Bəzi “baş”lara əl gəzdirməyin vaxtı deyilmi?

579
Bəziləri məni hər işə burun soxmaqda günahlandırır. Bu səbəbdən başsız qalacağımı söyləyirlər. Burun soxub başsız qalacağın nə demək olduğunu anlamırdım. Amma dünən Mahir adlı bir tanışım məni agah elədi ki, əslində bu ifadə (“burun soxmaq”) müxtəlif yuvalara baş soxmuş ovçuların başsız qalması haqqında rəvayətlərdən qaynaqlanıbmış. Yəni həmin, ifadə o qədər də zəruru olmayan hər hansı bir işə, məsələyə baş (və yaxud burun) soxmağın mənfi nəticələrini əks etdirir. Odur ki, o da mənə hər yerə, hər şeyə baş soxmamağı məsləhət gördü.
Amma tanışımın dediklərindən başa düşdüm ki, sən demə, o, bu başdan çox, yerində işlədilməyən “baş”lardan, daha doğrusu, “baş” kəlməsindən yaman yanıqlı imiş: “Ay qardaş, bu “baş” sözünün dilimizdə iyirmiyə yaxın mənası var, elə deyilmi? Amma bu heç də o demək deyil ki, biçarə başı bu və ya digər sözün harasında gəldi işlədəsən. Məsələn, Baş nazir, baş mühəndis ifadələrində “baş”lar lap yerində işlədilib, yəni söz sırası pozulmayıb. Buna heç bir iradım yoxdur. Amma burada bir məqama toxunmaq istəyirəm. Nədənsə Azərbaycan Respublikasının Baş naziri ifadəsindəki “baş” sözünü böyük, amma respublikamıza gəlmiş bu və digər ölkənin baş nazirlərini isə təqdim edənda “baş”ı kiçik hərflə yazırıq. Qardaş, bir mənə de görüm, bu ögey-doğmalıq nə üçündür? Axı dil normaları üçün belə sərhəd yoxdur, dilimizin orfoqrafiya qaydaları belə münasibəti sevmir. Bir də bu nə məntiq, nə də etik baxımdan düzgün deyil axı…

Nə isə… Bir mənə de görüm, Baş Dövlət Yol Polisi İdarəsindəki “baş” hansı anlamı verir? Necə yəni Baş Dövlət? Baş Dövlət nə deməkdir? Vallah, bundan baş aça bilmirəm. Bu, anormallıq deyilmi? Məncə, bu anormallıqdan da o yanadır… Söz tapa bilmirəm e, bunu izah etməyə… Axı dilimizin strukturuna görə təyin təyinolunandan əvvəl gəlməlidir. Burada isə dövlətin “baş” təyininə əsla ehtiyac yoxdur. Yaxud Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindəki, Baş İnformasiya Kommunikasiya İdarəsindəki “baş” sözləri yerində işlənməyib axı. Buradakı baş sözləri üçün nə qədər baş sındırsam da, onlardan heç baş çıxara bilmirəm ki, bilmirəm. Bu başların “idarə” sözlərinin yanında gəlməsi daha doğru olmazdımı? Hər halda bu, mənim fikrimdir. Bu gətirdiyim misallar hələ toya-bayrama getməlidir e… O gün hansısa küçədən keçəndə bir müəssisənin üzərində yazılmış Baş Narkotiklərlə Mübarizə İdarəsi sözləri diqqətimi cəlb etdi. Sözün düzü, həmin idarəyə girib bu məsələyə aydınlıq gətirmək istədim. Necə yəni, Baş Narkotiklərlə? Amma nə gizlədim, başımı ağrıtmaq istəmədim. Odur ki, buna baş qoşmaqdan vaz keçdim. Qardaş, niyə bir soruşan yoxdur ki, bu ölkədə baş narkotiklər nə vaxtdan peyda olublar? Elə isə digər narkotiklərlə mübarizə üçün başqa bir idarəmiz varmı? Mən biləni yoxdur axı…Yaxud Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi. Baş Mütəşəkkil, vallah, mən anlaya bilmirəm bu ifadəni. Bir də “təşkil olunmuş, ciddi nizam və intizama tabe anlayışını verən mütəşəkkil”in belə bir başa ehtiyacı yoxdur axı. Yaxud Baş Baytarlıq İdarəsi nə deməkdir? Baytarlıq Baş İdarəsi olsa, daha məntiqli olmazmı? Yəqin deyəcəksən ki, Mahir qardaşım baş aparır, yaxud başı xarab olub. Vallah, belə deyil. Məni doğru başa düş. Xeyli vaxtdır, bu “baş”lar məni o qədər narahat edir ki, inandırım səni, başımdan lap tüstü çıxır. Başıma hava gələcəyini zənn edirəm. Nə yaxşı ki sənə rast gəldim və ürəyimi boşaltdım. Bildiyimə görə sən də əli qələmlisən. Yəqin, bu barədə nəsə yazarsan da… Amma bu başdan xahiş edirəm, bu məsələdə mənim adımı hallandırma… Çünki qorxuram ki, mənim kimi savadsız bir adamı başından yekə (böyük) danışmaqda ittiham edələr”.

Bu yerdə özümü saxlaya bilmədim: “Elə isə mən niyə belə işə başımı soxmalıyam?”

q.mehebbetoglu@zaman.az