“Bəzi icra başçıları küçələrə şəhidlərin əvəzinə, öz atalarının adlarını veriblər”

0
548

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Tərtər rayonunun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Nümayəndələr, əvvəlcə, hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.

“Açıq qapı” günündə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə rəhbərinin regionlarda aparılan tikinti-quruculuq işlərinə, ordu quruculuğuna, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb, şəhid adlarının əbədiləşdirildiyini bildirib. Qeyd edib ki, ayrı-ayrı vaxtlarda İcra başçısı işləyənlər küçələrə şəhidlərin adlarının əvəzinə, öz atalarının adlarını veriblər. İndi həmin küçələrin adları dəyişdirilib, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilib. Vəzir Orucovun adını daşıyan küçənin girişində onun barelyefi qoyulub. Hazırda şəhidlərin adları verilmiş digər küçələrdə də abadlıq işləri aparılır, onların da barelyefləri hazırlanıb qoyulacaq. Vətən uğrunda canlarından keçmiş şəhidlərin döyüş fəaliyyəti gənclərimizə örnəkdir.

Sonra “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun bacısı Validə Mahmudova, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, N saylı hərbi hissənin komandiri general mayor Hikmət Həsənov çıxış edərək, öz ürək sözlərini bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı əsgərlərin görüşünə gələn valideynlərlə səmimi söhbət aparıb, onların qayğıları ilə maraqlanıb. “Açıq qapı” günü ilə əlaqədar keçirilən tədbirlərdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi general mayor Rasim Əliyev də iştirak edib.

Rövşən Əşrəfov, Tərtər