“Bəzi bölgələrdə qızlar məktəbdən yayındırılır, ərə verilir”

504

“Respublikanın bir sıra bölgələrində IX sinifdə oxuyan qızlarla XI sinifdə oxuyan qızların sayı azalıb”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclərin peşə seçiminin gender aspektləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib: “Bizi narahat edən məsələ qızların təhsilinin davam etdirilməsi, xüsusilə də onların peşə və ixtisas seçimlərində gender balansının təmin olunmasıdır”. H. Hüseynovanın sözlərinə görə, 2013-2014-cü illərdə IX-XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin ümumi say nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu nisbət çox fərqlidir: “Respublikanın bir sıra bölgələrində IX sinifdə oxuyan qızlarla XI sinifdə oxuyan qızların sayı azalıb. Bəzən əsas göstərirlər ki, məktəblərin sayı azdır, uzaq məsafədədir, yerlərdə infrastruktur zəifdir. Əlbəttə, bu bəhanədir. Digər səbəblərdən biri də erkən nikahdır. Rəsmi statistik göstəricilərə görə də məhz həmin bölgələrdə erkən nikahların sayı digər yerlərdən daha çox qeydə alınıb. Komitə olaraq silsilə tədbirlər görülür. Lakin problemin həlli istiqamətində kompleks yanaşma və sistemli şəkildə iş aparmaq lazımdır”.

 İxtisasların “qadın peşəsi”, “kişi peşəsi” adı altında ayrılması…

Komitə sədri əlavə edib ki, valideynlərin təhsil müəssisələrinə nəzarətini daha da gücləndirmək vacibdir: “Onların qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender stereotiplərinin aradan qaldırılması sahəsində səylər birləşdirilməlidir. Xüsusilə vətəndaşlar öz məsuliyyətini dərk etməlidirlər. Əgər onların erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunan qanunlar, məcəllələr haqqında informasiyaları çox olsa, belə cinayətlər də daha az olar”.

 Komitə sədri bəzi ali təhsil müəssisələrinə qəbul olanların böyük hissəsini qızların təşkil etdiyini də vurğulayıb. O qeyd edib ki, bu da seçilən ixtisaslarda ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genofonda mənfi təsir edə bilər. Gənclərimiz bilməlidirlər ki, peşə seçimi onların cinsindən deyil, bacarıq və biliklərindən asılıdır. Digər tərəfdən, peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu gələcəkdə gənclərin işlə təmin olunmasına müsbət təsir göstərəcək”.

 “Təhsildən yayındırılan gənc qızları çox vaxt ərə verirlər”

Qeyd edək ki, bəzi bölgələrdə təhsildən yayındırılan gənc qızları çox vaxt ərə verirlər. Lakin ekspertlərin fikrincə, ailənin nə olduğunu bilməyən, həyata baxışı, dünyagörüşü hələ tam formalaşmamış yeniyetmə qızların ərə verilməsi boşanmalara gətirib çıxarır. Dövlət Statistika Komitəsi son illər ölkəmizdə boşanmalar ən çox evlilik müddəti 1-5 il davam edənlər arasında qeydə alınıb. Ən çox boşananlar arasında ikinci yerdə isə evlilik müddəti 5-9 il olanlar gəlirlər.

Bəzən valideynləri tərəfindən zorla ərə veriləcəyini bilən yeniyetmə qızlar arasında evdən qaçanlara da rast gəlinir. Qız evdən qaçandan sonra isə valideynlər düşürlər əl-ayağa ki, “bəs qayıt evimizə, peşman olmuşuq və s”. Erkən yaşda ərə verilmənin daha ciddi fədasları da ola bilir. Məsələn, bəzi aqressiv yeniyetmə qızlar valideynlərinə etiraz əlaməti olaraq son həddi – intiharı seçirlər.

 “Qanun baxımından yolverilməzdir”

Hüquqşünas Araz Yusifov da hesab edir ki, tərəflərin zorla evləndirilməsi boşanmanın səbəblərindəndir: “Hazırda məhkəmələrimizdə ən çox baxılan mübahisələrdən biri də məhz boşanmadır və bunun bir çox səbəbləri vardır. Belə ki, erkən yaşlarda qızlarımızın ərə verilməsi, gənclərin məcburi olaraq evləndirilməsi və ya gənclərin tamamilə öz istəklərinə buraxılması, onlara bu məsələdə heç bir köməklik  göstərilməməsi və onlara istiqamət verilməməsi, tərəflərin xarakterlərinin uyğun gəlməməsi, savadsızlıq və cahillik üzərində ailələrin qurulması, xəyanət, həmçinin uşaqların olmaması və s. kimi hallar sonradan boşanmalara gətirib çıxarır. Qanunvericiliyimiz nikaha daxil olmaq üçün yaş həddi müəyyənləşdirmişdir. Ailə Məcəlləsinə görə, həm kişi, həm də qadın üçün nikaha daxil olmağın yaş həddi 18 yaşdır. Lakin qızlarımızın erkən yaşda ərə verilməsi və ya oğlanların erkən yaşda evləndirilməsi qanun baxımından yolverilməzdir. Çünki evlilik gəncləri maddi və mənəvi cəhətdən hazırlıqlı olmasını, eləcə də müəyyən qədər həyat təcrübəsinə malik olmasını tələb edən ciddi bir institutdur. Lakin əfsuslar olsun ki, bu kimi önəmli xüsuslara bəzən əməl edilmir və bu da cəmiyyətdə mənfi nəticələrə səbəb olmaqdadır”.

Nicat İntiqam