“Bəzi müştərilər qızıl saatlarını saatsaza etibar etmirlər”

591

Saatsazlıq indi “nəsli kəsilməkdə” olan peşələrdəndir. Artıq çox adam saat taxmır. Üstəlik, bəzən təmirhaqqı təzə saatın qiymətindən baha olur. Odur ki, saat təmir etdirmək istəyənlərin də sayı azdır. Amma vaxtı dəqiq bimək üçün saatın olması vacibdir. Müasir dövrdə telefon, kompüter digər vasitələr də vaxt göstəricisi olduğundan qol, divar saatlarına maraq azalıb. Elə bu səbəbdən adıçəkilən cihazı təmir edənlərin də sayı baramaqla sayılacaq qədərdir.

Mingəçevirdə bu peşə ilə məşğul olan 3-4 usta var. 30 ilə yaxındır saatsaz olan Zaur Salmanov sənəti atasından öyrənib. 45 yaşlı ustanın düzəldə bilmədiyi saat demək olar ki, yoxdur. Şəhər sakini hazırda vaxt ölçən cihazları daha çox yaşlı sakinlərin təmirə gətirdiyini deyir. Saatsaz Zaur Salmanov deyir ki, bu peşənin sirlərini ona atası öyrədib. Ailədə 3 oğul olmasına baxmayaraq, bu sənəti yalnız Zaur yaşadıb: “Hər gün işə gəlirəm 2, ya 3 saat təmir edirəm. Ən çox müxtəlif hissələri qızıldan olan saatları sazlayarkən daha çox gəlir əldə edə bilirik. Amma bəzi müştərilər qiymətli, qızıldan olan əşyaları saatsaza etibar etmirlər. Buna görə də biz təmirə ehtiyac olanı hissəni götürür və ya qızıl saatı çəki ilə qəbul edirik. Əksər vaxtlarda isə müştərinin gözü qarşısında saatı təmir edirəm. Mən bu sənəti çox sevirəm, bu sənət səbir tələb edir. Ən çox bizə müraciət edən müştərilər köhnə, sovet dönəmindən qalan saatların sahibləridir. Onların ehtiyat hissələrini çətinliklə də olsa tapıb təmir edirik”.

Zaur usta onu da vurğuladı ki, illər ötdükcə bu peşəyə maraq azalsa da, saatsaz sənəti yaşadılmaqda davam edəcək.