Bəs siz necə, yorulmamısınız ki?

0
587

(Topaz Premyer Liqasının XXV turundan sonrakı qeydlər)

Yəqin deyəcəksiniz, hə, bu, yenə başladı. Neyləyim, ay qurbanın olum, mən də hamı kimi susummu? Vallah, bunu bacarmıram. Amma gizlətmirəm, əgər mənə də AFFA-da, yaxud PFL-də bir babat vəzifədən-filandan versələr, daşı ətəyimdən tökərəm. Yəni: “Uşaq olmuşam, qanmamışam”, – deyib keçərəm onların tərəfinə və bu əməkdaşlığı da, Məşədi İbadın sözü olmasın, özümə fəxr bilərəm. Yox, mən bu sözlərimlə Amerika-filan kəşf etmirəm. Sadəcə, gördüklərimi, eşitdiklərimi qeyd edirəm. Elə son vaxtlar bu qurumlarda təşkil olunmuş yeni komitələrdə, şuralarda işlə təmin olunmuşların futbolla bağlı səslərinin daha əvvəlki kimi gəlməməsi dediklərimə misaldır. Elə bil qurbağa gölünə daş atılıb.

Nədənsə hər dəfə yazı yazanda bu sözləri xatırlamağı özümə borc bilirəm. Yox, bu dəfə onlardan danışmayacağam. Bu səfər yenicə başa çatmış Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş bir matçın (“Sumqayıt”- “Qarabağ” 0:2) bir “fraqment”indən söz açmaq istəyirəm. Yox, “Sumqayıt”ın, onun baş məşqçisi Samir Abbasovun komandasının meydanda göstərdiyi “şücaətindən”, oyunundan uzun-uzadı danışmayacağam. Məncə, heç danışmağa da dəyməz. Amma Samir Abbasovun matçdan sonra “CBC Sport” kanalına verdiyi bir açıqlamasından söz açmaq fikrindəyəm. Sözün düzü, əvvəl istədim ki, bu barədən heç danışmayım. Amma içimdən gələn bir səs dedi, yox e… beş-altı kəlmə ərz et.

Hə, gözünə döndüyüm bu məşqçi, yəni Samir Abbasov jurnalistin çoxdan bəri öz formasını bərpa edə bilməyən “Sumqayıt”ın oyunçusu Vaqif Cavadovla bağlı ona ünvanladığı suala nə cavab versə, yaxşıdır? Cavab verib ki, bəs, a kişilər, mən Samir Abbasov, vallah-billah, Vaqif Cavadovla bağlı suallara cavab verməkdən yoruldum, amma onunla bağlı sual verənlər yorulmadılar ki yorulmadılar. Yəqin deyəcəksiniz, balam, burada nə qəbahət var ki? Kişi düz deyir də… Mən də onun səhv dediyini söyləmək fikrində deyiləm. Amma jurnalistin sualına o cür reaksiya verməsini, sözün həqiqi mənasında, çəkib çiləyə bilmirəm. Sanki o cavabdan mənə də pay düşüb. Gərək o, belə cavab verməyəydi.

Bəli, çox hörmətli Samir müəllim, bilmirəm, bilirsiniz, ya yox, bu gün Vaqif Cavadovun zəif çıxış etməsi futboldan az-çox başı çıxan hər kəsi düşündürür. Bu mənada Vaqiflə bağlı ünvanlanan suallar da elə bundan qaynaqlanır. Bu, öz yerində… İndi keçək məsələnin digər tərəfinə…

Ay Samir müəllim, bilmirəm, siz, eləcə də həmkarlarınız məğlub olduğunuz bu və ya digər oyundan sonra öz şərhlərinizi analiz edirsiniz, ya yox… Etmirsinizsə, qoy mən deyim. Siz hər məğlubiyyətdən sonra təxminən belə deyirsiniz: “Uşaqlar istəkli idilər, ancaq erkən qol işimizi pozdu. Belə qoldan sonra rəqibi udmaq, ümumiyyətlə, qol vurmaq çox çətindir. Ardıcıl matçlara baxmayaraq, motivasiyamız əla idi, ancaq alınmadı. Nəticələri kənara qoysaq, son vaxtlar oyun olaraq yaxşı təsir bağışladığımızı düşünürəm”. Va yaxud belə deyirsiniz: “Heyətdə yer alan futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizlik də bizim uğursuz çıxışımıza təsir edən amillərdən idi”. Yəni hər dəfə məğlubiyyətlə üzləşəndən sonrakı mətbuat konfranslarında bu sözləri deyirsiniz. İndi sizdən soruşuram: indiyədək bir jurnalist sizə deyibmi ki, ay Samir müəllim, vallah-billah, sizin bu nağıllarınıza qulaq asmaqdan yorulduq, amma siz belə açıqlamalar verməkdən yorulmadınız? Hələ indiyədək mən belə bir şeyə şahid olmamışam.

Yox, mən bu sözlərlə Samir müəllimə öyüd-nəsihət vermək fikrində deyiləm. Sadəcə, xahiş edirəm ki, həmkarlarıma qarşı bir qədər diqqətli olsun.