“Bəxtiyar Sadıqovun “Reket jurnalistlərin arxasında məmur qrupu dyanır” fikri ilə 100 faiz razıyam”

0
555

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) reket jurnalistlərlə bağlı əməliyyatlara başlayıb. İnsanları şantaj etmə, hədə-qorxu ilə pul tələb etməyə görə “Bizim dövr” qəzetinin və saytın rəhbəri Surxay Əliyev və onun “dəstəsinə” daxil olan bir neçə nəfər həbs olunub. Həmçinin dünən “Gündəlik Bakı” qəzetinin və saytın baş redaktoru Habil Vəliyev xüsusi əməliyyatla saxlanılıb.

Bu məsələ ilə bağlı “Yeniavaz.com“a münasibət bildirən jurnalist, teletənqidçi Qulu Məhərrəmlihesab edir ki, reket jurnalistikası deyilən bir anlayış ümumiyyətlə yalnışdır: “Çünki, reketçilik jurnalistikanın məhsulu deyil. Bu yaşadığımız cəmiyyətin, ictimai mühitin məhsuludur. Reketçilik təkcə jurnalistikada deyil, səhiyyədə də, polisdə də, başqa yerlərdə də var. Gözəl olan odur ki, reketlərə qarşı mübarizəni təhlükəsizlik idarəsi aparır. Yoxsa Mətbuat Şursının mübarizəsi effektsiz və təsirsiz olar. Buna qarşı hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Deputat Bəxtiyar Sadıqovun, “Reket jurnalistlərin arxasında məmur qrupu dyanır” fikri ilə 100 faiz razıyam. Çünki, bunlar müəyyən qurumlara, oliqarxlara arxayın olmasalar, güvənməsələr onlar insanları bu şəkildə şantaj eləməz, jurnalistikanı və ictimai mühitimizi bu dərəcədə zəhərləməzlər. Hesab edirəm ki, bütün sahələrdə qanunlara əməl olunmalıdır. O cümlədən ictimai əxlaqı pozan davranışlara qarşı bu cür tədbirlər görülməlidir”.
“Bu adamlar yazı-pozu adamlarını gözdən salır”

Professorun sözlərinə görə, bu problemin həlli üçün konkret effekti olan işlər görülməlidir. Yəni, hüquq-mühafizə orqanları bununla bağlı əməliyyatlar aparmalı, tədbirlər görməlidir: “Bu işlə məşğul olan adamlar cəzalandırılmalıdır ki, başqaları da bundan ibrət götürsünlər. Bu adamlar həm hakimiyyəti, həm jurnalistikanı, həm də vicdanlı insanları və yazı-pozu adamlarını gözdən salır. Cəmiyətin reket jurnalistlərlə bağlı bilgisi azdır. Onlar reketçilik üçün qəzeti, mətbuatı seçəndə bu jurnalistikanı gözdən salmaqdır. Ona görə tədbir görülür. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı sonuncu əməliyyat, hesab edirəm ki, davamlı olmalıdır”.

“Saytların, qəzetlərin fəaliyyətini məhdudlaşdırmaq olmaz”

Q.Məhərrəmli burada incə nüans olduğunu bildirdi. Teletənqidçi, bildirdi ki, bu tədbirlər heç bir halda söz azadlığını məhdudlaşdıra bilməz: “O yerdə ictimai nöqsanlar tənqid olunursa, ona qarşı çıxmaq olmaz. Yəni, bunu bəhanə edib, saytların, qəzetlərin fəaliyyətini məhdudlaşdırmaq olmaz. Yalnız şəxsi maraqları üçün insanları şantaj eləyən, insanların şəxsi həyatına qarışan, onlardan pul qopartmaq məqsədilə şantaj eləyənlərə qarşı işlər görülməlidir. Reketlər bunlardır. Bu hüquqa zid cinayət hərəkətidir və bu istiqamətdə işlər davam etməlidir”.

“Adı reket jurnalistikada hallanan adamlar jurnalist deyil”

Mövzu ilə bağlı saytımıza münasibət bildirən Ahıl Jurnalistlər Birliyinin sərd müavini, əməkdar jurnalist Məzahir Süleymanzadə bildirdi ki, burada konkret kimlərin tutulmasını araşdırmayıb. Əməkdar jurnalist, adı reket jurnalistikada hallanan adamların jurnalist olmadığını dedi: “Çünki, jurnalist sözü ilə reket sözü heç vaxt bir-birinə uyuşmur. Jurnalist reket ola bilməz, jurnalist vətəndaş ola bilər, vətənpərvər ola bilər, peşəkar ola bilər, tərənnümçü ola bilər. Jurnalist həmişə üzünü işıq gələn tərəfə tutan adamdır. Mən bir jurnalist kimi belə düşünürəm. Bu adamlar üzlərini başqa tərəfə çeviriblərsə, xəyanət yolu tutublarsa, deməli bunlar jurnalist deyillər. Ona görə bu adamlar haqqında jurnalist kimi danışmaq yerinə düşmür. Sadəcə olaraq bu adamlar haqda fırıldaqçı və öz vəzifələrindən sui-istifadə edən adamlar kimi danışmaq olar”.
“Hər kəs, öz əməlinə görə nə vaxtsa cavab verməlidir”

Reket jurnalistlərin necə ortaya çıxması haqda da danışan M.Süleymanzadə qeyd etdi ki, müstəqilliyimizin ilk illərindən başlayaraq bu sahədə müəyyən boşluq yarandı: “Kim istədi qəzet açdı, kim istədi sayt açdı. Buna heç bir məhdudiyyət qoyulmadı. Ona görə müxtəlif adamlar bundan istifadə edib Azərbaycan mətbuatına daraşdılar. Söz deməyin məsuliyyətini dərk eləmədilər. Onlardan bu məsələ ilə bağlı məsuliyyət tələb edən də olmadı. Ona görə də müxtəlif adamlar öz niyyətlərini həyata keçirməyə başladılar. Nəticədə Azərbaycanda kifayət qədər nüfuzu, qələmi, sözü olan adamlarda hörmətdən düşdü. İndi vəziyyət elə yerə gəlib çatıb ki, bu adamlar bir-bir ifşa olurlar. Bu da müsbət haldır. Nə qədər belə adamlar tez ifşa olunsalar, onlar haqda xalqa dolğun məlumat çatdırılsa daha yaxçı olar. Əlbətdə hər kəs, öz əməlinə görə nə vaxtsa cavab verməlidir. Görünür indi də bəzi adamlarında cavab vermək vaxtı gəlib çatıb. Onlar buna görə mütləq cəzalanmalıdırlar. Bəlkə bu Azərbaycan jurnalistikasında bir dönüşün başlanğıcıdır. Bəlkə bundan sonra jurnalistlərimiz arasında, mətbuatımızda ab-hava dəyişdi”.
“Bu iş təkcə DTX-nın vəzifəsi deyil”

Ahıl Jurnalistlər Birliyinin sərd müavini, jurnalistikada reketlik edənlərin çox olduğunu dedi. Onun sözlərinə görə, Mətbuat Şurası belə adamlarla bağlı mübarizə aparır: “Amma bunlar o qədərdilər ki, hamıya əl çatmır. Reketlər həddindən artıq çoxdular. 3-5 adamın tutulub cəzalanması ayrı, amma ümumiyyətlə bunlar çoxdular. Görünür bu tutulanlar iri balıqlardır. Amma bu dəryada o qədər xırda balıqlar var ki, bunların hamısına nəzər yetirmək, hamısına müəyyən qiymət vermək, onların qarşısını almaq çox çətin məsələdir. Bununla bağlı atılan addımlar müsbət haldır. Nəvaxtsa öz nəticəsini verəcək. Bu iş təkcə DTX-nın vəzifəsi deyil, bütün cəmiyyətin problemidir. Bu reket jurnalistlərə rüşvət verən olmasa, onlar da rüşvət ala bilməzlər. Bunlara rüşvət verirlər ki, bu şəbəkə genişlənir. Bu barədə düşünmək lazımdır. Hər birimizin öhdəsinə bir vəzifə düşür, biz bir vətəndaş olaraq bunları yerinə yetirməliyik. Onda Azərbaycan mətbuatı bu ünsürlərdən təmizlənər”.
Reket jurnalistlərin həbsinə Mətbuat Şurasının üzvləri münasibət bildirmir…


Məsələ ilə bağlı münasibət öyrənmək istədiyimiz “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının üzvü Rəşad Məcid bildirdi ki, o mətbuata açıqlama vermir, özünə 3 aylıq fasilə qoyub.


Mətbuat Şurasının idarə heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğluya da son günlərdə tutulan reket jurnalistlər haqda fikir bildirməsi üçün müraciət etdik. Baş redaktor bildirdi ki, bu məsələ ilə bağlı heç bir fikri yoxdur.
Rasim Məmmədli