Qadınların savadları, peşələri olmayacaq bu problemlər davam edəcək

0
626

Azərbaycanda hər il nikahdan kənar evliliklərdən çoxlu sayda uşaq dünyaya gəlir. Nikahdan kənar qurulan və sonu boşanma ilə nəticələnən ailələr də az deyil. Budəfəki araşdırmamız rəsmi nikahsız evliliklər və onların nəticələri haqqında olacaq. Daha çox bölgələrdə müşahidə olunan nikahsız evliliklərdən xüsusilə qadınlar əziyyət çəkirlər. Mövzu ilə əlaqədər “Zaman-Azərbaycan”a müsahibə verən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, rəsmi nikahsız evliliklər böyük fəsadlarla nəticələnir: “Bildiyiniz kimi, kəbin hüquqi sənəd hesab olunmur. Ölkəmiz dünyəvi qanunlarla idarə olunur. Xüsusilə qadınlar əmlak və qeydiyyat məsələlərində, övlad dünyaya gətirdikdə, uşağın sağlamlıq məsələlərində bir sıra çətinliklər yaşayır, problemlərini həll etməkdə çətinlik çəkirlər”. M. Zeynalova onu da bildirdi ki, çox vaxt qadınlar hüquqi cəhətdən savadlı olmadıqları üçün xüsusilə, uşağın şəhadətnaməsinin alınması və atalıq faktının müəyyən edilməsi üçün uzun çəkişmələr lazım olur. Bəzi hallarda qadınlar rəsmi nikahları olmadığı üçün heç bir şey edə bilməyəcəklərini düşünürlər. Hətta bəzi hallarda kişilər də onlara deyirlər ki, “rəsmi sənədimiz yoxdur, heç nə edə bilməzsən”. Müsahibimizin sözlərinə görə, bu bəzi kişilər üçün əlverişli müdafiə mexanizmidir: “Buna daha çox qadınlar və valideynləri imkan yaradırlar. Biz hər dəfə təbliğat aparırıq və xəbərdarlıq edirik ki, rəsmi nikah olmalıdır. Rəsmi nikahla məsələləri hüquqi konteksdən daha rahat və əlverişli həll edə bilərsiniz”.

M. Zeynalova ən böyük problemin uşağa şəhadətnamə alınması zaman ortaya çıxdığını bildirdi: “Əsas problem atanın soyadını verməkdən imtina etməsi zamanı baş verir. Rəsmi nikah olmayan evliliklərdə atalar uşaqları çox vaxt qəbul etmirlər. Aliment alınması üçün əvvəlcə atalıq faktı müəyyən edilməli, sonra aliment verilməlidir. Buna bəzən illər lazım olur. Çünki öz hüququnu bilməyən qadın düşünür ki, DNK analizinin rüsumunu ödəməlidir. DNK analizinin dəyəri isə 2000 manat təşkil edir. Halbuki, qadın bilməlidir ki, öncə bioloji, sonra kliniki analiz vermək olar. Əgər analiz tətbiq edilərsə və atalıq faktı müəyyənləşərsə, qadın həmin tibb müəssisəsinin rüsumunun ata tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Qadınlar isə düşünürlər ki, bu məbləği özləri ödəməlidirlər. İqtisadi cəhətdən asılı qadınlar isə bu məbləği ödəyə bilmədiyi üçün problemlərlə üzləşirlər”.

Müsahibimizin sözlərinə görə, bu hal uşağın normal inkişafına ciddi zərər yetirir. M.Zeynalova sözlərinə belə davam etdi: “Belə psixoloji və hüquqi aspektlər var ki, qadınlar aciz qalırlar. Buna baxmayaraq, bəzi qadınlar yenə də nikahsız ailə qururlar”.

Bəzən valideynlər vadar edirlər

“Bəzi qadınları valideynləri məcbur edir, bəzilərinin isə təhsili, peşəsi olmadığı üçün və ya təhsildən yayındırıldıqları üçün çıxış yolunu ailə həyatı qurmaqda görürlər”. M. Zeynalova belə deyir. Müsahibimizin sözlərinə görə, bəzi ailələrdə qız övladı dünyaya gəldiyi andan onun ailə həyatı qurması haqqında düşünürlər və tez-tez bu barədə danışırlar. Qadınlar özlərini təhsillə, şəxsi inkişafla yox, ailə həyatı qurmaqla sığortalamaq istəyirlər: “Çıxış yolu tapa bilməyən qadınlar ailə həyatı qurmağa çalışırlar. Lakin, son zamanların göstəricisinə görə həyat yoldaşının çıxış yolu olması fikri özünü doğrultmur. Hər şey ilk növbədə insanın özündən asılıdır, seçim düzgün olmalıdır”.

M. Zeynalova belə vəziyyətlərlə üzləşən qadınların çox vaxt əsəb, gərginlik keçirdikləri üçün sağlamlıq problemlərinin olduğunu qeyd etdi: “Onlarda özünə inam, öz resurslarını görmək qabiliyyəti olmur. Hüquqi cəhətdən savadları olmadığı, iqtisadi cəhətdən asılı olduqları üçün daha çox başqalarının onların problemlərini həll etməsini istəyirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər”.

Əziyyət çəkən qadınlar

Müsahibimizin dediyinə görə, bu problemdən əziyyət çəkən çox sayda qadın “Təmiz Dünya İctimai Birliyi”nə müraciət edir: “İllərdir biz bu sahədə yardım göstəririk. Müəyyən punkt tutulur və bunun əsasında qadınlara hüquqi və psixoloji yardımlar, peşə kurslarına yönləndirmə, iş yerinin tapılması, sığınacağın verilməsi, uşaqların yerləşdirilməsi, qadınların və uşaqların tibbi müayinədən keçirilməsi, uşaqların qeydiyyata düşməsi kimi məsələlərdə yardım göstəririk. Ən əsası onlarda özünə inamın artırılmasına çalışırıq”.

Müsahibimizin sözlərinə görə, nə qədər ki, qadınların savadları, peşələri olmayacaq bu problemlər davam edəcək.

Digər şəxs bundan yararlana bilmir…

Hüquqşünas İlham Məmmədov isə bizimlə söhbətində məsələ ilə bağlı qeyd etdi ki, nikahsız evliliklərdə ananın yalnız uşağa aliment almaq hüququ var. Onun xaricində birgə nikah dövründə əldə edilmiş daşınan və ya daşınmaz əmlaklar, hesabda olan pullar, qiymətli əşyalar kimin adınadırsa, onda qalır, yəni, digər şəxs bundan yararlana bilmir. “Qadınlar daha çox yaşayış yeri istəyirlər, ancaq rəsmi nikah olmadığı üçün birmənalı şəkildə qadınlar əmlak hüququndan istifadə edə bilmirlər. Ananın yaşayış yeri, təzminat və ya digər heç bir hüququ qalmır. Yalnız doğum haqqında şəhadətnamədə atanın adı qeyd olunubsa, atadan aliment tələb oluna bilər”.

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva