Bəziləri üçün ailə həyat tərzi yox, vərdişdir

0
446

Nicat İntiqam

Bir dəfə hansısa yazıda oxumuşdum ki, xoşbəxt o adamdır ki, səhər işə, axşam evə tələsir. Amma reallıq ondan ibarətdir ki, təkcə tələsməklə iş bitmir. Çünki iş həyatı gərginlik, yorğunluq deməkdir. Yorğun olanda isə öz hayında olursan, valideynlərinə, uşaqlara lazımınca diqqət göstərə bilmirsən. Psixoloqlar da bu fikirdədirlər ki, işləyən ailələrin ən böyük problemlərindən biri də bir-birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də, əgər uşaqlar varsa, “ata-ana” rolu istər-istəməz “ər-arvad” rolundan ön plana keçir. Beləliklə, ər və arvad arasında ünsiyyət, demək olar ki, itir. Təəssüf ki, haqqında bəhs etdiyimiz bu vəziyyətlərə ailələrdə tez-tez rast gəlinir. Bu cür həyat tərzi təbii olaraq tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir…

 

“Roldan-rola” keçməyi də

bacarmaq lazımdır

Bəs bu halda nə etmək lazımdır? Necə edəsən ki, “nə şiş yansın, nə kabab?” Psixoloqlar bildirirlər ki, insan həyatda bütün “rollarında” səmimi olmalıdır: “Üstəlik, bir fərd kimi “roldan-rola” keçməyi də bacarmalıdır. Yəni iş həyatında işçi, uşaqlarının yanında ata və yaxud ana, həyat yoldaşının yanında ər və ya arvad… Əgər bu “keçiddə” hər hansı bir problem varsa, bu, əvvəlcə, fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir. Əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, “vaxtım yoxdur” bəhanəsinin arxasında gizlənməməli və bunu var gücünüzlə istəməyə çalışın”. Psixoloqların qənaətinə görə, bəziləri üçün ailə həyat tərzi yox, vərdişdir: “Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ailə həyatının müsbət cəhətlərini yada salın”.

 

Nə qədər yorğun olsanız da…

Ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən birlikdə kitab oxumaq da kifayətdir. Hər gün işdə ola bilərsiniz, hər gün başınız qarışıq ola bilər, amma ailənizi, evdəkiləri unutmamalısınız: “Gün ərzində həyat yoldaşınıza təkcə “nə lazımdır?” sualı üçün yox, sırf onun üçün zəng edin. Çox məşğul olsanız da, arabir birlikdə gəzməyə çıxın. Bu, yarımsaatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilər. Bir-birinizin əlamətdar günlərini xatırlamaq üçün işin az və ya çox olmasının bir fərqi yoxdur. Nə qədər yorğun olsanız da, axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta bu söhbət çox qısa olsa belə. Unutmayın ki, həyat yoldaşınızla ünsiyyətiniz nə qədər möhkəm olsa, bu sizin həm həyat tərzinizə, həm də ailə səadətinizə müsbət təsir göstərər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here