ci illərdə) Azərbaycan çempionatının final oyunlarını idarə etmişəm. Onu da deyim ki, mən futbol tariximizə kateqoriya adlayan ilk hakim kimi də düşmüşəm.

– İdarə etdiyi hansı oyunlarda Babək Quliyev səhvlər edib?

– Bilirsinizmi, heç bir hakim deyə bilməz ki, idarə etdiyi hansısa oyunda səhv etməyib.

– Neçə oyun idarə etmisiniz?

– İdarə etdiyim yerli və xarici matçların sayı ümumilikdə 250-dir. Bunlardan 45-i beynəlxalq səviyyəlidir. Onu da deyim ki, Azərbaycanda yeganə hakiməm ki, futzal üzrə 3, böyük futbolda 4 il FİFA referisi olmuşam.

– Səhv etmirəmsə, sorağınız UEFA-nın “İstedadlar” qrupundan gəlirdi…

– Bu qrupda 54 ölkədən 16 hakim vardı. Mən Azərbaycandan o qrupa düşmüş ilk hakim olmuşam. Ritsoli, Atkinson, Brix, Cüneyd Çakır, Aleksandr Stavrov, Vilyam Kolm kimi hakimlər var idi o qrupda. İndi onların sorağı Avropa çempionatlarından gəlir. İndi Babək Quliyev də onların arasında olsaydı, Azərbaycan futbolu üçün məgər pis olardi? Mən avroliqanın, cempionlar liqasının qrup mərhələlərinə tam hazır bir hakim idim. 2009-cu ilin may ayında İngiltərədə iki oyunum var idi. Biletim də əlimdə idi. Həmin oyunlarda yaxşı qiymət alsaydım, birinci qrup kateqoriyaya layiq görüləcək və avroliqanın qrup mərhələsində oyuna təyinat alacaqdım.

– Bəs UEFA öz hakimi ilə maraqlanmadı?

– Mən, ümumiyyətlə, hakimlik dövrümdə UEFA-dakı 3-4 nəfər hakimlə mütəmadi əlaqə saxlayır və haqqımı tələb edirdim. Amma bu elə məsələ idi ki…

– Yəni bu, bizim Hakimlər Komitəsindən asılı idi?

– Hakimlər Komitəsi oradakı hər bir hakiminə arxa olmalıdır. Baxın, indi bizim perspektivli hakimimiz var, Əliyar Ağayevi deyirəm. Hakimlər Komitəsi ona mütləq dayaq olmalıdır. Əks halda, onun irəli getməsi çətin olacaq. Niyə belə deyirəm: əgər Əliyar 3 oyundan yaxşı qiymət, birindən aşağı qiymət alarsa, bu bir oyun ona baha başa gələ bilər. Amma bu, məsələn, Fransadan, Almaniyadan olan hakimlər üçün keçərlidir. Niyə? Çünki UEFA-nın Hakimlər Komitəsində həmin ölkələrin üzvləri var. Amma Azərbaycan futbol ölkəsi kimi tanınmadığı üçün məsələ qəlizdir.

– Belə çıxır ki, UEFA-da da tanışlıq önəmlidir?

– Əlbəttə. Yəni sən UEFA-ya tez-tez xatırlatmalısan ki, mən hakimimin arxasındayam. Əliyar Ağayev niyə birinci qrupa keçmədi? Halbuki aldığı qiymətlərlə buna layiq idi. Hakimlər Komitəsinin sədri mütləq UEFA-nın hakim-inspektoru olmalı, onlarla əlaqə saxlamalıdır. Belə olanda, o gedib Rumıniyanın, İsveçin və başqa ölkələrin hakimlərinə qiymət verir. Onlar da deyirlər ki, azərbaycanlı hakim-inspektor bizə qayğı göstərdi, yaxşı qiymət verdi. Sabah onların ölkələrindən olan hakim-inspektorlar da bizim hakimlərimizə qiymət verəndə bunu nəzərə alırlar. UEFA-da belə şeylər bir-birinə bağlıdır. Yenə deyirəm, bizim belə əlaqələrə ehtiyacımız var. Buna başqa cür də izahat verim. Məsələn, 3 hakim – biri İspaniyadan, biri Norveçdən, biri Azərbaycandan – birinci qrupa namizəddir və onlardan ikisi kateqoriya adlamalıdır. Belə olan halda kənarda qalan azərbaycanlı olacaq. Çünki onların UEFA Hakimlər Komitəsində nümayəndələri var, bizim isə yox. Yəni onlar öz ölkələrinin nümayəndəsini dəstəkləyəcəklər də… Əliyar Ağayev artıq Avropa Liqasının qrup mərhələsinə təyinat alır. Ora düşmək problem deyil, amma onu orada saxlamaq lazımdır. Buna görə də Hakimlər Komitəsinin sədri bu quruma üz tutmalıdır. Açıq deyirəm, orda elə inspektorlar var ki, Azərbaycanı görməyə gözləri yoxdur.

– Əliyar Ağayevin, əgər belə demək mümkünsə, inkişafının olduqca ləng getməsi bu kimi amillərdən qaynaqlanır?

– Yenə deyirəm, işbirliyi olmalıdır. Bizim Hakimlər Komitəmiz UEFA-nın hakimləri ilə birgə işləməlidir. Əks halda o, uzağa gedə bilməz.

– Bəs ingilis dilini necə öyrənmisiniz?

– Yaxşı hakim olmaq istəyirsənsə, ingilis dilini mütləq öyrənməlisən. Məndə belə bir xüsusiyyət var. Əgər hakimlik üçün nəsə lazımdırsa, onu mütləq əldə etməliyəm. Özü də mən ingilis dilini demək olar ki, 6-7 ayda öyrəndim.

– Söhbətdən belə qənaətə gəldim ki, siz, sadəcə, bu sıçrayışınızın qurbanı olmusunuz? Bir də mənə elə gəlir ki, sizin uğurlarınız qısqanclıqla qarşılanıb?

– O da var. Bilirəm, onu kim edib. Onu hamı yaxşı bilir. Allah bilən məsləhətdir. Gün gələcək hamı yerində oturacaq.

– Bu günün hakimlərindən daha kimi fərqləndirə bilərsiniz? Kimlərin idarə etdiyi oyunları izləyirsiniz?

– Əliyarın…

– Bu onun sizə bənzər addımlarla irəli getməsi ilə bağlıdır?

– Deməzdim mənə bənzəyir. Hə, bir də Rəhim Həsənovun.

– Bizim nə vaxt Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimiz olacaq?

– Yaxın 30-40 ildə Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimizin olacağına inanmıram. Bu fikri mən bugünkü işin gedişatına əsasən deyirəm.

– Xaqani Məmmədov yaxın illərdə bizim də hakimlərimizin soraqlarının Avropa çempionatından, mundialdan gələcəyini söyləyib. Buna inanmaq olar?

– Mümkün deyil. Bilirsinizmi, Dünya və Avropa çempionatlarında hakim olmaq üçün birmənalı şəkildə hakim elit kateqoriyalı hakimlər sırasında olmalıdır. Hazırda bizim öndə gedən hakimimizin Əliyar Ağayevdir ki, o hələ ikinci kateqoriyadadır. İkidən birə keçməyə də 5-6 il lazımdır.

Haşiyə

– Arvadın deyingəni kişini tez qocaldar, bəs məşqçinin deyingəni hakimi neylər?

– Başını xarab eylər…

– Aslan yatışından da bəllidir, bəs hakim?

– Zəhmindən…

– Aşıq gördüyün çalar, bəs hakim?

– Hakim də gördüyünü çalmalıdır.

– At igidin yoldaşıdır, bəs “svistok” hakimin nəyidir?

– Çörək ağacı.

– Atalar sözü hikmətdir, bəs hakim sözü?

– Qanundur, qaydadır.

– Balıq balığı udmasa, dəryanı balıq tutar, bəs Xaqani hakimləri udmasa?

– Dünya dağılar.

– Barıt ilə odun dostluğu olmaz, bəs hakimin kiminlə dostluğu olmaz?

– İnanmiram ki, hakim hakimlə dost ola.

– Başmaq cütlənəndə bilinər, bəs hakim?

– Oyun idarə edəndə.

“İnşallah, nə vaxtsa

qismət olar”

– Babək müəllim, hakimlərdən kimi müfəttiş, kimi yazıçı, kimi polis olub. Bəs sizin əsas işiniz nə olub?

– Keşlədə fəhlə ailəsində böyümüşəm. 3 qardaş, bir bacı olmuşuq. Atam həbs olunduğu üçün (anam isə uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib) 8-ci sinifdən işləməyə başlamışam: həm “moyşik”, həm də malyar kimi çalışmışam… Elə bu səbəbdən bir babat peşə sahibi ola bilməmişəm. Elə işləyə-işləyə futbol məşqlərinə getmişəm. Mən Bakının “Azəri” (Bakı), Neftçalanın “Pambıqçı” komandalarında çıxış etmişəm. 1995-ci ildə Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə ciddi zədə aldım: akrobatik tullanışla zərbə vurmaq istəyəndə yerə pis düşdüm, ürəyimin üstündəki əzələ partladı. İlyarım o bərpa olunanadək formamı itirdim və futbolla vidalaşdım.

– Eşitdiymə görə, daha sonra qəbiristanlıqda…

– Hə, mən dinə bağlı bir adamam (Hətta Məşhəddə də olmuşam). Bir gün ağsaqqallar dedilər ki, bəs qəsəbə qəbiristanlığına bir rəhbər lazımdır. Az sonra belə qərara gəldilər ki, bu iş Məşədi Babəkə həvalə olunsa daha yaxşı olar.

– Nə əcəb Həcc ziyarətində olmamısınız?

– Belə bir əhdim vardı ki, 45 yaşımda hakimliyimi bitirim, sonra həm Kərbəla, həm də Həcc ziyarətinə çıxım. Amma arzum ürəyimdə qaldı. İnşallah, nə vaxtsa qismət olar, gedərəm.

– Futbolda məşqçiniz kim olub?

– RSU 1-də Semiqlazov, “Neftçi1”-də Fazil Abbasov.

– Bəs hakimliyə gəlişiniz necə olub?

– 2000-ci ildə Keşlədə məhəllələrarası turnir keçirilirdi. Bizim məhəllə yarımfinala çıxa bilmədi. Zülfəli adlı bir ağsaqqal dedi ki, Babək, bəlkə yarımfinal, final oyunlara hakimlik edəsən. Elədim. Bu oyunlardan sonra mənə dedilər ki, səndə hakimlik yaxşı alınır, niyə də özünü daha böyük arenada, yəni peşəkar fəaliyyətdə hakim kimi sınamaq istəməyəsən, yoxlamağa dəyər. Mən də həvəsləndim və bununla bağlı müvafiq quruma müraciət etdim. Beləcə, futzal oyunlarına hakim kimi cəlb olundum. Bir ildən sonra futzal üzrə FİFA referesi oldum…

– Hakim necə olmalıdır?

– “Quyuya su tökməklə quyu sulu olmaz” deyiblər. Hakimlik də belə bir sənətdir, yəni hakim hakim kimi doğulmalıdır. Qabında olmayanı hakim etmək mümkün deyil. Mən hakimliyi başqa cür sevmişəm e… Belə bir sual verirlər ki yenidən dünyaya gəlsən, hansı sənəti seçərdin? Mən yenə də hakimliyi seçərdim. Baş verənlərə də qismətdir deyirəm, hər bir insanın başına gələ bilər. Amma mənim bəxtim gətirmədi. Yenə də Allahdan çox raziyam, şikayət etmirəm.

– Sizi “vurmasaydilar” indi harada olardınız?

– Deməzdim, Avropa, dünya çempionatlarını idarə edərdim. Bunun üçün, yenə deyirəm, dayağın olmalıdır, amma dünya çempionatlarının qrup mərhələsi çərçivəsində keçirilən oyunları idarə edərdim.

Haşiyə:

-Seyid cəddinə arxayın olar, bəs futbolçu?

– Bəxtinə.

– Borclu borclunun sağlığını istər, bəs Babək Quliyev Xaqaninin nəyini istər?

– Sağlığını.

– Borc igidi əridər, bəs AFFA-nı, PFL-i nə əridər?

– Mənə elə gəlir ki heç nə onları əritməz.

– Suda boğulan saman çöpündən yapışar, bəs fakt qarşısında qalan hakim nədən yapışar?

– O da saman çöpündən…

– Yay fağırın yorğan-döşəyidir, bəs sarı, qırmızı kart hakimin nəyidir?

– Şərəf və ləyaqəti.

“Kaş o vaxtı onlara

sarı vərəqə göstərəydim”

– Ən çox sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?

– Heç biri…

– Yuri Baskakovun belə bir sözü var: “Hakimlər üçün cəld qaçmaq vacib deyil, əsas qərar qəbul etməkdir”. Bu fikrə münasibətiniz?

– Mənim fikrimcə, hər ikisi vacibdir. Çünki hakim epizoda yaxın olmasa, düzgün qərar verməkdə çətinlik çəkər.

– Hansı əsərin qəhrəmanına bənzəmək istəmisiniz?

– Filmdəki Babəkə…

– Müğənnilərdən kimi dinləməyə üstünlük verirsiniz?

– Röyaya… Onun bütün mahnıları şedevrdir.

– Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

– Dostlarımla çay içə-içə söhbət edirəm.

– Hobbiniz nədir?

– Nə qədər qəribə səslənsə də hakimlik. O mənim hər şeyimdir. İndi də hakimliklə yaşayıram.

– Bəs yorulanda hara üz tutursunuz?

– Qəbiristanlığa. Burada mənən rahatlıq tapıram. Qəbiristanlıq başqa aləmdir. Orda yatan insanların qəbir daşlarına baxıb deyirəm ki, bir gün biz də burada olacağıq. İnsan məhz orada bu dünyanın müvəqqəti olduğunu dərk edir.

– Hansı mahnını zümzümə edirsiniz?

– Röyanın mahnılarını…

– Heç həyatda kiməsə sarı və yaxud qırmızı kart göstərmisiniz?

– Hakimlik edəndə bəzilərinə göstərmək istəmişəm, amma sonradan fikrimdən dönmüşəm. İndi deyirəm, kaş o vaxtı onlara sarı vərəqə göstərərdim.

– Həyatda ofsayda çox düşmüsünüz?

– Çox… Elə başıma gələn bu epizod ofsayddır da…

– Nədən müdafiə olunursunuz?

– Dedi-qodudan, yalandan.

– Bəs nə zaman hücuma keçirsiniz?

– Bir işdə yüzdə-yüz haqqlı olanda.

– Aut-topu oyuna daxil etmək anlamındadır. Bəs özünüzdən çıxanda sizi kimi meydana atır?

– Mən özümü sakitləşdirə bilən insanam.

– “Heç-heçəyə 15 min verirlər” sözlərini eşidəndə nələr düşündünüz? Bununla bağlı verilən qərar doğru oldumu?

– Onu hər bir insanın vicdanına buraxıram.

– Deyirlər, peşəkar mütəxəssis hakimin səhvi qəsdən edib-etmədiyini çox gözəl başa düşür. Hətta onun fitinin səsindən bilir. Bu doğrudurmu?

– Doğrudur. Peşəkar hakim oyunu idarə edən hakimin matçın 5-ci dəqiqəsindən fit çalmasından bilir ki, o, kimin tərəfini tutur. Bu, birmənalıdır. Fitin tonu var da…

– Daha nə demək istərdiniz?

– Mən o cəzaya layiq deyildim… İnsanı bu qədər sındırmaq olmaz.